Azərbaycan musiqi tarixində repertuarının zənginliyi və uzunmüddətli yaradıcılığı ilə seçilən sənətkarlardan biri, heç şübhəsiz, Xalq artisti Flora Kərimovadır. Onilliklər ərzində səhnədə fəaliyyət göstərən sənətkar ifa etdiyi mahnıların sayı və zəngin arxivi ilə ölkə musiqisinin ən rekordçu simalarından biri hesab olunur.
Bizim.Media qeyd edir ki, 1941-ci il iyulun 23-də Bakıda anadan olan Flora Kərimova hələ uşaqlıq illərindən musiqiyə böyük maraq göstərib.
Cəmi 14 yaşında müxtəlif musiqi kollektivlərində çıxış etməyə başlayan gələcəyin sənətkarı ali təhsilini Azərbaycan Tibb İnstitutunda alsa da, həyatını səhnə ilə bağlamaq qərarı verib. Sonradan Asəf Zeynallı adına Musiqi Məktəbində və Azərbaycan Dövlət Konservatoriyasında vokal təhsili alaraq peşəkar sənət yoluna qədəm qoyub.
Flora Kərimova gənc yaşlarından dörd oktavanı əhatə edən nadir səsi və yüksək vokal imkanları ilə bəstəkarların diqqətini cəlb edib. 1950-ci illərin sonlarından etibarən Azərbaycan Radiosu və Televiziyasının "Qızıl Fondu" üçün yüzlərlə əsər lentə alınıb.
Musiqişünasların qiymətləndirməsinə görə, sənətkarın repertuarında 400-dən çox mahnı yer alır. Bu göstərici onu Azərbaycan estradasında ən zəngin repertuara malik ifaçılardan birinə çevirir.
Onun yaradıcılığında xüsusi yer tutan və illərdir sevilərək dinlənilən mahnılar arasında bunlar xüsusilə seçilir:
• "Nə gəlməz oldun"
• "Sən mənim nəğməmsən"
• "Bağışla"
• "Bir axşam"
• "Darıxmışam"
• "Tək məni səslə"
Flora Kərimova yalnız ifa etdiyi mahnıların çoxluğu ilə deyil, həm də hər bir əsərə bəxş etdiyi özünəməxsus ifa tərzi, güclü emosiyası və bənzərsiz səsi ilə Azərbaycan musiqi mədəniyyətində silinməz iz qoyub. Onun yaradıcılığı bu gün də müxtəlif nəsillərin böyük maraq və sevgisi ilə qarşılanır.
Sənətçini yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, yaradıcılıq uğurları arzulayırıq. (metbuat.az)
Bizim.Media





































































































