Dünya bazarında neftin qiymətinin düşməsi Rusiyanın son davranışlarından canına vahimə düşən bəşəriyyətin diqqətlə izlədiyi hadisələrdəndir. Divin canı şüşədə olduğu kimi Putinin də aqressiyasının Rusiyanın təbii qazı və neftində olduğunu bilən Qərb onunla üz-üzə gəlməkdən ehtiyatlansa da sanksiyalarla, eyni zamanda bu dövlətin karbohidrogen ehtiyatlarını ucuzlaşdırmaqla onu diz çökdürmək istəyir. Amma hələ ki, buna nail ola bilmir.
Moderator.az-a bu dəfəki açıqlamasında eks-spiker Rəsul Quliyev də neftin qiymətinin 100 dollardan azacıq aşağı düşməsinin ciddi sarsıntılara səbəb olmayacağı qənaətindədir, amma 70 dollardan aşağı düşsə, tamam başqa mənzərə ilə rastlaşmaq olar:
"Neftin bir barelinin qiyməti 70 dollara çatanda hər gün Azərbaycan dövlət büdcəsinə 21 milyon dollar az pul daxil olacaq. Və ya ildə büdcə 8 milyard dollar, başqa sözlə, yarısını itirəcək. Neft fondunda toplanmış pullar büdcə donoruna çevriləcək. Rusiya isə gündə 240 milyon, ildə isə 88 milyard dollar itirəcək. Və son illər yığdığı rezervlərdən istifadə etməyə məcbur olacaq. Neftin və qazın qiymətlərinin aşağı düşməsi RF-sı və Azərbaycanın bir sıra layihələrinin bağlaması ilə nəticələnə bilər. RF-sı ambisioz ölkəni militariləşdirən planından və bir çox sosial proqramlardan əl çəkməlidir. Azərbaycan 6 milyardlıq tikinti proqramını 1 milyarda endirməli, hərbə xərclərini 2 dəfə azaltmalı və sair tədbirlər görməlidir. RF-sı iqtisadiyyatının tənəzzülü 2 ildə, Azərbaycanınkı isə 3 ildə çox qabarıqlaşa bilər, problemlərin kəskinləşməsi ictimailəşər. Ancaq neftin qiymətinin kəskin aşağı düşməsi üçün indiki şərait kifayət deyil.
1. ABŞ təbii qazın Avropaya daşınmasına hələ başlamayıb və miqdarı məlum deyil. Bu ən azı 100 milyard kub metr və ya 100 milyon ton neft ekvivalentinə bərabər olmalıdır.
2. Səudiyə Ərəbistanı və qonşu dövlətlərin neftin istehsalının gündə azı 3 milyon barel artıracaqları barədə bəyanat yoxdur.
3. İranın neft və qaz istehsalı üçün baryerlər aradan qaldırılmayıb.
Bu 3 faktordan effektli istifadə neftin maksimum qiymətinin 1 barel üçün 40 dollara endirərdi və bu RF iqtisadiyyatının dağılması və nəhayət, dünyanın Putin kimi paranoik liderdən azad olması ilə nəticələnərdi..."


































































































