Bakı Dövlət Universiteti və Yerusəlim İbrani Universiteti (HUJI) birgə biotexnologiya ixtisasının bitki biotexnologiyası ixtisaslaşması üzrə ikili diplom proqramına qəbul elan edir.
Bizim.Media xəbər verir ki, bu barədə BDU-dan məlumat verilib.
HUJI – dünya reytinqində TOP 300-də qərarlaşan, əsası Albert Eynşteyn və məşhur biokimyaçı, İsrailin ilk prezidenti Haym Veyzman tərəfindən qoyulmuş qabaqcıl təhsil və elm ocağıdır. Beynəlxalq səviyyədə tanınan iki universitetin magistr diplomuna sahib olmaq, dünyanın aparıcı alimləri ilə işləmək və elmi fəaliyyətini qlobal akademik mühitdə inkişaf etdirmək istəyənlər üçün bu proqram geniş imkanlar təqdim edir.
Proqram çərçivəsində tələbələr iki nüfuzlu universitetin magistr diplomunu əldə edir, beynəlxalq səviyyədə tanınan təhsil alır, müasir laboratoriyalarda elmi-tədqiqat imkanlarından faydalanır, dünyanın aparıcı alim və tədqiqatçıları ilə əməkdaşlıq edir, akademik və peşəkar karyera üçün geniş beynəlxalq perspektivlər qazanır, həmçinin təhsil və yaşayış xərcləri tam maliyyələşdirilir.
İkili diplom proqramına biologiya, biologiya müəllimliyi, kimya, kimya müəllimliyi, kimya mühəndisliyi, fizika, fizika müəllimliyi və ekologiya ixtisasları üzrə bakalavr dərəcəsinə malik olan, həmçinin cari ildə Azərbaycanın ali təhsil müəssisələrindən birinin magistratura səviyyəsinə qəbul olunmuş şəxslər müraciət edə bilərlər.
Namizədlər üçün əsas tələblər ümumi orta müvəffəqiyyət göstəricisinin (ÜOMG) 80 və ya daha yüksək olması, həmçinin IELTS üzrə minimum 6.0 və ya TOEFL iBT üzrə minimum 89 bal toplamaqdır. Yaxın zamanda bu dil sertifikatlarından birini əldə etməyi planlaşdıran namizədlər də müraciət edə bilərlər.
Beynəlxalq ikili diplom proqramı Prezidentin “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2025-ci il 22 iyul tarixli Sərəncamı çərçivəsində dövlət hesabına maliyyələşdirilir.
Bizim.Media






































































































