Azərbaycanda hibrit avtomobillər istehsalı gözlənilirmi? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Azərbaycanda hibrit avtomobillər istehsalı gözlənilirmi? – RƏSMİ AÇIQLAMA

151469

Bu ilin yanvar-iyul ayları ərzində ölkəyə ümumilikdə 900,59 milyon dollar dəyərində 56,7 min nəqliyyat vasitəsi idxal edilib. Bu göstərici 2022-ci ilin eyni göstəricilərindən dəyər olaraq 66,3 faiz, say baxımından 37,2 faiz çoxdur.  

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin aylıq hesabatında əks olunub.   

İdxal edilən nəqliyyat vasitələrinin 20,7 faizini hibrid, 6,8 faizini isə yalnız elektrik mühərrikli nəqliyyat vasitələri (elektromobillər) təşkil edib. Ötən ilin yanvar-iyul aylarının göstəricilərinə nisbətdə avtomobil idxalının strukturunda hibrid avtomobillərin payı 7,4 faiz bəndi, elektromobillərin payı isə 5,8 faiz bəndi artıb.  

Ümumilikdə cari ilin ilk yeddi ayında ölkəyə 186,5 milyon dollar dəyərində 8,4 min hibrid avtomobil idxal olunub ki, bu da 2022-ci ilin eyni göstəricilərindən dəyər olaraq 2,6 dəfə, say baxımından isə 19,2 faiz çoxdur. Bununla yanaşı, hesabat dövründə 61,3 milyon dollarlıq 1492 elektromobil idxal olunub. Bu isə ötən ilin yanvar-iyul aylarının göstəricilərini müvafiq olaraq 11 və 8 dəfə üstələyir.  
Bu məlumat rəsmi hesabatdan çıxarışdandır. Qeyd edək ki, İqtisadiyat nazirinin keçmiş müavini Niyazi Səfərov, 2020-ci ildə Azərbaycanda hibrid avtomobillərin istehsalının gündəmdə olduğunu bildirmişdi. O, qeyd etmişdi ki, İqtisadiyyat Nazirliyi həm yerli, həm də xarici iş adamları ilə bu məsələləri müzakirə edir.  

Buradan da bəzi suallar yaranır:  

Hazırda bu sahədə hansı yeniliklər var və bununla bağlı hansısa layihə hazırlanırmı? Onun dediyi kimi, Azərbaycanda hibrit avtomobillərinin istehsalı olacaqmı? Bu avtomobillərin istehsalı üçün ölkəmizdə texniki və maddi baza formalaşıbmı? Əgər bu avtomobillərin istehsalı baş tutarsa detalları xaricdən gətiriləcək, yoxsa, onlar da burada istehsal olunacaq?  

İqtisadiyyat Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, hazırda avtomobil istehsalı ilə məşğul olan yerli istehsalçılar tərəfindən həm hibrid, həm də elektromobillərin istehsalı ilə bağlı xarici investorlarla müzakirələr aparılır. Ölkəmizdə avtomobil istehsalı kəmiyyət və keyfiyyət baxımından müəyyən səviyyəyə qalxdıqdan sonra gələcəkdə həm hibrid, həm də elektromobillərin istehsalı məsələsinə baxıla bilər.  

İN-dən o da qeyd olundu ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, 1 yanvar 2022-ci ildən elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ilə yanaşı, satışı, habelə həmin avtomobillər üçün 2-ci və 3-cü səviyyə elektrik enerji doldurucularının və istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı 3 il müddətinə ƏDV-dən azad edilib. Bu ilin iyununda “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib və “Nəqliyyat vasitələrinin utilizasiyası” ilə bağlı müddəalar Qanuna əlavə edilib.  

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO