Moderator.az şair-publisist Heydər Oğuzun qəzəllərini təqdim edir:
Yanılır, kim düşünür, xatirəsi daşda yaşar.
Büstü min büst arasında dayanar başda, yaşar.
Yaxşı şah heykəli neylər, daşı neylər, əzizim?
Yaxşının heykəli yoxdursa da yaddaşda yaşar.
Doğma yurdunda ürəklərdə yerin yoxsa əgər,
Elə bir abidənin xeyri nə - yad daşda yaşar?
Selə, ya daşqına qurban gedəcək, çarəsi yox,
O kəsin heykəli ki, gözdən axan yaşda yaşar.
Daş deyil, xatirə qoy, Heydər, özündən geriyə
Yaşayan xatirədir qonşuda, qardaşda yaşar.
***
Qara bağrımda sənin dağladığın köz yeri var,
Bitişib gərçi qabıq bağlasa da iz yeri var.
Səni andıqca ürək, göynəyir ağzımda dilm,
Dodağım üstə deyə bilmədiyim söz yeri var.
Nə qədər olsa da şiddətli gileyli deyiləm,
Belə dərdin ürəyimdə gecə-gündüz yeri var.
Sanki un xəlbiriyəm, dəlmə deşikdir ürəyim.
Sinəm üstündə mənim hər yaranın yüz yeri var.
Basaraq bağrıma duz ağlayaram mən gecələr,
O səbəbdən yaş axan izdə həmin duz yeri var.
Yadigarındı sənin yaxşı-yaman xatirələr,
Əyrinin əyri yeri varsa, düzün düz yeri var.
Bu bəla, ey gözəlim, Heydəri öldürsə, nə qəm,
Bir qədərdirsə əgər taleyə mi naz yeri var?
***
Elə bihuş eləmiş bir dodağı püstə məni,
Kim görər, ah çəkirəm, zənn eləyər xəstə məni.
Əcəl insaflıdır ondan tez alar canı, fəqət
Gecə-gündüz deməz o, öldürər ahəstə məni
Sormayın siz mənə neyçin belə yalnız gəzirəm
Atdı dost, atdı qohum bir gözəlin üstə məni.
O qədər açdım ağız sonda qabar bağladı dil
Çox çalışdım "gəl atamdan"- demədi- "istə məni."
Ey Oğuz, hüsnünü gördükdə onun lal olalı,
Bənzədir kim ki görür heykələ, ya büstə məni.
***
Qımışır kirpiyin ay qız, gözə meydan oxuyur.
Gətirib aşiqi qul tək dizə, meydan oxuyur.
Sənə Ay üzlü deyən bəlkə olub nuruna kor,
Üzünün nuru sənin gündüzə meydan oxuyur.
Atdığın addımın altındakı torpaq bayılır,
Elə xoş səs çıxarır ki, sözə meydan oxuyur.
Gülüşün qönçə yanaqdan asılır, sanki gözün
Bir bahar fəsli açan nərgizə meydan oxuyur.
Gücü fatehləri fəth eyləyən iksirdən alıb
Çəkilən yaydı qaşın Çingizə meydan oxuyur.
Kərəmin halını gör, Qeysə nəzər sal ki, Oğuz
Bu bəla sanma ki, yalnız bizə meydan oxuyur.
***
Yox sənin tək görərək ulduzu əsmər gecənin,
Qara çarşafla fələk üstünü örtər gecənin.
Dayanır Gün belə qarşında sənin axşama dək,
Ən böyük nurusan istər səhər, istər gecənin.
Qibtədən köksünə gör bir nə qədər od ələnib,
Sankı ulduzlar olub bağrına neştər gecənin.
O səbəbdən sən olan yerdə yarımcan olub Ay,
Şöhrətin fərsiz oğul tək yerə sürtər gəcənin.
Qara zülfün sevinib yellənir əsdikçə külək
Elə bir inci var ovcunda ki, yox hər gecənin.
Bu qədər nazlı gözəl vardısa dünyada əgər,
Necə vəsf etmədəsən hüsnünü, Heydər, gecənin?
































































































