“Rəşid Behbudov adına Mahnı teatrında dünənki konsertim çox möhtəşəm, gözəl keçdi. Ürəyimdə olan böyük arzuma yetdim. Hələ çox nəğmələrim var ki, onları oxumaq istəyirəm. Konsertin bütün məsuliyyətini müğənni-aparıcı Rəvan Zeynalov öz üzərinə götürmüşdü. Həm konsertin aparıcılığını etdi, həm də görünüşümdən başlayaraq, geyimlərimə qədər üzərimdə böyük bir komanda ilə, məsuliyyətlə çalışdılar. Demək olar ki, bu mənim ikinci baharım idi. Konsertdə çox ziyalı, tanınmış şəxslər, sənətçilər iştirak edirdilər. İspaniyadan, Özbəkistandan gələn qonaqların şərəfinə mən ispan və özbək mahnıları da səsləndirdim”.
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Firuzə İbadova deyib. Müğənni hələ də konsertinin abu-havasından çıxmadığını bildirib.

“Qəlbimdə qalan mahnılarımın yarısını ifa etdim. İnşallah bu konertin davamı da olacaq. Çünki səsim də yerindədir, görünüşüm də var. Mən bu torpağın çörəyini, duzunu dadmışam, insanları, xalqımızı çox sevirəm. Onlar mənim dan ulduzlarımdır. Məni yaşadan da bu sevgidir. Məni çox təsirləndirən, kövrəldən o oldu ki, gənclik illərimə qayıtdım. O illərdə mənim bütün konsertlərim böyük anşlaqla keçib. Bu konsertimdə də həmçinin böyük izdiham yaşandı. Nə qədər insan çöldə qaldı, içəri keçə bilmədilər. Şikayət mesajları da yazıblar ki, niyə görə Firuzə xanım balaca salonda konsert etdi?! Onlara söz verirəm ki, yeni bir konsertim də bir neçə aya baş tutacaq. Bilirsiniz ki, 2023-cü il ulu öndər Heydər Əliyev ili elan olunub. Biz ulu öndərin siyasətini bəyənərək, onun tərbiyəsi ilə böyüyən insanlarıq. O istəkləri də gənclərimizə ötürməyə çalışırıq. Mən də bu konsertdə istədim ki, həm də gənclərimizi təbrik edim. Allah mənə ömür versə, bundan sonra da nəğmələrimi sevənlərim üçün oxuyacam” deyə əməkdar artist bildirib.










































































































