Qarabağ müharibəsində Fələstin Ermənistana dəstək olub? – Politoloqlardan TƏZADLI YANAŞMA

Hazırda oxunan: Qarabağ müharibəsində Fələstin Ermənistana dəstək olub? – Politoloqlardan TƏZADLI YANAŞMA

162739

Oktyabrın 7-dən etibarən Fələstin-İsrail münaqişəsinin gərginləşməsi Azərbaycan cəmiyyətində də müzakirələrə yol açıb. Xüsusilə də, Fələstinin Azərbaycan-Ermənistan münaqişəsindəki mövqeyi mübahisələrə səbəb olub. Bəziləri iddia edir ki, Fələstin Ermənistana dəstək olub, digər qisim şəxslər isə bunun yanlış fikir olduğunu deyir.  

Bizim.Media-nın əməkdaşı mövzu ilə bağlı politoloqların fikirlərini öyrənib.
 

MÖVZU İLƏ BAĞLI:

İranın timsah GÖZ YAŞLARI – Tehran İsrail-HƏMAS savaşından MİLYARDLAR QAZANIR


“Fələstin erməniləri müdafiə edib”

Politoloq Qabil Hüseynlinin sözlərinə görə, Birinci Qarabağ müharibəsində Fələstin birmənalı olaraq Ermənistanın yanında olub:

“Fələstinlilər döyüş əməliyyatlarında iştirak ediblər. Həmin müharibənin təbliğat kampaniyasının təşkil edilməsində Fələstin təşkilatları mühüm rol oynayıblar. İkinci Qarabağ müharibəsində isə Fələstin siyasi hakimiyyəti aparılan hərbi əməliyyatlarla bağlı heç nə danışmadı, susdu. Azərbaycanın zəfəri münasibəti ilə təbrik məktubu göndərilmədi. Nəticə etibarilə sanki neytral mövqe tutdu. 

İslam ölkəsi olan, oxşar aqibəti yaşayan ölkənin Azərbaycanın problemlərinə biganə yanaşması təəccüb yaratdı. İkinci Qarabağ müharibəsində Fələstinin hazırkı prezidenti Mahmud Abbas başadüşülməyən bəyanatlar yaydı. Məsələn, o dedi ki, “biz Azərbaycan və Ermənistan arasındakı savaşı pisləyirik, bu müharibə xalqlara əzab-əziyyət gətirəcək”. Bu, birbaşa “malalamaq” siyasətidir. 

Fələstinin mərhum lideri Yasir Ərəfat hər zaman deyirdi ki, “Fələstin və erməni xalqları qardaşdır, onların haqq işini müdafiə edirik”. Mahmud Abbas isə daha hiyləgər addım atdı. Açıq mövqe yox, ancaq dolayısı ilə məsələyə münasibət bildirdi”.

“Fələstin Ermənistana yardım etsə idi...”

Politoloq İlqar Vəlizadənin fikrincə isə Fələstin siyasi hakimiyyəti Ermənistana heç vaxt dəstək olmayıb: 

“Fələstində müxtəlif qruplaşmalar mövcuddur. O cümlədən, erməni batalyonları ilə birlikdə vuruşan ayrı-ayrı fərdlər var. Onlar ola bilsin ki, erməniləri dəstəkləsinlər. İstisna etmək olmaz ki, bəzi üzvləri Birinci Qarabağ müharibəsində ermənilərin tərəfində vuruşublar. İkinci Qarabağ müharibəsində də belə hallar baş verə bilər. Ancaq bu, rəsmi mövqe və kütləvi xarakter daşımayıb. Fələstinin bu məsələlərdə əli olsaydı, rəsmi mənbələrdən bunu bilmək olardı. Ayrı-ayrı insanlar danışa bilər, ancaq bu, reallığı əks etdirmir. Belə hal olsa, biz Fələstinlə münasibətlər qurmazdıq. 

Doğrudur, Fələstinin mərhum lideri Yasir Ərəfat ermənilərlə bağlı müxtəlif fikirlər deyib. Məsələn, Yasir Ərəfat “biz və ermənilər bir xalqıq,” “mən ermənilərə heç vaxt xəyanət etməyəcəm” kimi fikirlər səsləndirib.

Ancaq bu, kontekstdən çıxarılmış ifadədir. Ərəfat 2000-ci ildə İsraillə Kemp-David danışıqlarından sonra Fələstinin Yerusəlimdəki erməni kvartalının İsrailin idarəçiliyinə verilməsinə razılaşması haqda iddialara cavab olaraq bunu deyib. 

Belə ki, hazırda İsrail işğalı altında olan Şərqi Yerusəlimin Qədim Şəhər adlanan hissəsində yəhudi, xristian, erməni və müsəlman kvartalları mövcuddur və bu ərazidə 2000 nəfərlik erməni icması yaşayır. 2000-ci ildə keçirilən Kemp David Sammitində ABŞ prezidenti Bill Klinton yəhudi və erməni kvartallarının İsrailin nəzarətinə verilməsini, fələstinlilərə isə xristian və müsəlman kvartalları üzərində “müəyyən dərəcədə suverenlik” haqqının tanınmasını təklif etmişdi. 

Ərəfat “Əl-Əyyam” və “Əl-Həyat” qəzetlərinə açıqlamasında erməni kvartalının İsrailin idarəçiliyinə keçməsi ilə razılaşmayacaqlarını nəzərdə tutub. Bu fikirlərin Ermənistan və Azərbaycan arasındakı münaqişə ilə əlaqəsi yoxdur. Yasir Ərəfatın ümummilli lideri Heydər Əliyev ilə əlaqələri yaxşı olub. Bu münasibətlər sovet dönəmindən qurulub. Heydər Əliyevin Yaxın Şərqdə böyük nüfuzu var idi”.

Politoloq əlavə edib ki, Azərbaycanın İsrail-Fələstin münaqişəsindəki siyasəti çox uğurludur: 

“Ölkəmiz balanslaşdırılmış siyasət yürüdür. Azərbaycan İsrailin 1967-ci il sərhədlərini tanıyır. Qüdsün şərqini isə Fələstin torpağı kimi tanıyır. Eyni zamanda, Qüdsün Fələstin dövlətinin paytaxtı elan olunması ideyasını dəstəkləyir. Bunun üçün bəzi qətnamələr qəbul edilib”. 

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO