Yevlaxda həyətə soxulan canavarlar xeyli sayda xırda buynuzlu heyvanı tələf edib.
Bizim.Media-nın məlumatına görə, hadisə rayonun Qoyunbinəsi kəndində baş verib.
Kənd sakini Üzeyir Tağıyevin həyətinə hücum edən canavarlar tövlədə olan 50 baş qoyundan 14-nü parçalayaraq tələf edib.
Ü.Tağıyevin sözlərinə görə, təşvişə düşən digər heyvanlar qaçıb dağılıb. Səhər saatlarından heyvanların axtarışı aparılır.
Bildirilir ki, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları baytar mütəxəssislərlə birgə əraziyə gələrək analiz nümunələri götürüb.
Kənd sakinlərinin sözlərinə görə, kənd və ətrafında nə vaxtdır canavar sürüsü dolaşır. Təkcə son günlər ərzində canavarların kənddəki heyvanlara hücumunun nəticəsində 8 baş heyvan tələf olub.
Sakinlər özlərinə və heyvanlarına görə yırtıcılardan çəkinir.
Ehtiram Muradov, Bizim.Media, Mərkəzi Aran bürosu