ABŞ Prezidenti Donald Trampın kiçik oğlu, 20 yaşlı Berron Tramp internetin "manosfera" (kişi dominantlığı və patriarxal ideyalar ətrafında qurulmuş gizli onlayn şəbəkə) adlanan qaranlıq dünyasının ən qalmaqallı və qəddar simalarından üslub və tanışlıq (görüş) dərsləri alıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Daily Beast" nəşri yazıb.
ABŞ-ın "Birinci ailəsi"nin mətbuata ən qapalı olan bu üzvü daha əvvəl "The New York Times" qəzetinin araşdırmasında da gündəmə gəlmişdi. Həmin vaxt onun bir neçə ölkədə insan alverində ittiham olunan blogerlər – Endrü və Tristan Teyt qardaşlarına rəğbət bəslədiyi bildirilirdi. Lakin "The New Yorker" jurnalının dərc etdiyi yeni araşdırma kiçik Trampın "özünü kişi kimi göstərmək" üçün atdığı addımların əsl miqyasını ortaya çıxarıb.
Jurnalistlərin əldə etdiyi məlumatlara görə, Berron "manosfera"nın ən nüfuzlu simalarından biri olan Castin Uollerlə sıx əlaqə qurub. Uoller "Netflix"in "Lui Teru: Manosferanın daxilində" sənədli filmində özünü "Teyt qardaşlarının üçüncüsü" adlandırıb.
40 yaşlı Uoller daha əvvəl sosial şəbəkələrdə qürrələnərək bildirmişdi ki, 2024-cü il prezident seçkiləri ərəfəsində Berronla birlikdə "Mar-a-Lago" malikanəsində "dörd və ya beş dəfə" nahar edib. Həmin dövrdə Trampın kiçik oğluna internetdəki gənc kişi auditoriyasının səsini qazanmaq üçün atasına kömək etmək tapşırılmışdı.
Lakin "The New Yorker" iddia edir ki, onların ünsiyyəti təkcə siyasətlə məhdudlaşmayıb. Uoller Berronun şəxsi etibarlısına çevrilərək ona seksual cəlbediciliyini necə artırmaq və üslubunu necə təkmilləşdirmək barədə məsləhətlər verib. Bloger daha da irəli gedərək, Nyu-York Universitetinin (NYU) birinci kurs tələbəsi olan Berronu Donald Trampın ikinci inauqurasiya mərasimi üçün kostyum tikən dərzi ilə şəxsən tanış edib.
Bu zaman Uollerin özünün də gizli məqsədləri olub. Rumıniyada Teyt qardaşlarına qarşı genişmiqyaslı seks-trafikinq (seksual quldarlıq) araşdırması getdiyi bir vaxtda, Endrü Teyt məhz Uoller vasitəsilə Berron Trampa çıxış əldə edə bilib. Mənbələr iddia edir ki, inauqurasiya kostyumunun ölçüləri götürülən zaman Uoller Berron üçün qadınlara nifrəti ilə tanınan qalmaqallı bloger Endrü Teytlə telefon danışığı təşkil edib.
Şayiələrə görə, bu söhbət zamanı onlar Rumıniya prokurorluğunun Endrü və Tristan Teyti susdurmaq üçün böyük bir "sui-qəsd" çərçivəsində qəsdən hədəf aldığına əmin olduqlarını müzakirə ediblər. Maraqlıdır ki, bu danışıqdan qısa müddət sonra – xüsusilə də bir müddət əvvəl "Mar-a-Lago"ya səfər etmiş Rumıniya rəsmilərindən birinin gəlişinin ardınca – Rumıniya tərəfi gözlənilmədən Teyt qardaşlarının xarici pasportlarını özlərinə qaytarıb.
Castin Uoller özü də gizlətmir ki, ailəsini Luizianadan Cənubi Floridaya məhz blogerlik karyerasını inkişaf etdirmək və ən əsası – Tramp ailəsinin "yaxın ətrafına" sızmaq üçün köçürüb. İnfluenser açıq şəkildə "birtərəfli monoqamiya" adlandırdığı bir həyat tərzini müdafiə edir: onun həyat yoldaşı Kristen ona sadiq qalmağa borcludur, Uoller isə digər qadınlarla münasibət qurmaqda tamamilə azaddır. Cütlüyün iki kiçik qızı böyüyür və "Netflix" sənədli filmində Uollerin xanımının üçüncü uşağa hamilə olduğu görünür.
Bu fonda Berron Tramp son dərəcə sirli bir persona olaraq qalır. Nyu-York Universitetinin tələbəsi sosial şəbəkələrdən uzaq bir həyat sürür, birinci kursda səs-küylü məclislərdən qaçıb və rəsmi məlumatlara görə, hazırda sevgilisi yoxdur (təkdir).
Bizim.Media




































































































