"Hərbi Jurnalistlər" İctimai Birliyinin rəhbəri, tanınmış hərbi ekspert və jurnalist Üzeyir Cəfərov facebook səhifəsində paytaxt və Binəqədi rayonunun rəhbərliyi ilə bağlı maraqlı fikirlər səsləndirib. Moderator.az həmin statusu oxuculara təqdim edir:
"Dəyərli dostlar, hörmətli həmkarlar!
Yazacağım qeydlər ola bilsin ki, kimlərəsə qəribə gəlsin, amma
hesab edirəm ki, Bakı sakini olaraq bunları deməliyəm və bunları deməyə tam
haqqım var. Onu da anlayıram ki, yazacağım bəzi faktlar kimlərəsə xoş gəlməyəcək
və onların imicinə güclü zərbə olacaq. Dövlət və hökumət strukturlarında
çalışan bəzi məmurlar mənə elə gəlir ki, ya bilərəkdən, ya da məsuliyyətsizlikdən
açıq şəkildə təxribatla, ya da sabotajla məşğuldurlar.
Başlamaq istəyirəm elə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH)
başçısı Hacıbala Abutalıbovdan. Artıq neçə on illərdir ki, hörmətli Hacıbala müəllim
şəhər təsərüffatına rəhbərlik edir. Yəni, bu illər ərzində kifayət qədər təcrübəli
olmalı idi şəhər merimiz. Amma baxın görün Bakı kimi unikal bir şəhər necə çətin
günlərini yaşayır. Sanki, Bakının, üzr istəyirəm ifadəmə görə, yiyəsi yoxdur. Yəni,
şəhərdə olan çoxsaylı yol, məişət-kommunal və digər problemlərə və vəziyyətə
görə bu sözü işlədirəm. Həm icra başçısının özünün qeyri-səmimi davranışları, həm
də tabeliyində olan rayon icra hakimiyyətlərinin başçıları kim nə istəyir onu
da edir. Axı, hörmətli Hacıbala müəllim və Bakının 12 rayonunun icra başçıları,
Sizi bu vəzifəyə təyin edən ölkə başçısı qəti olaraq tapşırıq verib ki, Siz
xalqa xidmət edib, onların qayğı və problemləri ilə yaxından məşğul olasınız.
Artıq neçə gündür ki, Bakını tıxac problemi öz cənginə alıb. Nə baş
verir? Axı sabah şəhərdə doğrudan da hər hansı fövqəladə hadisə baş verərsə,
onda elə şəhər sakinlərinin çoxu elə yollarda canını tapşırmalı olacaq.
Yolların daim qazıntılı olması, alternativ yolların olmaması da problemi bir az
da qəlizləşdirir. Nə vaxtadək şəhərdə hansı qurum nə istədi onu da edəcək və nəticədə
minlərlə, bəlkə də on minlərlə insan əsəb sarsıntısı,ürək xəsətəliyi, həyəcan və
digər xəstəliklər tapacaq? Bu işlərin çoxunu yay aylarında, şəhərdə əhali və
maşın-mexanizm nisbətən az olanda məgər görmək olmazmı? Əlbəttə ki, olar. Sadəcə,
buna bir qədər düşüncə və idarəçilik təfəkkürü lazımdır. Dünyada tıxac
probleminin həlli üçün xeyli strateji çıxış yolları mövcuddur. Özü də onların
çoxu uzun müddət üçün nəzərdə tutulur və problemin həllinə köməklik göstərir.
Elə bu yaxınlarda Bakıda keçirilən avtoralli yarışları zamanı "bəzi ağıllı
başlar" şəhərin yükünü azaltmaq əvəzinə daha da əlavə problemlər yaratmağa
çalışdılar. Bir neçə ay bundan əvvəl dövlət başçısının iştrakı ilə açılmış Ziya
Bünyadov prospektindəki yol artıq neçə vaxtdır ki, yenə təmirə bağlanıb. Sual
olunur: Bakı meri Hacıbala Abutalıbovla nəqliyyat naziri Ziya Məmmədov, eləcə də
"Azəryolservisin" rəhbəri Cavid Qurbanov küsülüdürlərmi ki, işlərini
koordinasiya etməyi bacarmırlar? Mən burda Baş Dövlət Yol Polisi İdarəsinin rəisi
general Ramiz Zeynalova da ciddi iradlarımı çatdırmaq istərdim. Axı, bu
yoldaşlar yaranmış çətinlikləri əvvəlcədən birgə razılaşdırmalı və onların
aradan qaldırılması üçün təsirli tədbirlər görməlidirlər. Çünki yollardakı vəziyyət
tez-tez kardinal şəkildə dəyişir və tapılan çözüm yolları da effektivliyini
itirir. Ona görə də vəzifəli şəxslərin birbaşa məsuliyyətidir ki, onlar çıxış
yolları kimi problemin həlli üçün səfərbər olmalıdırlar. Amma, görünən odur ki,
adları çəkilən şəxslər sanki başqa ölkədə yaşayır və vəzifə tuturlarmış kimi
görünürlər.
Sizə dəfələrlə xəbərdarlıq edilib ki, özbaşınalıq və
qanunsuzluqlara yol verməyəsiniz. Konkret misallara keçəcəyəm. Bakı Şəhər İcra
Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbovun yalanı və vəzifə səlahiyyətlərini
aşması elə sonuncu - Xətai rayonu ərazisində, vətəndaşların millət vəkili İqbal
Ağazadəyə müraciətindən sonra aşkarlandı. Siz Bakı merinin imzaladığı sənədə
baxın. “Nyu Sfera İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin 15 avqust 2014-cü il
tarixli, 02/16 saylı müraciətini, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin
20 iyun 2014-cü il tarixli, 0414978 saylı çıxarışını və vətəndaş Quliyev Araz
İman oğlunun notarial qaydada təsdiq olunmuş razılıq ərizəsini nəzərə alaraq Xətai
rayonu, 2935 B saylı məhəllə, İ. İsmayılov küçəsi 3V saylı ünvanda özünə məxsus
0,4 ha torpaq sahəsində yüksək mərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsi
üçün həmin cəmiyyətə icazə verilsin". Vallah, Baş Prokuror cənab Zakir
Qaralov təkcə bu sənədə görə çox asanlıqla başda Bakı şəhəri İcra Hakimiyyətinin
başçısı Hacıbala Abutalıbov olmaqla bir neçə şəxsi cinayət məsuliyyətinə cəlb
edə bilər. Siz merin çaşqınlığına və saxtakarlığına diqqət edin. Əgər bu yer sənəddə
göstərilən vətəndaş Quliyev Araz İman oğluna məxsusdursa, və onun mülkiyyətindədirsə,
onda əraziyə qoyulan bu lövhədəkilər nə deməkdir? Necə yəni, "qanunsuz zəbt
olunmuş ərazi!!!???. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 20 iyun
2014-cü il tarixli, 0414978 saylı çıxarışı onda nə mənədir? Saxtakarlıq və
cinayət dolu sənəd. Buyurun, hörmətli Zakir müəllim Qaralov.
//musavat.com/”¦/hacibala-abutalibovun-gizli-serencami-”¦.
İndi isə keçirəm yaşadığım Binəqədi rayonu ərazisinə. Ədalət naminə onu qeyd edim ki, rayonun icra başçısı Xaləddin İsgəndərov bu vəzifəyə təyinat alanda, çoxları köhnədən qalan xeyli sayda problemlərin həll edilməsinin şahidi oldular. Az qala gecə-gündüz, istər rəsmi televiziya kanalı olan AzTV, istərsə də digər özəl kanallar Binəqədidə görülən işləri təbliğ etdilər və hamı bu rayona həsəd aparmağa başladı. İndi isə, Binəqədinin halına ağlayan gərək. Özümün yaşadığım 7-ci mikrorayondakı problemlərlə əlaqədar dəfələrlə müraciət etməyimə baxmayaraq, vəziyyət hələ də pisləşməyə doğru gedir. Mənzilərə axan yağış suları, yolların bərbad durumu, onlarca digər problemlər insanların səbrini tükəndirib.
Eyni vəziyyət Sabunçu rayonu ərazisində də müşahidə olunur. Təzə təyinatı
zamanı icra başçısı Adil Vəliyev də bir müddət görüntü xatirinə bəzi işləri
gördü. Amma, bu gün, bu rayonla bağlı heç də xoşagəlməyən xəbərlər gəlməkdədir.
Sonda onu qeyd edim ki, son illər istər Bakının özündə, istərsə də əyalətlərdə
tikilən yeni körpülər, keçidlər, Nəqliyyatın İntellektual İdarəetmə sistemi və
digər müasir tələblərə cavab verən çoxsaylı işlərin görülməsinə baxmayaraq, vəziyyət
o qədər də yaxşılığa doğru dəyişmir. Burada əsl günahkar isə, başda Bakı şəhər
İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov başda olmaqla 12 rayon icra
hakimləri və aparatları, o cümlədən bir neçə önəmli nazirlik və komitələrin rəhbərləridir.
Belə davam edərsə, düşünürəm ki, yaxın zamanlarda, kimlərsə vəzifəsini itirməklə
yanaşı, ölkə rəhbərliyinin sərt qəzəbinə tuş gələcək və isti, rahat kabinetlərini,
istintaq təcridxanalarına və kabinetlərinə dəyişməli olacaqlar".


































































































