Demək olar ki, gündəmdəki bütün məsələlərə fərqli baxış bucağından yanaşan şair-publisist Heydər Oğuzun Həcc ziyarəti və Qurban Bayramı haqqında yazdığı şeirlər də var.
Şairin müxtəlif zamanlarda yazdığı həmin şeirlərdən bəzilərini Moderator.az oxucularına təqdim edirik:
Yüz şeytan əyləşib başın üstündə
Şeytan sanıb daşa daş atan qardaş!
Daşdan iblis olmaz, cin, şeytan olmaz.
Daşın nə günahı, daşa atma daş!
Bununla İblisə bir ziyan olmaz.
Şeytanmı gəzirsən daşın üstündə?
Yüz şeytan əyləşib başın üstündə.
Gözlərdən tökülən yaşın üstündə
Qurulan “cənnət”lər firavan olmaz.
Qəlbində Firona nifrət edərək,
Dünənki Yezidə lənət edərək,
Bu günkü Yezidə biət edərək,
Yaşayan insandan müsəlman olmaz.
Rüşvətlə girdinsə haram yoluna,
Xərcləmə varını İmam yoluna.
Pakdır, haram qatma İslam yoluna,
Rüşvətxor bəndədən pak insan olmaz.
Gözü yaşlı qoyub neçə nakamı
Nahaqqa satdınsa haqq ü səlamı,
Sənə demək olmaz Allah adamı,
Allah adamında bu vicdan olmaz.
Rüşvətlə kəsdiyin,
sanma, qurbandır,
Boş yerə qıydığın bir yazıq candır.
Ətə bənzəsə də, irindi, qandır,
Haram buyrulubdur qan, qurban olmaz.
Heydər deyər; ələ daş
alan qardaş!
Daşın nə günahı, daşa atma daş!
Haqqın buyruğusa İblislə savaş,
Daşla savaşan can mömin can olmaz.
Müsəlman qurban öldürür
Baxsan müsəlman elinə,
Hər canlı bir can öldürür.
Ətraf dönür qan gölünə-
Müsəlman qurban öldürür.
Olmayan yurdu yuvası,
Güdməyən iman davası,
Başda rəqabət havası,
Baxmır yox imkan, öldürür.
Heyvan kəsir heyvandan mal,
Bilmir nədir haram, halal.
Baxan olur heyrətdən lal,
Bəzən mal heyvan öldürür.
Kim ki edib xalqı əsir,
Bir cəlladdan nəyi kəsir?
İldə bir yol heyvan kəsir,
İlboyu insan öldürür.
İblis xalqı edərək ram,
Cəhlimizdən almaqda kam.
Baş kəsirik edib bayram
Başımız zaman öldürür.
Nadan
deyir:- "kafir Oğuz!"
Qanan deyir:- "çox oldu duz."
Yanğımısa söndürmür buz,
Məni həyəcan öldürür.







































































































