Siyasi qütbləşmənin neft qiymətlərinə TƏSİRİ – İlham Şabanın ŞƏRHİ

Siyasi qütbləşmənin neft qiymətlərinə TƏSİRİ – İlham Şabanın ŞƏRHİ

Hazırda oxunan: Siyasi qütbləşmənin neft qiymətlərinə TƏSİRİ – İlham Şabanın ŞƏRHİ

169297

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında

Bu ilin dördüncü rübü neft bazarlarında sürprizlərlə yadda qalmaqdadır. Neft rübün əvvəlində 93 dollara qədər bahalaşmışdısa, onun sonuncu ayında 20 dollara qədər ucuzlaşıb. Bazarda qeyri-sabitlik qalmaqdadır.

Qlobal bazarlar

Ötən həftə London əmtəə birjasında neft partiyasının ən aşağı qiyməti 74,11 dollar olmuşdusa, bu həftə “Brent” markalı qara qızıl 72,29 dollara qədər eniş etdi. Yenə də ötən həftədə olduğu kimi sonradan qiymətlər artdı. Təsəvvür edin ki, hazırda 76 dollardan baha qiymətə ticarət edilir.

Mən enerji sahəsi üzrə ixtisaslaşmış xarici mətbuatda neftin nədən belə enişli-yoxuşlu yolla irəliləməsinin səbəblərinə dair məntiqli bir izaha rast gəlmədim. Çünki son iki ildə dünyada baş verən qütbləşmə özünü hər sahədə büruzə verməyə başlayıb, o cümlədən enerji bazarlarında. Belə ki, OPEC Beynəlxalq Enerji Agentliyini ABŞ-ın təsiri altında olduğuna görə ittiham edir, onlar isə neft kartelini Səudiyyənin göstərişi ilə hərəkət etməkdə qınayırlar.

Belə hallar çoxdur. Ona görə də bir gün üzüaşağı gedən nefti, səhəri eyni sürətlə də qalxmasını müşahidə edəndə artıq heç təəccüblənmirəm. Necə deyərlər məsələlər qəlizləşəndə ondan daha çox möhtəkirlik ab-havası gəlir.

Azərbaycan qazını Serbiyaya çatdıracaq kəmər

Bu həftənin Azərbaycana bağlı ilk enerji xəbəri uzaqlardan gəldi, özü də Avropadan. Dekabrın 10-da Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan birləşdirici qaz kəmərinin açılış mərasimi keçirilib. Mərasimdə Bolqarıstan və Serbiya rəhbərləri ilə yanaşı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edib.

Qeyd edim ki, Niş-Dmitrovqrad kəmərinin tikintisi cari ilin fevralında başlanmışdı. Kəmərin illik buraxıcılıq gücü 1,8 mlrd kubmetrdir. Onun maliyyələşdirilməsinə Avropa Komissiyası Serbiya hökumətinə 50 mln avroya yaxın təmənnasız yardım etmiş, Avropa İnvestisiya Bankı isə 25 mln avro güzəştli kredit ayırmışdı.

Bu kəmərin istifadəyə verilməsi ilə Rusiya qazından tam asılı olan Serbiya özünün qaz bazarını şaxələndirmək imkanı əldə edəcək. Onu ilk olaraq Azərbaycan bu asılılıqdan qurtaracaq. Belə ki, Serbiyanın Azərbaycanla bir qədər əvvəl imzaladığı müqaviləyə əsasən, bu ölkə 2024-cü ildən başlayaraq ildə 400 milyon kubmetr qaz idxal etməlidir. Serbiya hökuməti isə 2027-ci ildən Cənub Qaz Dəhlizinin buraxıcılıq qabiliyyəti artırıldıqdan sonra Azərbaycandan qaz idxalını 3 dəfəyədək artırmaq niyyətini açıqlayıb.

Görürsünüzmü, bir birləşdirici kəmərin istifadəyə verilməsi istehsalçı, tranzit və istehlakçı ölkələrin bir-birləri ilə enerji ticarəti və təhlükəsizliyi məsələsində necə imkanlar açır.

Azərbaycanın qaz planları

Prezident İlham Əliyevin sözlərinə görə, Azərbaycan Avropaya qaz təchizatının coğrafiyasını genişləndirməyi planlaşdırır. Ölkələlər arasında olan və yaradılan infrastrukturların imkanları artdıqca, Azərbaycan qazının həcmləri də artacaq.

Belə ki, 2021-ci ildən Azərbaycan qazı Bolqarıstana ixrac edilməyə başlamış və onun həcmləri 270 milyon kubmetr təşkil edib. Keçən il artıq bu həcmlər 500 milyon kubmetri ötüb. Bu il isə bu rəqəm 1 milyard kubmetrə yaxın olacaq.

Prezident həmçinin Azərbaycanın hədəfində Avropa ölkələrinin enerji təhcizatında ildən-ilə ölkəmizin rolunun artırılmasına toxunub. Bu isə bazara əlavə qaz həcmlərinin çıxarılması deməkdir.

Dövlət başçısının sözlərinə görə, 2023-cü ildə Azərbaycan qazının Avropaya ixracı təxminən 12 milyard kubmetr təşkil etməlidir. 2021-ci ildə isə Azərbaycanın Avropa məkanına qaz ixracı 8 milyard kubmetrdən bir qədər çox idi. Yəni qısa müddətdə Azərbaycan bu həcmlərin 50%-dək artırılmasını həyata keçirə bilib. Bundan əlavə Azərbaycanın ümumi qaz ixracının tən yarısı məhz Avropa bazarının payına düşür.

Avropanın dost ölkələrinə təşəkkür

Azərbaycan prezidenti Serbiya-Bolqarıstan birləşdirici qaz kəmərinin açılış mərasimində çıxışı zamanı Şərqi Avropa Qrupuna daxil olan ölkələrin COP29-un Bakıda keçirilməsinə dəstəyi məsələsini də diqqətsiz qoymayıb.

“Bu, bir daha həm dostluğumuzun nümunəsidir, eyni zamanda, onu göstərir ki, baxmayaraq Azərbaycanın zəngin neft və qaz resursları var, biz gələcəyimizi təmiz “yaşıl” enerjinin istehsalında və ixracında görürük. Əminəm ki, gün gələcək və buna oxşar mərasim “yaşıl” enerji layihələri ilə bağlı keçiriləcək”, - deyə dövlət başçısı qeyd edib.

COP29

Bu hadisədən bir gün sonra isə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində növbəti COP29 konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərar rəsmən elan edilib.

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev elə oradaca ilk açıqlamasında bildirib ki: "Bir il vaxtımız var. Bütün dünyanın iqlimlə bağlı diqqəti Azərbaycanda olacaq. İlk dəfədir ki, regionda belə bir iqlim sammiti keçiriləcək. Bu məsələlərdə israrlı olaraq öz siyasətimizi, gördüyümüz işləri və proqramlarımızı göstərə bilərik. Bizi heç kimin unuda bilməyəcəyi böyük tədbir gözləyir".

Əvvəla onu qeyd edim ki, COP 29 tədbiri Şərqi Avropa qrupu ölkələrində keçirilməsi nəzərdə tutulmuşdu. Və rəqabət nəticəsində Azərbaycan bu tədbirə ev sahibliyi etmək uğuru əldə etdi. Burada təkcə ekoloji məsələlər deyil, həm də bir sıra digər məsələlər gündəmə gətirilir. Dekabrın 7-də Azərbaycan və Ermənistan Sovet İttifaqı dağılandan və Qarabağ münaqişəsi gündəmə gələndən sonra ilk dəfə birgə açıqlama verdilər. Bu açıqlama bir növ sülh yolunda atılan addım səslərini xatırladırdı.

Dünyada sülh və stabillik olmalıdır ki, dövlətlər öz enerjilərini məhz iqlim dəyişiklikləri proseslərinə cəlb etsinlər və bu sahədə öz töhfələrini verə bilsinlər. Müharibələrin və ölümlərin olduğu yerdə isə ekoloji tarazlıq, atmosferin təmizliyi, iqlim təhlükəsizliyi və digər bu kimi məsələlər nə insanlar, nə də ölkələr üçün prioritet məna kəsb etməz.

İqlim dəyişmələri və Xəzər

Əgər iqlim dəyişiklikləri ilə bağlı proseslərə real göstəricilərlə baxılsa, Xəzər hövzəsinin yeri xüsusi ilə nəzərə çarpır. Xəzərin dünya okeanı ilə əlaqəsi yoxdur, yəni qapalı olan unikal bir ekosistemdir və hövzə ölkələrinin hamısı neft-qaz hasil edir. Bunlardan ikisi – Rusiya və Qazaxıstan isə kömür istehsalına görə dünyanın öndə gedən ölkələri sırasındadırlar. Yəni karbohidrogen də burada boldur, onun istehsalı zamanı əmələ gələn karbon qazı da, hələ metan da.

Bu baxımdan da “COP-29”-un Azərbaycanda keçirilməsi və rəsmi Bakı tərəfindən edilən çağırışlar çox mühümdür. Bu vaxta qədər baş tutan 28 tədbirdə əldə edilməyən nailiyyətləri də qarşıdakı dövrdə ortaya çıxarmaq üçün yeni bir imkan açılır. Xüsusilə də texnoloji imkanlarla, və yeni həllərlə atmosferə atılan karbon qazının həcmini kifayət qədər azaltmaq imkanları.

Bu baxımdan, hesab edirəm ki, “COP-29”-da dekorbanizasiya yoluna tezliklə çıxmağa çalışan inkişaf etmiş ölkələr texnoloji həllərlə bağlı öz nailiyyətlərini ortaya qoyaraq, həm atmosferin qızmasının qarşısını ala bilərlər, həm də stabil inkişaf üçün “yaşıl enerji”nin əlçatanlığını digər ölkələr üçün təmin edərlər.

Azərbaycanın COP29-a hazırlığı

Dekabrın 15-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar Prezidenti İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib. Çüşavirədə dövlət başçısı bəyan edib ki, COP29 masştabına görə bu vaxta qədər Azərbaycanda keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir. Müəyyən ehtimallara görə, təqribən 70-80 min xarici qonaq bu müddət ərzində ölkəmizdə olacaq.

Tədbirdə görüləcək işlərin detalları açıqlanmasa da, İlham Əliyev bildirib ki, COP29-da hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir.

Bu fikirdən çıxış edərək düşünürəm ki, COP29 tədbiri başlayan zaman artıq Azərbaycandan Qara dənizin dibi ilə Avropaya çəkilməsi planlaşdırılan ilk “yaşıl enerji” magistralının texniki-iqtisadi əsaslandırılmış layihəsi hazır olacaq və Azərbaycan hökuməti o zamana qədər çox güman ki, həm də Xəzərin o tayında alternativ enerji mənbələrindən istehsal ediləcək elektrik enerjisinin qəbulu məsələsini daha dolğun şəkildə dünya ictimaiyyətinə təqdim etməyə hazırlaşacaq.

Noyabrda artan neft.

Azərbaycan Energetika nazirliyi 2023-cü ilin noyabrı üzrə ölkənin neft-qaz statistikasını açıqlayıb. Ötən ay gündəlik 492 min barel neft hasil edilib. Qrafikə fikir versək, görərik ki, oktyabr ayı ilə müqayisədə gündəlik neft hasilatı 3 min barel artım nümayiş etdirib. Baxmayaraq ki, ilin əvvəli ilə müqayisədə xeyli azalma var. Bu artım isə Azərbaycan Dövlət Neft Şirkətinin yataqlarında neftverimliyin artımı hesabına əldə edilib.

Amma təkcə SOCAR deyil, Abşeron yarımadasında quruda köhnə yataqları işlədən bir əməliyyat şirkətində də hasilatın artımı ilə bağlı ciddi addımlar atılıb. Belə ki, “Buzovna-Maştağa” yatağının istismarı ilə məşğul olan Tağıyev Əməliyyat Şirkəti, hansının ki, operatoru ölkənin ilk yerli özəl hasilatçı GL şirkətidir, yeni quyuların qazılması zamanı tətbiq etdiyi innovativ texnologiyaların tətbiqi hesabına qazdığı quyulardan daha çox neft çıxarmağa nail olub.

Təsəvvür edin ki, SOACR-ın rəsmi məlumatına görə, “Buzovna-Maştağa” yatağının sənaye üsulu ilə işlənməsi hələ 1941-ci ildən başlanılıb və yataqda hasilatın pik dövrü 1950-ci ildə qeydə alınıb. Yəni o dövrdən bu yana yataqda ancaq hasilatın azalması gedirdi. Və müasir texnoloji həllər hesabına indi yatağın həyatında ikinci ömür başlayır.

Ona görə də, həyat işartısı olan köhnə yataqların reabilitasiyasiya məsələsini heç zaman diqqətdən kənarda qoymaq olmaz, çünki neft təbii sərvətdir, ondan rasional faydalanmaq təkcə xammal kapitala çevriləndən sonra gündəmdə olmamalıdır, həmçinin laylardan maksimum həcmdə çıxarılmasında da özünü göstərməlidir.

Qaz statistikası

Yanvar-noyabr aylarında Azərbaycanda qaz hasilatının ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 mlrd kubmetr və ya 3,6% artdığı qeydə alınıb.

Belə ki, hesabat dövründə “Şahdəniz” yatağından 24 milyard kubmetr, “Azəri-Çıraq-Günəşli” blokundan 11,7 milyard kubmetr, SOCAR-ın yataqlarından 7,7 milyard kubmetr, “Abşeron” yatağından isə 600 milyon kubmetr qaz hasil olunub.

Göründüyü kimi, Azərbaycanda hasil edilən “mavi yanacağ”ın hazırda 54,5%-i məhz Şahdəniz yatağının hesabına düşür.

Şahdənizdən söz düşmüşkən, 15 dekabr 2006-cı il – bu yataqdan qaz hasilatının başlanğıc tarixidir. O zamandan indiyə qədər Azərbaycanın ən iri qaz yatağından bilirsiniz nə qədər qaz hasil edilib? Nə az, nə çox düz 206,7 milyard kubmetr. Yəni yatağın ehtiyatlarının ən yaxşı halda cəmi 20%-i işlənib, necə deyərlər əsas işlərimiz hələ qabaqdadır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO