Sərnişin daşınması ilə bağlı ölkəmizin paytaxtında olan bir sıra problemlər artıq bölgələrdə də hiss olunmaqdadır.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu günlərdə Balakən- Zaqatala və Zaqatala- Qax istiqamətində sərnişin daşınması ilə məşğul olan fiziki şəxslər redaksiyamıza müraciət edərək bir sıra problemlərlə qarşılaşdıqlarını dilə gətiriblər.
Bir müddət əvvəl Zaqatala və Balakən şəhərləri arasında TIR-ların yaratdığı tıxaclarla bağlı material hazırlamışdıq. Bu dəfə Zaqatala-Balakən şəhərləri arasında fəaliyyət göstərən avtobus sürücülərini narahat edən, sərnişinlərini bir sözlə “əlindən alan” qanunsuz taksilərin fəaliyyətindən bəhs etmək istəyirik.
Zaqatala şəhərində Bayram meydanı yaxud Ağ saray deyilən məkanın qarşısı həm də magistral yolun üzərdir. Burada günün istənilən saatında onlarla taksi dayanır ki, onlar həm sıxlıq yaradır, həm də avtobus sürücülərinin sərnişininə ortaq olur. 35 ildir Balakənlə Zaqatala arasında sərnişin daşımaqla məşğul olan Sadəddin Məhərrəmov qayğılarını dilə gətirib:
“Zaqatala ilə Balakən arasında həmişə əlaqələr sıxdır. Bizə deyirlər gəlin burada-avtovağzalda dayanın, vaxtınız bitsin, sonra dayanacaqda kim olarsa götürün gedin, şəhərdə də dayanmağa icazə verilmir. Ancaq dayanacaqda kimsə dayanmalı, gözləməlidir. Lakin insanlar gözləmir, istənilən maşınla gedirlər. Hamıya aydın məsələdir ki, Balakən istiqamətində bəlkə 50 dənə qanunsuz taksi işləyir. Bəzən elə olur biz taksi əlindən dayanacağa daxil ola bilmirik” deyən sürücü məsələ ilə bağlı çətinliklərini belə izah edir.
Öyrənirik ki, əvvəlllər Zaqatala avtovağzalı şəhərin mərkəzində olduğundan sürücülər üçün sərnişin cəlb etmək elə də çətin olmayıb. İndi isə qanunla fəaliyyət göstərən bütün marşrut avtobuslar şəhərin kənarındakı avtovağzala cəlb edilir. Nəticədə bütün tələblərə cavab verərək işləyən sürücülər sərnişin qıtlığı yaşayır. Sürücülər bunu müxtəlif amillərlə izah edir:
“Bizim xətdə tək Zaqatala- Balakən deyil, qarşımıza Katex marşrutu çıxır, həmçinin yolumuz üstə İtitala-Zaqatala, Uzuntala- Zaqatala marşrutları var ki, onların heç biri bura gəlmir. Biz də onların bura gəlməsini tələb edirik”, deyə şikayətçi haqlarını tələb edib.
Qanunsuz taksilərin fəaliyyəti ilə bağlı AYNA-nın Şəki-Zaqatala üzrə nümayəndəsi Asif Əsədullayev Bizim.Media-ya açıqlamasında bildirib ki, bu istiqamətdə fəaliyyətlərini artırılır, mütəmadi reydlər keçirilir və protokollar yazılır. Eyni zamanda avtobus sürücülərinə də xahiş olunub ki, dayanacaqlarda qanunsuz fəaliyyətlə məşğul olan taksiləri aşkarladıqda məlumat versinlər.
Asif Əsədullayev hər gün orta hesabla 7-10 qanunsuz fəaliyyət göstərən taksilərə protokollar yazıldığını və bu məsələnin qarşıdakı aylarda nizama salınması istiqamətində ciddi iş aparılacağını vəd edib.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu