Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən 3 mülki vətəndaşımızın acınacaqlı taleyi ölkəni ayağa qaldırıb və bir neçə gündü ki, medianın baş mövzusuna çevrilib. Moderator.az hərbi ekspert Üzeyir Cəfərovun bu barədə təəssüf dolu fikirlərini təqdim edir:
"Erməni silahlı vəhşilərinin əlində girov saxlanılan Dilqəm Əhmədov və Şahbaz Quliyev, həmçinin öldüyü və sağ qaldığı hələ də tam bilinməyən Həsən Həsənov adlı soydaşlarımızdan bəhs edəcəm. O soydaşlarımızdan ki, çoxlarının 20 ildən artıq bir müddətdə cürət edib gedə bilmədiyi ata-baba yurdlarına, unudulmaz Kəlbəcər rayonundakı doğma kəndlərinin ərazisinə növbəti dəfə baş çəkərkən, bu dəfə yağı düşmənin əlinə keçiblər. Səhv etmirəmsə, 4 gündür ki, bu ürək ağrıdan hadisədən kimin xəbəri varsa hamı qorxmaz oğullarımızın şücaətindən danışır. Onların tezliklə düşmən caynağından xilas edilməsi yollarını müzakirə edirlər. Elə bu sətirləri oxuyarkən də, bir qrup Kəlbəcərli ziyalılarımız Beynəxalq Mətbuat Mərkəzində bu məsələni müzakirəyə çıxaracağından xəbər tutdum.
Ermənilər Tət-Tər rayon sakini Şahbaz Qüliyevlə bağlı dezinformasiyanı yayanda, soydaşımızı "kəşfiyyatçı-diversant"adlandı
Artıq olan olub. Vətəndaşlarımız düşmən silahlılarının əlində girovdurlar. Azərbaycan dövləti indi onlara sahib çıxmalıdır. Hesab edirəm ki, biz bir qədər gecikirik, amma gec də olsa biz günü bu gündən başlayaraq çevik şəkildə bu məsələnin həlli üçün hərəkətə keçməliyik. Ermənistan muzdlularının beynəlxalq müstəvidə tanınan Azərbaycan ərazilərində vətəndaşlarımıza qarşı sərgilədiyi zorakılıq və qəddarlıq əldə olan sübut və faktlarla bütün beynəlxalq qurumlara çatdırılmalıdır və buna münasibət bildirilməsi tələb olunmalıdır. Ermənistan rəhbərliyindən girov vətəndaşlarımıza qarşı hörmətlə davranılması və onlara qarşı zorakılıqdan çəkinmək tələbi irəli sürülməlidir. Rəsmi İrəvanın diqqətinə çatdırılmalıdır ki, əgər girovluqda saxlanılan vətəndaşlarımıza qarşı baş verə biləcək hər hansı özbaşınalıqlar dayandırılmazsa, Azərbaycan tərəfi də adekvat addımlar atmağa məcbur olacaqdır. İndiyə kimi, Azərbaycana bu və ya digər səbəblərdən əsir və girov düşən erməni hərbçi və mülki vətəndaşlarına qarşı humanistlik göstərilmiş, onların şərəf və ləyaqəti alçaldılmamışdır.
Sonda isə bir vacib məqama toxunmaya bilmərəm. Bu boyda ciddi bir hadisənin fonunda biz Azərbaycan vətəndaşlarını ödədikləri vergilər hesabına büdcədən maliyələşən Azərbaycan və İctimai Televiziyanın rəhbərləri Arif Alışanov və Cəmil Quliyev şiddətli şəkildə qınanmalıdırlar. Axı bu qədər də səbatsılıq və mövqesizlik göstərmək olmaz. Uzaq Afrikanın hansısa qəbiləsində baş verən hadisələri bizə şərh edən, bəzən yersiz və səviyyəsiz verlişləri ilə əsəblərimizlə oynayan kanalların başbilənləri nədən bu qədər biganə və anlaşılmayan bir mövqe sərgiliyirlər? Öz torpağında düşmən əlinə girov düşən vətəndaşlarımızla bağlı nədən ictimai fikirdə düşmənə bir qəzəb, bir nifrət hissləri oyadacaq verlişlər efirə verilmir? Azərbaycan Televiziyasının isə "Əsas Məsələ" adlı 16 iyul tarixli verlişi isə bütün əsəbləri tarıma çəkən verliş oldu şəxsən mənim üçün. Braziliyada başa çatan və dini dillə desək, artıq "7-si də çıxan" bir futbol çempionatı görəsən girovluqda qalan vətəndaşlarımızın taleyindən beləmu vacibdir, hörmətli Arif Alışanov və verlişin aparıcısı İbrahim Məmmədli cənabları? Dəfələrlə demişəm ki, Azərbaycan cəmiyyəti İTV ilə bağlı hansısa təsirli addımları atmalıdır. Bu kanal öz funksiyalarını və vəzifələrini hələ də tam dərk edə bilmir. İctimai həyatda o qədər aktual və həllini gözləyən vacib məsələlər var ki, bu kanal hələ də keçmiş SSRİ vaxtı kimi sanki mərkəzdən hansısa göstərişlər gözləyir. 21-ci əsrdir, cənablar. İnformasiya texnologiyaları əsri. Düşmən durmadan bizim haqqımızda həm Ermənistanda, həm də ölkə hüdudlarından kənarda Azərbaycanlıları vəhşi, başkəsən obrazında təqdim edir, biz isə, sanki fil qulağında yatırıq.
Allah tezliklə girovlarımızı öz ailələrinə, doğmalarına qovuşdursun. Bu ümidlərlə də qeydlərimi yekunlaşdırmaq istərdim."



































































































