“Özünə hörmət edən qadın gündə birinin sevgilisi olmur”.
Bunu Bizim.Media-ya açıqlamasında psixoloq Gülnar Orucova deyib.
MÖVZU İLƏ BAĞLI:
Qadınların kişilərdə dəyər verdiyi 5 XÜSUSİYYƏT – Psixoloqdan AÇIQLAMA
“Zərif və incə qadınlar gül alan kişiləri daha çox sevirlər. Çünki, gül almaq həm də ürək istəyir. Bəzən hədiyyə alanda fikirləşirik ki, eləsini seçək ki, o uzun müddət saxlanılsın. Gülsə ən yaxşı halda 3 gün qalır. 3 günə solan və atılan hədiyyəyə pul qıyan kişilər qadınların gözündə hər zaman yüksəkdə dayanır. Çünki, gül qadınları bir anlıq da olsa xoşbəxt edir, çöhrəsinə təbəssüm gətirir. Bir təbəssümə bir dəstə gül bağışlayan kişilərə sadəcə “əhsən” düşür”.
Psixoloq onu da qeyd edib ki, indi dəyərlər itib:
“Bəzi qadınlar 8 martda elə hədiyyələr gözləyir ki, onu dilə gətirməyə adam sadəcə utanır. Yəni bəzi qadınlar öz ehtiyaclarının və yaxud arzularının bu bayramda reallaşmasını istəyirlər. Məsələn, əks cinsdən avtomobil, hətta mənzil umanlar var. Doğrudur, bəzi qadınlar hərdən bu istəklərinə çatırlar. “Həci” lər bayramda öz “saxladıqlarını” təəccübləndirə bilirlər. Onlar avtomobil, mənzil və yaxud bahalı hədiyyələr verirlər. Amma bu istəkdən yox, qorxudan irəli gəlir. “Həci” lər “sevgililərinin” onları atacaqlarından ehtiyat etdikləri üçün bunu edirlər. Özünə hörmət edən qadınsa gündə birinin sevgilisi olmur”.
Gülnar Orucova bir maraqlı məqama da toxunub:
“Bəzi kişilər qadınlara 8 martda pul verir. Bunu da belə izah edir ki, “öz istədiyini alarsan”. Amma diqqətcil kişi bilməlidir ki, qadını nəyi sevir, nəyə dəyər verir. Ona görə də bayramda qadına pul vermək doğru deyil. Yaxşı olar ki, kişilər təkcə 8 martda deyil, digər vaxtlarda da sevdikləri qadına gül hədiyyə etsinlər”.
Surxay Atakişiyev, Bizim.Media