6 fevral 1905-ci il tarixdə ermənilər Bakı şəhərində dəhşətli, qanlı hadisələr törədib. Bakıda Rusiya hakim dairələrinin təhriki və erməni milyonçuları Balabek Lalayev, Artyom Babayants, Akop Muradyan, Qriqori Sarkisyants, İsay Ter-Osipov və digər maqnatların havadarlığı ilə ermənilər planlı şəkildə günün günorta çağı, erməni kilsəsinin yanında, “Parapet” meydanında qətllər törədiblər.
Nəticədə, 18 nəfər adam ermənilər tərəfindən öldürülüb, 33 nəfər yaralanıb. Bundan sonra Bakıda və quberniyanın digər yaşayış məntəqələrində davam edən şiddətli qırğınlar törədilib.
Bəs, 6 fevralda daha hansı tarixi hadisələr baş verib?
1. 1257-ci ilin 6 fevralında Sorbona universitetinin bünövrəsi qoyulub.
2. 6 fevral 1828-ci ildə erməni mənşəli çar generalı V.Mədətov baş komandanlığın göstərişi olmadan Təbriz yaxınlığında özbaşınalıq edərək talanlar törədib. Dinc əhaliyə qarşı silah işlədilir, xeyli sayda ölənlər olub.
3. 1919-cu ilin 6 fevralında erməni daşnakları Göyçə mahalının Məniman (Nəriman) kəndinə hücum edirlər. 29 kişi, 10 qadın, 12 uşaq ağır işgəncələrlə qətlə yetirilir. Onların cəsədləri eybəcər hala salınır, gözləri çıxarılır, qulaqları kəsilir. 37 evə od vurularaq yandırılır.
4. 1928-ci ilin 6 fevralında Türkiyə Konstitusiyasından dövlət dininin İslam olduğu maddəsi çıxarılaraq dünyəvilik prinsipinin əsas götürüldüyü bildirilib.
5. 1933-cü ilin 12 noyabrında elan edilən uyğurların Şərqi Türküstan İslam Respublikası Ma Cunqyinq ordusunun müdaxiləsi nəticəsində 1934-cü ilin 6 fevralında süquta uğradılıb. 10 il sonra (1944-cü ilin 12 noyabrı) təkrar qurulan Şərqi Türküstan Respublikası Rusiya və Çinin birliyi nəticəsində yenidən təcavüzə uğrayıb və 1946-1949-cu illərdə ərazidə Çinin hakimiyyəti altında koalisiya hökuməti yaradılıb. 1949-cu ilin 20 aprelində uyğurların respublikası təkrar məhv edilib. Həmin ilin dekabrında Çin Xalq Qurtuluş Ordusu bölgəyə girərək Şərqi Türküstanı yalnız muxtariyyət olaraq tanıyıb.
6. İkinci Dünya Müharibəsinin (1941-1945) ən qızğın dövründə - 1942-ci ildə 416-cı Qafqaz Atıcı Diviziyası yaradılıb. Heyəti azərbaycanlı döyüşçülərdən obarət olan bu diviziya müharibə illərində misilsiz rəşadət göstərib və 1945-ci il mayın 7-də Berlinin məhşur Brandenburq darvazasına birinci çatıb.
7. 6 fevral 1942-ci ildə ikinci dünya müharibəsi zamanı Böyük Britaniya Taylanda müharibə elan edib.
8. 1958-ci ilin 6 fevralında İngiltərənin məşhur komandası “Manchester United”in futbolçularını da daşıyan təyyarə Münhen Hava Limanına enişi zamanı qəzaya uğradı. 22 nəfərin həyatını itirdiyi qəzada 8 “Manchester United” futbolçusu var idi.
9. 1959-cu ilin 6 fevralında Floridadakı “Cape Canaveral” kosmik bazasında Titan qitələrarası balistik raketinin ilk sınağı uğurlu keçib. Titan raketi ötən əsrin 60-cı illərində Apollo kosmik gəmisinin aya enişinə hazırlığı və kosmik vasitələrin orbitə qaldırılması üçün istifadə edilirdi.
10. 6 fevral 1980-ci ildə İsveçrənin Bern şəhərindəki türk səfirliyinin binası qarşısında səfir Doğan Türkmən öz maşınında ikən erməni terrorçusu tərəfindən atəşə tutulur. Səfir aldığı güllədən yaralanır. Terrorçu Maks Kledcan aradan çıxa bilirsə də, Marseldə tutulur və tədqiqat üçün İsveçrəyə qaytarılaraq istintaqa cəlb olunur. Məsuliyyəti CSAQ terrorçu dəstəsi öz üzərinə götürür.
6 fevralda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:
1. Zadəgan, general-leytenant Cəfərqulu ağa Baxıxanov 6 fevral 1796-cı ildə doğulub.
2. Azərbaycanın Xalq artisti Firəngiz Şərifova 1924-cü ilin bu günündə dünyaya göz açıb.
3. Azərbaycanın Xalq artisti Lütfi Məmmədbəyov 6 fevral 1927-ci ildə anadan olub.
4. Azərbaycanın teatr və kino aktyoru, Azərbaycan Respublikasının Xalq artisti Rafiq Əzimov 6 fevral 1938-ci ildə anadan olub.
5. 1955-ci ilin 6 fevralı Azərbaycanın ilk maarifçi qadınlarından biri, Mirzə Cəlilin həyat yoldaşı Həmidə Cavanşirin xatirə günüdür. O, doğulduğu Ağcabədi rayonunun Kəhrizli kəndində qadınlar üçün ilk məktəb və toxuculuq emalatxanası açıb. Qafqaz Müsəlman Qadınları Xeyriyyə Cəmiyyətinin yaradıcılarından biri və sədr müavini olan, “Molla Nəsrəddin” jurnalının nəşrinə yardım edən Həmidə xanım həm də atası Əhməd bəy Cavanşirin tərcümeyi-halını, Cəlil Məmmədquluzadə və Mirzə Ələkbər Sabir haqqında xatirələrini qələmə alıb, Azərbaycan yazıçılarının əsərlərini ruscaya tərcümə edib (1873-1955).
6. 1960-cı ilin 6 fevralında İstanbulda klassik türk musiqisinin tanınmış bəstəkarı və tənbur ustası Selahattin Pinar dünyasını dəyişib.
7. Dünya kimya elmində “Üzvi kataliz təlimi”nin banisi sayılan Nikolay Zelinski 1861-ci ilin 6 fevralında anadan olub. Onun Azərbaycan respublikasında milli üzvi kimya məktəbinin təşəkkül tapmasında da əvəzsiz xidmətləri var (1861-1953).
8. Azərbaycan xanəndəsi, Xalq artisti Ağaxan Abdullayev (1950 – 25.12.2016) 6 fevral 1950-ci ildə anadan olub.
9. Azərbaycanın Milli Qəhrəmanı Mirəsgər Seyidov 1970-ci ilin bu günündə dünyaya göz açıb.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:00 / 06.02.2024
BİZİM TƏQVİM: 6 fevralda baş vermiş tarixi hadisələr
Hazırda oxunan: BİZİM TƏQVİM: 6 fevralda baş vermiş tarixi hadisələr
Hazırda oxunan: BİZİM TƏQVİM: 6 fevralda baş vermiş tarixi hadisələr
176684
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.