ABŞ ordusunun istefada olan polkovnik-leytenantı, hərbi ekspert Daniel Devis Ukrayna ətrafındakı münaqişənin diplomatik yolla həlli imkanlarının itirilməsində ABŞ və Avropanı kəskin ittiham edib.
Bizim.Media xəbər verir ki, ekspert bu barədə "X" (keçmiş "Twitter") sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya lideri Vladimir Putinə ünvanladığı məktubu şərh edən Devis bildirib ki, Qərb və Kiyev real sülhdə maraqlı deyil:
"Siz ümumiyyətlə bu məktubu oxumusunuzmu? Orada qarşılıqlı faydalı danışıqlara başlamaq üçün zərrə qədər də olsun səmimi istək yox idi. Tamamilə aydın idi ki, bu, sadəcə olaraq Rusiyanın mövqeyini qəsdən çətinləşdirmək məqsədi daşıyan həyasız bir təhqirdir. Beləliklə, Putinin bu məktubdan ehtimal olunan “imtinası” Avropa və ABŞ üçün Ukraynaya hərbi tədarükləri davam etdirmək və heç vaxt qazana bilməyəcəyimiz bir müharibəni uzatmaq üçün növbəti bəhanə olacaq".
Sabiq hərbçi Qərbin əvvəlki illərdə də sülh təşəbbüslərinə ironiya ilə yanaşdığını xatırladıb:
"Yaxşı, bəs 2021-ci ilin dekabrında NATO baş katibi Stoltenberq Putinin müharibənin qarşısını almaq təklifini lağa qoyanda sülh çağırışlarınız harada idi? Yaxud 2022-ci ilin aprelində İstanbulda Bayden və Boris Conson Zelenskiyə həmin sülh sazişi layihəsini zibil qutusuna atmağı tapşıranda, yaxud da Putinin 2024-cü ilin iyunundakı şərtlərinə niyə eyni reaksiya verilmədi?
Anlayıram, şərtlər xoşunuza gəlməyə bilərdi, onlar Kiyevin nöqteyi-nəzərindən heç vaxt arzuolunan olmayıb. Lakin müharibədən hər dəfə diplomatik çıxış imkanı yarananda biz onu rədd etdik və hər imtinadan sonra növbəti şərtlər daha da ağırlaşdı.
Çox güman ki, elə bir gün gələcək ki, biz hətta 2024-cü ilin iyunundakı o ağır şərtlər üçün də qəribsəyəcəyik (həmin şərtləri belə mumla axtaracağıq). Bizim təkəbbürümüz həm özümüzü, həm də Ukrayna xalqını məhz bu nöqtəyə gətirib çıxarır".
Bizim.Media



























































































