Azadlıq Partiyasının sədri Əhməd Oruc Moderator.az-a bir yazı göndərərək onu olduğu kimi sayta yerləşdirməyimizi xahiş edib. Bəri başdan yazıda ittiham olunan şəxslərə də cavab haqqı tanıdığımızı bildiririk:
"Açığı, bu məsələlərə, özü də indiki vaxtda heç baş qoşmaq istəmirdim, amma mən boş verdikcə yalan, böhtan həddini aşır...
Müsavatın istefa verən Gənclər Komitəsinin sədri Əhliman Abbaslı məni hakimiyyətin oyuncağı adlandırıb... Və “ Yeni Musavat” və “Azadlıq” qəzetləri bizim cavab haqqımızı tanımadan, bizdən münasibət sormadan bunu tirajlayıb...
Nə mən, nə ailə üzvlərim heç bir büdcə təşkilatında işləmirik, öz halal əməyimizlə dolanırıq. Hakimiyyət təmsilçisi hesab edilə biləcək hansısa insanla illərdir heç uzaqdan da olsa qarşılaşmamışam. İndiyə qədər partiya fəaliyyətinə xərclədiyim az-çox maliyyə, partiya rəhbərliyinin, dostlarımın, ailə üzvlərimin və şəxsən özümün qazandığım pullar olub. Patiyaya qərargah üçün dəfələrlə hakimiyyətə müraciət etdim, məhkəməyə verdim, bizə heç birotaqlı bir yer də təklif etmədilər. Son prezident seçkilərində nə zülmlə imza topladıq, namizədliyimi qeydə almadılar. Nə hakimiyyətdən, nə də hansısa ölkədən, fonddan nə qrant, nə yardım, ya nəsə almamışam, alanlara ( o cümlədən ... adlar çox olduğuna görə hələlik yazmıram) yazığım gəlib, həmişə fikirləşmişəm ki, bu bədbəxtlərin günahı nə qədər böyükdür ki, Allah bunlara bir cür olmaq, başqa cür görünmək kimi bir cəza kəsib, bu bədbəxtlər bütün ömrü boyu meymunluq eləməlidir. Azərbaycanda istənilən partiya sədri ilə müqayisədə daha şəffaf, daha halal, heç kimlə müqayisə olunmayacaq bir ömür yaşayıram.
Hakimiyyətin doğru bilmədiyim fəaliyyətini daim əsaslı, arqumentli şəkildə tənqid edirəm, minlərlə, bəlkə də on minlərlə məqaləm, müsahibəm ortadadır. Bütün gücümü, intellektimi bu hakimiyyətin bundan yaxşı bir hakimiyyətlə əvəz olunmasına sərf edirəm. Amma bu tənqidi heç vaxt şəxsi müstəviyə gətirmirəm, hər bir yazımda əxlaqi və mənəvi dəyərləri qorumağa çalışıram.
Və bütün bunlardan sonra mən hakimiyyətin oyuncağı.... Əhliman bəy məni yəqin ki, şəxsən tanımır. Və mənim hakimiyyətlə bağlılığım barədə heç bir, hətta yalançı informasiyaya belə malik ola bilməz. ( İllər öncə bir siyasətçi kuluarlarda mənim hakimiyyətə işlədiyimdən şübhələndiyini bildirmişdi. Mən ona hamının yanında bir sual verdim, Atan sağdı? Dedi bəli. Dedim əğstəfurullah, atandan şübhələn, məndən şübhələnmə, çünki onun sənin kimi nadürüst övladı var, mənim övladlarım da dürüstdür.)
Bəs onda bu gənc liderdə mənimlə bağlı bu yalan rəy nə cür formalaşıb? Bu sualın bir cavabı var- partiya daxili müzakirələrdə liderlərin, yaşlı siyasilərin illərlə söylədiyi yalan, böhtan, iftira nəticəsində bu cür, heç bir əsas olmadan yalan, böhtan danışan birisi nə cür də olur ki, bu qos-qoca partiyanın gənclər təşkilatının sədri olur? Bu məsələdə bundan dərinə getmirəm...
Amma, Qubad İbadoğluna burdan bildirirəm, özünüzün daxilinizdə nə azarınız, nə dərdinız var, özünüz bilərsiz, hardansa aldığınız 3-5 manata yanınızda saxladıqlarınızın ipini çəkin.
Müsavatdan kiminsə mənə nəsə deməsi doğru deyil, bu bir yana. Bir müddət əvvəl məni oxşar ittihamlarla hətta hakimiyyətin aftafa(xa) daşıyanının daşıyanının daşıyanı Rafiq Manaflı adlı birisi də ittiham etmişdi, dözdüm, dedim bəlkə böyüyünün xəbəri yoxdu? Bu ittihamlar bir də təkrarlandı. Sən demə, bu cür adamlar Milli Şurada təmsil olunur. Bəlkə də bu millətin bəlalarından biri də budur ki, nə qədər qanıqarışıq, nə qədər antimilli zir-zibil var milli epiteti ilə üstümüzə gəlir."




































































































