Mərhum Xalq şairi, 60-a qədər poemanın, bir sıra maraqlı romanların müəllifi Söhrab Tahir həm də öz taleyi ilə Azərbaycan ədəbiyyatı üçün bir əsər idi. O, Güney Azərbaycandan gələrək, məlum səbəblərdən ora dönə bilməmiş, ömrünün sonunadık Arazın bu tayında qalmışdı.xa0
Lakin burada da soydaşımız ədəbi uğurlar qazanaraq, nisgil, həsrət poeziyasının əsasını qoymuşdu. Söhrab Tahir “əllincilər”, “altımışıncılar” nəslinin qaymaqlarının hamısı ilə yaxın dost olmaqla bərabər, onlarla eyni ədəbi cəbhədə sözə xidmət edib. Ən yaxın dostu isə dahi Məmməd Araz olub.
Xalq şairi ömrünün son günlərinədək yaradıcılıqdan əl çəkməyib. O, nəhəng “Ata” poemasını ömrünün son günlərində, bir hissəsini isə xəstəxanada ola-ola yazıb.
Adıçəkilən əsər mərhum şairin sağlığında çap olunan sonuncu ədəbi yadigarı oldu.xa0 Lakin Söhrab Tahir ömrünün 60-dan çox ilini ədəbiyyata həsr etməklə yanaşı, saysız-hesabsız ədəbi görüşlərin, hadisə və xatirələrin qəhrəmanı olub. Yeni nəsli çıxsaq, ədəbiyyatımızda Söhrab Tahirlə bağlı xatirəsi, deyiləcək sözü olmayan tək-tük adam tapıla bilər.
Bəs həmin xatirələr nə zaman çap olunacaq?
Xalq şairinin qızı Nəsibə Tahiri Moderator.az-ın bu sualına pozitiv cavab verib:
“Atamla bağlı yaxın gələcəkdə bir kitab çap etdirmək istəyirəm. O, kitabda müxtəlif dövrlərdə, müxtəlif şəxsiyyətlərin atam haqqında söhbətləri, maraqlı xatirə və fikirləri yer alacaq. Həmçinin, kitabda heç kəsin görmədiyi, bir-birindən maraqlı fotoların da yer almasını istəyirəm. Həmin fotolar atamın ədəbi, yaradıcılıq yolunu, ailə həyatını əks etdirəcək”.

Söhrab Tahirlə bağlı maraqlı xatirələr:
Şairin Güney Azərbaycanda yaşayan və uzun illər ondan ayrı qalan anası Nəsibə xanım iki tərəf arasında yollar açılandan sonra Bakıya oğlunu görməyə gəlir. Özü ilə birlikdə 500 ABŞ dolları da gətirir. Məlum olduğu kimi 1970-ci illərin əvvəllərində SSRİ soyuq müharibə apardığı ABŞ-ın milli valyutasını-xa0 dolları qəbul etmirdi. Dolların dəyəri az olmaqla yanaşı, həm də onun çoxluğu hansısa sovet vətəndaşına başağrısı ola bilərdi. Anası Bakıda olduğu 8 ay müddətində pulu oğluna verə bilmir. Daha doğrusu, Söhrab Tahir pulu götürmür. Amma Nəsibə xanım yenidən Arazın o tayına ”“evlərinə gedən zaman pulu gizlincə evdəki şifonerin üstünə qoyur. Yaşlı qadın məsələnin nə yerə olduğundan xəbərsiz olub. Elə bilib ki, oğlu ona qıymır, ona görə pulu götürmür.
Bir neç gündən sonra şairin ailəsi həmin pulu görür. Şair həmin xoş xatirəni sonradan bu cür xatırlayacaqdı:
“Dostum Feyziyə məsələni danışanda çox narahat oldu:
- Tez aparın, sovet pulu ilə dəyişin, yoxsa o pullar sonra narahatlıq yarada bilər.xa0
Səfərlərimin birində 500 dolları özümlə götürdüm. Dedim, Moskvada xərclərəm. Sən demə, o pulların deklorasiyası olmadan onuxa0 heç bir sovet vətəndaşı xərcləyə bilməz.
Moskvada dostum Söhrab Zamanini tapdım, qəziyyəni ona danışdım. Bu işin məsuliyyətli olduğunu o da dedi. Sonra əlavə etdi:
- Gəl, bir cəsarətli iş görək. Sabah sən yaxşı, xarici kostyum gey, açıq, qara eynək vur və saat 4-də “Beryoza” mağazasının qabağına gəl. Mən səni görən kimi tələsik maşının qapısının açacağam, səni həmin mağazaya dəvət edəcəyəm. Qarşımıza çıxan qapıları mən açıb kənara çəkiləcəyəm. Sən xarici qonaq kimi içəri girəcəksən. İçəridəkilər elə biləcəklər ki, sən xarici qonaqsan, mən də sənin xidmətçin.xa0 Sən farsca danışacaqsan, mən də sənə farsca cavab verəcəyəm. Amma heç birimiz gülməməliyik.
Bu minvalla biz mağazada həmin 500 dolları xərclədik. Briliyant üzükdən tutmuş, bahalı billur qablar da aldıq. Söhrab Zamaninin də arvadına bir bahalı xəz papaq aldım”.xa0
xa0***
Mərkəzi Momitədə böyük iclas keçirilirdi. Rəyasət heyətində Süleyman Rüstəm və Mirzə İbrahimov oturmuşdu. Söhbət Biriyadan gedirdi. (Məhəmməd Biriya Güney Azərbaycanın nakam taleli şairlərindən idi. Uzun müddət həbsdə də qalası olub. Bakıya gələndən sonra dərvişvari geyimi ilə hamını təəccübləndirdi ”“ Biriya onun haqqında danışanların hamısını - Süleyman Rüstəmi və başqalarını istehza ilə süzürdü. Dodaqlarında acı təbəssüm meydana gəlmişdi.
Mirzə İbrahimov tribunaya çıxanda üzünü Biriyaya tutub dedi:
-Allah sənə böyük istedad verib. Sən onun qədrini bilmədin. Allah sənin belini qırsın.
Mən o vaxta qədər Mirzə İbrahimovdan bu cür qeyzli danışıq görməmişdim. O, danışdıqca mən hərdən dönüb Biriyaya baxırdım. Onun üzündən istehzalı təbəssüm çəkilmirdi.
Mən onda Bakı partiya təşkilatının sədri işləyirdim. Müəyyən səlahiyyətlərim var idi. Ona ev ala, telefon çəkdirə bilərdim. Amma o, bunu qəbul etmədi. Biriya nəsihətlərə, tövsiyyələrə müqavimət edib, heç kimi və heç nəyi saymırdı.
Bir dəfə institut tələbəsi olan Qərib Aşkarini yanıma çaırıb dedim:
-Sənə bir iş tapşıracağam. Bir şərtlə ki, heç kim bilməsin. Biriya həbsxanadan buraxıb gəlin. Ona bir dəst kostyum almışam. Onu tap, bu kostyumu ver. Soruşsa de ki, Söhrab Tahir göndərib.
Biriya Qəribə belə cavab vermişdi:
- Bu kostyumdan mənə Süleyman Rüstəmlə, Mirzə İbrahimov da göndərib. Ancaq qaytarmışam. Bunu götürürəm. Amma geyinməyəcəyəm, kiməsə bağışlayacağam. Çünki o kişiyə mənim hörmətim var. Ona bu cür də deyərsən.

































































































