İnsanlar gələcəkdə qocalmanı tam dayandıra bilsələr belə, əbədi yaşamaq mümkün olmayacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın Skolkovo Elm və Texnologiya İnstitutunun alimlərinin apardıqları yeni araşdırmada qeyd olunub.
Araşdırmanın nəticələri "npj Aging" jurnalında dərc olunub.
Tədqiqatlar göstərib ki, DNT-də zamanla toplanan təsadüfi mutasiyalar insan ömrü üçün fundamental hədd yaradır.
Araşdırmanın nəticələrinə görə, qocalma ilə bağlı bütün xəstəliklərin qarşısı alınsa belə, insanların əksəriyyəti maksimum 150–190 il yaşaya bilər. Tədqiqatın müəllifləri bildirirlər ki, bu, dəqiq proqnoz deyil, somatik DNT mutasiyalarının ömrün uzunluğuna təsirini qiymətləndirmək üçün hazırlanmış riyazi modelin nəticəsidir.
Alimlər qeyd edirlər ki, hər hüceyrə bölünməsi zamanı DNT-də kiçik səhvlər yaranır. Orqanizm onların böyük hissəsini aradan qaldırsa da, zaman keçdikcə mutasiyalar toplanır. Xərçəng və digər yaşla bağlı xəstəliklər tamamilə aradan qaldırılsa belə, bu mutasiyalar hüceyrələrin fəaliyyətini tədricən zəiflətməyə davam edəcək.
Araşdırma zamanı müəyyən edilib ki, dəri və qaraciyər kimi daim yenilənən toxumalar mutasiyalara daha davamlıdır. Lakin ürək və beyin hüceyrələri demək olar ki, yenilənmədiyi üçün məhz onlar insan ömrünün maksimal həddini müəyyən edən əsas amillərdən sayılır.
Tədqiqat müəllifləri vurğulayırlar ki, qocalma yalnız DNT mutasiyaları ilə izah oluna bilməz.
Onların fikrincə, yaşlanma çoxsaylı bioloji mexanizmlərin birgə təsiri nəticəsində baş verir və bu mexanizmlərin öyrənilməsi sağlam ömrün uzadılması istiqamətində yeni imkanlar aça bilər.
Bizim.Media


































































































