İrəvanda “möcüzə” axtarılır – “Azərbaycanın öz ərazilərini bərpa etməsinə isə hüquqi sənədlər əsas verir”

İrəvanda “möcüzə” axtarılır – “Azərbaycanın öz ərazilərini bərpa etməsinə isə hüquqi sənədlər əsas verir”

Hazırda oxunan: İrəvanda “möcüzə” axtarılır – “Azərbaycanın öz ərazilərini bərpa etməsinə isə hüquqi sənədlər əsas verir”

21099

Azərbaycanın öz sərhəd xətlərini bərpa etməsi istiqamətində addımları Ermənistanda narahatlıq yaratmaqda davam edir. Baxmayaraq ki,  Ermənistan rəhbərliyinin də imza atdığı 10 noyabr bəyanatında bu məsələ nəzərdə tutulub və əslinə qalsa qarşı tərəf üçün gözlənilən olmalı idi, amma görünən odur ki, Ermənistan öz havadarlarını ətrafına toplayıb haqsız yerə hay-həşir salmaqda israrlıdır.

Ermənistanın KTMT-dəki daimi nümayəndəsi Viktor Biyagov KTMT Daimi Şurasının iclasında Azərbaycanın addımlarının regional sabitliyə ciddi təhlükə yaratdığını və sərhəddə gərginliyə səbəb ola biləcəyini deyib:

“Azərbaycan Silahlı Qüvvələrinin bölmələri ən qısa müddətdə Ermənistan ərazisindən çıxarılmalıdır. Əks təqdirdə vəziyyətin daha da gərginləşməsinə görə bütün məsuliyyət Azərbaycan tərəfinin üzərinə düşəcək”. 

Xatırladaq ki, Azərbayan Xarici İşlər Nazirliyi bir neçə gündür ki, Ermənistan tərəfinin “hay-həşirinə” cavab olan açıqlamasında bunun texniki proses olduğunu açıqlayıb. Bildirilib ki, üçtərəfli bəyanata əsasən işğaldan azad edilmiş Laçın və Kəlbəcər rayonlarının Ermənistan ilə həmsərhəd bölgələrində çətin dağ relyefi quruluşuna və iqlim şəraitinə malik olan məntəqələrdə hava şəraitinin yaxşılaşması ilə Azərbaycan sərhəd qüvvələri ölkəmizə aid mövqelərdə yerləşdirilir. Bu proses adi rejimdə və sistematik qaydada icra edilir.
 

Ermənistanın mətbuatının məlumatına görə Sünik (Zəngəzur) vilayətinin sərhədyanı Xndzoresk kəndində danışıqlar aparılıb.


6 saatdan çox davam edən danışıqlarda erməni tərəfindən Müdafiə Nazirliyinin və Milli Təhlükəsizlik Xidmətinin nümayəndələri, habelə yüksək rütbəli Rusiya hərbçiləri iştirak ediblər. Azərbaycan XİN-nin açıqlamasında da qeyd olunur ki, 12 may tarixindən etibarən AR Dövlət Sərhəd Xidmətinin rəhbərliyi əraziyə ezam olunub, qarşı tərəfin sərhədçiləri ilə danışıqlar aparılır və vəziyyətin normallaşması istiqamətində müvafiq addımlar atılır.

Politoloq Fikrət Sadıqov Bizim.Media-ya açıqlamasında Ermənistan tərəfinin təşvişinə heç bir səbəbin olmadığını deyib:  
 

“Faktiki olaraq Azərbaycan SSRİ dövründə olan sərhədlərini bərpa etmək fikrindədir və bunu edir. Həm də dinc yolla edir, silahlar istifadə olunmur.

 

Belə bir razılaşma olub ki, delimitasiya məsələləri, yəni Azərbaycanla Ermənistan arasnda sərhədlərin cızılması SSRİ-nin xəritəsi əsasında baş verəcək. İrəvanda burada hansısa möcüzə axtarmasınlar. Bunu bizim tərəfimizdən hansısa təcavüz kimi qələmə verməsinlər. Təhlükəsizlik Şurasının iclası çağırılır, Azərbaycanın ünvanına müxtəlif şüarlar, təhqirlər səsləndilir. Amma biz öz ərazilərimizi bərpa edirik və bunu sivil şəkildə edirik. Bunun üçün bizə hüquqi sənədlər əsas verir”.

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO