Bu günlərdə qəlbimi ağıdan, vücudumu sarsıdan bir olayla rastlaşdım. Redaksiyamıza şəhid anası Rüxsarə Məmmədova tərəfindən bir məktub daxil oldu. Məktubda göstərilirdi ki, Yasamal rayonunun 43 saylı MİS rəhbərliyi kirayədə yaşayan şəhid anasına arayış vermək üçün ondan 30 manat rüşvət istəyib. Hətta xanım özünü təqdim etdikdən sonra belə qərar dəyişməyib. "Arayışı sizə havayı verəcəyiksə, bəs biz nə ilə dolanaq?" - bu sözləri isə şəhid anasına 43 saylı MİS-in mühasibi, yəni bilavasitə vəzifəsi vətəndaşlara heç bir haqq almadan arayış yazıb verməli olan Ayşə Cəfərova deyib. Düzdür, sonradan məsələ media gündəminə daxil olduqdan sonra MİS-dən dedilər ki, tələb edilən məbləğ- şəhid anasından istənilən pül onun kirədə qaldığı mənzilin kommunal xərcləri olub. Lakin həmin kommunal xərcin ödənilməsinin isə əslində kirayənişina heç bir aidiyyatı yoxdur. Amma, lap şəhid anası özü borclu olsa belə, heç bir Azərbaycan məmurunun nə mənəvi, nə də hüquqi cəhətdən haqqı çatmır ki, sıravi vətəndaş cəhənnəm, ən azı şəhid anası ilə bu tonda danışa, ironiya ilə cavab verə...
Məsələ mediada işıqlandırıldıqdan sonra həllini tapıb, həmin arayışı MİS nümayəndələri Rüxsarə xanıma evində təqdim ediblər. Bu səbəbdən də məsələyə yenidən qayıtmağa bəlkə də ehtiyac duymazdım, amma sözügedən MİS-in rəisi Yusif Əhmədovun media nümayəndələri ilə söhbətindən belə çıxdı ki, o, özünün və işçilərinin səhvini başa düşdüyünə görə deyil, məhz vəzifəsini itirəcəyindən qorxaraq məsələni bu şəkildə həll edib. Amma hər bir Azərbaycan vətəndaşı və məmuru - MİS rəisindən tutmuş nazirə, deputat və prezidentə qədər hər bir dövlət məmuru şəhid valideyinləri qarşısında əmrə müntəzir dayanmalıdır. Şəhid ailələri üzvlərinin ölkədə heç bir problemi olmamalıdır, onların qarşısında bu ölkənin hüdudları daxilindən "qırmızı işıq" olmamalıdır. Hər bir Azərbaycan vətəndaşı və ya məmuru şəhid ailəsi üzvləri, xüsusən də şəhid anası ilə danışanda özünü şəhid olan igid əsgərimizin yerində, qarşısında dayanan insanı isə öz anasının yerində görməlidir. Təsəvvür etməlisən ki, o, şəhid mənəm və mənim anam hansısa məmurun qarşısında dayanıb cavab gözləyir, oğul itirmiş öz anan üçün hansı cavabı rəva bilirsənsə, məhz həmin ANAya da o cavabı verməlisən. Hər bir vətəndaş, bir məmur kimi özündən başlamalıdır, amma mütləq dövlətdən də bir stimul olmal, bir mexanizmi, model işlənilməlidir. Məsələn, şəhid anasına yuxarıda qeyd etdiyimiz mövqeyi sərgiləyən məmur nə üçün vəzifəsini, kürsüsünü (hərçənd ki, MİS rəisi (əvvəllər"JEK" müdiri deyərdilər) ölkədə ən kiçik məmur kürsüsü sayılır) itirməməlidir? O itirsə, başqaları da ondan dərs alar. Ölkə vətəndaşlarına "Şəhid anası qarşısında duruş" etikası aşılanmalıdır. Azərbaycanda şəhid ANAlarına münasibətin mənəvi və hüquqi modeli bu əsaslar üzərində qurulmalıdır. Belə olsa, birinci, "şəhid ailəsi filan yerdə dilənir", "şəhid ailəsi başsızlıqdan pis yola düşüb" və s. kimi qəlbimizi sarsıdan, ruhumuzu əzən xəbərləri eşitmərik. Hökumət və cəmiyyətin qayğısı onları vətənə igid oğlunu qurban verdiyinin müqavilində hamıdan daha firəvan həyat bəxş edər və bu onların haqqı kimi tanınmalıdır. İkincisi isə hələ Azərbaycan müharibəni bitirməyib, azı iyirmi faziz torpaqlarımız işğal altındadı və o torpaqlar uğrunda böyük bir savaş bizi gözləyir. Dünən şəhid olan igidin anasına, atasına, bütün ailə üzvlərinə qarşı elə münasibət göstərilməlidir ki, sabah işğal altında inildəyən torpaqlarımız uğrunda canından keçməyə hazır olan oğullarımız yetişsin. Bəli, vətənpərvərlik auditoryalarda uzun-uzadı nitq söyləməklə yaranmır, biz vətənpərvər, xalqını və torpaqlarını sevən gənc nəsil yetişdirmək istəyiriksə, məhz əməli işə keçməliyik. İşimizlə, əməlimizlə sübut etməliyik ki, sən vətəndaşsan, bu Vətən sənin ANA VƏTƏNİNdir!
Akif Nəsirli, iqtisadçı ekspert




































































































