Rusiya mayın 29-da Astanada təsis edilmiş Avrasiya İqtisadi İttifaqına qoşulmaq üçün Azərbaycana rəsmi dəvət göndərib. Bu barədə Rusiya və Belarus KİV-i məlumat yayıb. Xəbərə görə, Belarus prezidenti Aleksandr Lukaşenko iyunun 9-da serb jurnalistlərlə görüşündə Avrasiya İqtisadi İttifaqının dünya arenasında yeni “güc mərkəzi”inə çevriləcəyini deyib.
A.Lukaşenkonun sözlərinə görə, Avrasiya İttifaqına bir çox ölkə maraq göstərir. Məsələn, Çin, Vyetnam və Hindistan artıq yeni təsis olunmuş ittifaqla təmasa girməyə hazır olduğunu bildirib.
Xəbərdə xatırladılır ki, gələcəkdə Avrasiya İttifaqına Ermənistan və Qırğızıstan da üzv olmağa hazırlaşır. Həmçinin ittifaqa daxil olmaq üçün Azərbaycana da rəsmi səviyyədə dəvət göndərilib.
Azərbaycanın Avrasiya İttifaqına daxil olması üçün Rusiyadan rəsmi dəvət aldığına dair qeydə epochtimes.ru portalı da yer verir.
Xatırladaq ki, Azərbaycan Avrasiya İttifaqına üzv olmaq niyyətində olmadığını müxtəlif səviyyələrdə bir neçə dəfə bildirib. Sonuncu dəfə bu məsələ Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin Bakıya səfəri zamanı, ötən həftə gündəmə gəldi.
Rusiyalı nazir Azərbaycanın bu ittifaqa daxil ola biləcəyini bildirdi. Dərhal da Azərbaycan rəsmiləri Bakının belə planının olmadığını açıqladılar.
Ancaq məlum olur ki, ittifaqa daxil olmaq üçün Azərbaycana rəsmi dəvət, hər halda, göndərilib. Maraqlıdır ki, belə bir məktubun olduğu barədə ictimaiyyətə informasiya verilməyib.
Azərbaycan hakimiyyətinin məktuba necə cavab verəcəyini indidən dəqiq söyləmək mümkün deyil. Çünki bu məsələ ölkə başçısının son mövqeyindən sonra bəlli olacaq.
Bəs müxalifət necə hesab edir, Avrasiya İttifaqına üzv olmağımız üçün ünvanlanan məktuba Azərbaycan necə cavab verməlidir?
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirdi ki, Rusiyanın Avrasiya İttifaqına qoşulmaq üçün Azərbaycan hakimiyyətinə müraciət etməsi onun üçün gözlənilməz deyil: "Putin SSRİ imperiyasını mümkün olan sərhədlərdə bərpa etmək iddiası ilə fəaliyyət göstərir. Təəssüflə qeyd etmək lazımdır ki, Rusiya xalqının mühüm bir qismi də məhz yenidən Rusiyanın sərhədlərinin genişlənməsi istiqamətində Putin hakimiyyətinin apardığı siyasətə dəstək verir. Azərbaycan kimi bir ölkənin yenidən Rusiyanın təsir dairəsinə qaytarılmasına olan cəhdlərini təbii qarşılamaq lazımdır. Azərbaycan Avroatlantik məkana inteqrasiya xətti götürmüş ölkədir.
Azərbaycan daim Rusiyadan ziyan görmüş, Rusiyanın apardığı siyasətdən həmişə əziyyət çəkmiş bir ölkədir. Azərbaycanın iki yerə parçalanması, böyük ərazilərimizin müxtəlif qonşu ölkələrə, o cümlədən Ermənistana verilməsi siyasətinin arxasında da Rusiya dayanıb. Müasir dövrdə də Rusiyanın apardığı siyasət Azərbaycanın milli mənafelərinə uyğun deyil. Bu baxımdan Rusiya ilə birlik münasibətlərinin Azərbaycana hər hansı bir fayda verəcəyinə inanmaq sadəlövhlük olardı.
Ona görə də biz mümkün qədər Rusiyadan distansiya saxlamağı, Rusiyaya qarşı olan güc mərkəzləri ilə real müttəfiqlik münasibətlərinin qurulmasına nail olmalıyıq. Hazırda Rusiya və Qərb arasında konfliktin pik nöqtəsidir. Təsir dairəsi uğrunda mübarizənin son mərhələsi başlayıb. Biz indiki məqamda avrointeqrasiya istiqamətində real addımlar atmaqla Azərbaycanın gələcəyini məhz Avropaya qovuşmaq istiqamətində qurmalıyıq".
ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, Avrasiya İttifaqı heç də bərabərhüquqlu qurum deyil. Bu, Rusiyanın keçmiş SSRİ respublikalarını əvvəl iqtisadi nəzarətə alması, sonra tamamilə ələ keçirməsı üçündür: “Rusiyanın Azərbaycana elədiyi təklif əslində Azərbaycanı yenidən öz müstəmləkəsinə çevirmək məqsədi güdür. Əgər belə deyilsə, Rusiya bərabərhüquqlu birlik təklifində səmimidirsə, birinci növbədə tarixi ədalətsizlik aradan qaldırılmalıdır. Azərbaycanın bir çox əraziləri 300 ildir Rusiyanın əlindədir.
Dərbənd xanlığının ərazisi olmuş yerləri-Dağıstanı qaytarsınlar, Basarkeçəri, Göyçəni bizdən alıb Ermənistana veriblər, bu torpaqları Azərbaycana qaytarsınlar. Qarabağ münaqişəsinin həllində ədalətli mövqe tutsun. Rusiya bunları etsin. Biz də bilək indi Putinin Azərbaycan dövlətinə, xalqına münasibəti Pyotrun, Leninin münasibətindən fərqlidir. Azərbaycan iqtidarı bir şeyi bilməlidir ki, Avrasiya İttifaqına daxil olmaq Azərbaycan dövlətinin süqutu deməkdir. Biz mümkün qədər bu ittifaqdan ayrı durmalıyıq”.

Ümid Partiyasının sədri İqbal Ağazadə hesab etmir ki, Azərbaycan Putindən rəsmi məktub alıb: “Putin Azərbaycanın rəsmi mövqeyini almasa, heç vaxt rəsmi məktub göndərməz ki, məktuba da yox cavabı alsın və münasibətlər kəskinləşsin. Azərbaycan tərəfi isə dəfələrlə bəyan edib ki, Avrasiya İttifaqına qoşulmayacaq, hələlik belə bir niyyətimiz yoxdur. Xüsusilə Ukrayna hadisələrindən və Özbəkistan prezidentinin bir neçə gün öncə ortaya qoyduğu mövqedən sonra bu məsələ bir qədər kəskinləşdi və Azərbaycan üçün də kifayət qədər imkanlar yarandı ki, ehtiyatlı mövqe tuta bilsin və ya qoşulmasın. Azərbaycan heç bir halda Avrasiya İttifaqına daxil olmamalıdır.
Biz Rusiya xalqına qarşı deyilik. Biz Rusiya yanaşmasına, Rusiya təfəkkürünə, Rusiyanın yaratdığı birliklərdəki məsələlərə qarşıyıq. Biz Avropanın, Amerikanın ona görə yanındayıq ki, orada insanın, düşüncənin dəyəri var, orada idarəetmədə demokratiklik var, insan haqlarına hörmət edilir. Rusiyanın olduğu yerlərdə bunların heç biri yoxdur. Ona görə də Azərbaycan çox açıq mövqe ortaya qoymalıdır”.

Politoloq Vəfa Quluzadə isə bildirib ki, Azərbaycan hakimiyyəti Rusiyanın ona verəcəyi vədlərə inanmayacaq: “Mən hesab edirəm ki, Azərbaycan nə Gömrük İttifaqına, nə də Avrasiya İttifaqına gedəcək. Biz Ermənistanla birgə hansı ittifaqda ola bilərik? Bəlkə Lavrov deyəcək ki, siz daxil olun, sonra həll edərik. Buna heç kəs inanmayacaq. Biz daxil olub səlahiyyətlərimizi Rusiyaya verəndən və onun yenidən koloniyasına çevriləndən sonra Qərb bizdən üz döndərəcək. O zaman baxın bizim Rusiya ilə münasibətlərimizdə mövqelərimiz nə qədər zəif olacaq.
Bizim indi ayaqlarımız Şərqlə Qərbdədir. Amma ayağımızın birini Qərbdən çəkəndən sonra biz necə balans yürüdəcəyik? Rusiyanın köhnə SSRİ-ni bərpa etmək cəhdləri Şeyx Nəsrullahın ölüləri diriltməyinə bənzəyir. Sovet İttifaqı dirilməyəcək. Müstəqil olmuş ölkələr də azadlıqlarını heç kimə verməyəcəklər. Hətta Qazaxıstan və Qırğızıstan belə, müxtəlif fəndlərlə Gömrük İttifaqına üzv olmaqdan yayınacaqlar. Bu ittifaq baş tutmayacaq”.
Musavat.com



































































































