Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial sifarişi əsasında “Sosial-İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyi tərəfindən Qusar rayonunda əlilliyi olan və çətin həyat şəraitində yaşayan uşaqların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə iki mühüm layihənin icrasına başlanılıb. Sosial əhəmiyyətli layihələr 2026-cı il iyunun 1-dən dekabrın 31-dək davam edəcək.
Bizim.Media-nın Şimal bürosunun məlumatına görə, “Əlilliyi olan uşaqlar üçün sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili” layihəsi çərçivəsində yaradılan Sosial Reabilitasiya Mərkəzinə 50 nəfər əlilliyi olan uşağın cəlb olunması planlaşdırılıb.
Hazırda mərkəzdə əlilliyi rəsmi təsdiq edilmiş 24 benefisiara gündəlik xidmət göstərilir, yeni müraciətlərin qəbulu prosesi davam etdirilir.
Mərkəzdə uşaqlara fərdi inkişaf proqramları əsasında kompleks xidmətlər təqdim olunur. Belə ki, benefisiarlara müntəzəm psixoloji dəstək göstərilir, onların maraq və qabiliyyətlərinə uyğun müxtəlif dərnəklər təşkil edilir.
Bununla yanaşı, uşaqların özünəxidmət bacarıqlarının artırılması, təxəyyülünün inkişaf etdirilməsi, bilik və bacarıqlarının zənginləşdirilməsi istiqamətində sistemli iş aparılır. Mərkəzin qarşısında duran əsas hədəf əlilliyi olan uşaqların sosial inklüziyasını təmin etmək, onların asudə vaxtlarının səmərəli təşkili və cəmiyyətə inteqrasiyasına dəstək olmaqdır.
İyulun 15-də Qusar Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Ceyhun Hacıyev Sosial Reabilitasiya Mərkəzində olub, mərkəzdə yaradılmış şəraitlə, tədris və reabilitasiya otaqlarının təchizatı ilə yaxından tanış olub.
Ceyhun Hacıyev mərkəzin fəaliyyətini yüksək qiymətləndirərək bildirib ki, belə sosialyönümlü layihələr cəmiyyət üçün olduqca əhəmiyyətlidir və dövlətimiz, o cümlədən rayon rəhbərliyi tərəfindən daim dəstəklənir.
Bu dəstəyin davamı olaraq Qusar Rayon İcra Hakimiyyəti tərəfindən mərkəzə 1 ədəd müasir əlil arabası hədiyyə edilib.
Görüş zamanı Ceyhun Hacıyev əlilliyi olan uşaqlar və onların valideynləri ilə səmimi söhbət edib, onların təklif və müraciətlərini dinləyib. Valideynlər yaradılan şəraitə və göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə ediblər.





Aytəkin Alxaslı, Şimal Bürosu, Bizim.Media




































































































