Elm və Təhsil Nazirliyinin Təhsildə Keyfiyyət Təminatı Agentliyi Bakı Qızlar Universitetini (BQU) akkreditasiyadan keçirməyib. Adıçəkilən ali məktəb üzrə institusional akkreditasiya qiymətləndirilməsinin yekun nəticəsi “uyğun deyil” olaraq qiymətləndirilib və Nazirlər Kabinetinin 28 sentyabr 2010-cu il tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”na uyğun müvafiq tədbirlərin görülməsi barədə qərar qəbul olunub.
Proqram akkreditasiyası üzrə “İbtidai sinif müəllimliyi” ixtisasında 6 proqram 5 il, 3 proqram 3 il müddətinə akkreditasiya olunub, 4 proqram üzrə isə çatışmazlıqların aradan qaldırılması məqsədilə 2 ildən sonra təkrar akkreditasiya aparılması qərara alınıb. BQU-nun həmin proqramı akkreditasiya olunmuş hesab edilməyib.
“Məktəbəqədər təhsil” ixtisası üzrə isə 10 proqram 5 il müddətinə akkreditasiya olunub, 3 proqram üzrə 2 ildən sonra təkrar akkreditasiya keçirilməsi qərara alınıb. Bakı Qızlar Universitetinin bu proqramı da “uyğun deyil” nəticəsi ilə akkreditasiya olunmuş hesab edilməyib.
Bəs bu ali məktəb nə zaman təsis olunub? Rəhbəri kimdir?
Bakı Qızlar Universiteti 1992-ci ildə Bakı Ali Pedaqoji Qızlar Seminariyası kimi yaradılıb. 2005-ci il iyulun 8-dən Bakı Qızlar Universiteti adlandırılıb.
Ali məktəbin rəsmi saytının “haqqımızda” bölməsində yerləşdirilən məlumatda deyilir:
“XX əsrin 80-cı illərində ölkənin təhsil sistemi güclü böhranla qarşılaşdı. Bakı Ali Pedaqoji Qızlar Seminariyası belə bir dövrdə yarandı. Bu, elə bir dövr idi ki, mövcud təhsil sistemi zamanın tələblərinə cavab vermirdi. Yeni, alternativ, daha mütərəqqi və uğurlu sistemə ciddi ehtiyac var idi. Qızlar Seminariyası da belə bir sistemin qaranquşlarından biri oldu.

Seminariyanın rəhbərliyi ali pedaqoji təhsilin təkmilləşdirilməsi istiqamətlərini müəyyənləşdirdi, yeni model yaratdı. Bu model sovet təhsil sisteminin “Təbiət-cəmiyyət” modelindən kəskin fərqlənirdi. Köhnə təhsil modelinə “şəxsiyyət” və “tanrı” komponentləri əlavə edilərək, seminariyada təhsilin məzmunu “təbiət-cəmiyyət-şəxsiyyət-tanrı” modeli əsasında quruldu.
Seminariyanın əsasnaməsi 1992-ci ildə təsdiq edildi. Beləliklə, seminariyanın təşkili üçün hüquqi əsas yarandı. Professor Ağarəhim Nüsrət oğlu Rəhimovun sədrliyi ilə tələbə qəbulu komissiyası yaradıldı.
İyulun 27-də Azərbaycan Televiziyasında Bakı Ali Pedaqoji Qızlar Seminariyasına “Pedaqogika və psixologiya”, “Pedaqogika və ibtidai təhsilin pedaqogikası” ixtisasları üzrə tələbə qəbuluna dair elan verildi. Nazim Abbasova tədris işlərinə rəhbərlik etmək həvalə edildi”.
A.Rəhimov hazırda Bakı Qızlar Universitetinin təsisçisidir. Pedaqoji elmlər doktoru, professor, nasir və dramaturq A.Rəhimov 26 oktyabr 1948-ci ildə Ucar rayonunun Boyat kəndində anadan olub. 1965-ci ildə Boyat kənd orta məktəbini, 1972-ciildə Gəncə Dövlət Pedaqoji İnstitutunu bitirib. 1972-ci ildə doğma kəndində müəllim, 1972-1974-cü illərdə tədris işləri üzrə direktor müavini vəzifəsində çalışıb.
1976-cı ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda elmi işçi, 1985-ci ildə şöbə müdiri olub. 1985-ci ildə namizədlik, 1993-cü ildə doktorluq dissertasiyaları müdafiə edib.
1992-ciildə Bakı Ali Pedaqoji Qızlar Seminariyasını (Qızlar Universitetini) təsis edib, ilk rektor olub. Ailəlidir, 3 qızı, 1 oğlu vardır.
O, istedadli nasir və dramaturqdur. Yazıçı hekayə, povest, roman, esse, pyes və kinossenarilərdən ibarət 37 bədii kìtabın müəlifidir. 20 cilddə seçilmiş əsərlərini çap etdirib.
Bakı Qızlar Universitetinin rektoru isə A.Rəhimovun qızı Sevinc Rəhimovadır. O, pedaqogika üzrə fəlsəfə doktoru, professordur. 1997-ci ildən BQU-da müəllim, dekan müavini, dekan, tərbiyə işləri üzrə prorektor, tədris işləri üzrə prorektor vəzifələrində işləyib.
Ali məktəbdə iki fakültə mövcuddur: Filologiya-tarix və Sosial-pedoqoji.
Birincidə Azərbaycan dili və ədəbiyyatı, tarix, xarici dil (ingilis dili) və coğrafiya müəllimliyi üzrə mütəxəssislər hazırlanır. İkinci fakültənin fəaliyyət istiqaməti barədə geniş məlumat yoxdur. (mənbə: ölkə.az)
Bizim.Media



































































































