Qusarda 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib - FOTO

Qusarda 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib - FOTO

Hazırda oxunan: Qusarda 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib - FOTO

618763

15 İyun – Milli Qurtuluş Günü müstəqil Azərbaycan dövlətçiliyinin xilaskarlıq tarixidir. 1993-cü ilin 15 iyun tarixində Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinə Sədr seçilməsi ölkəmizin siyasi həyatında keyfiyyətcə yeni mərhələnin başlanğıcı oldu. Dərin dövlətçilik təcrübəsi və uzaqgörən siyasəti ilə Ulu Öndər xalqımızı vətəndaş müharibəsi təhlükəsindən, iqtisadi-sosial xaosdan xilas edərək müstəqilliyimizi qoruyub möhkəmləndirdi. Bu səbəbdən də 15 iyun günü Azərbaycan tarixinə şanlı qürur səhifəsi kimi yazılmışdır.

Bizim.Media xəbər verir ki, bu əlamətdar gün münasibətilə iyunun 11-də Qusar rayonunda Qusar Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının birgə təşkilatçılığı ilə "Milli Qurtuluşdan tarixi Zəfərə: Əbədiyaşar ideyaların təntənəsi" adlı ümumrayon tədbiri keçirilib.

Tədbirdə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, Milli Məclisin deputatı, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, RİH Başçısı Aparatının məsul şəxsləri, YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, ictimaiyyət nümayəndələri, veteranlar və gənclər iştirak etmişdir.

Tədbir iştirakçıları və ictimaiyyət nümayəndələri əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin xatirəsinə dərin ehtiramlarını bildiriblər. Daha sonra tədbir Qusar Rayon Heydər Əliyev Mərkəzində davam etdirilib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib, mövzu ilə bağlı videoçarx nümayiş etdirilib. 
 

Tədbiri giriş sözü ilə açan YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov 15 İyun – Milli Qurtuluş Gününün dövlətçilik tariximizdə müstəsna yer tutduğunu qeyd edib. Bildirilib ki, XX əsrin 90-cı illərinin əvvəllərində ölkəmizi bürüyən siyasi xaos, hakimiyyət böhranı Azərbaycanı parçalanma və dövlətçiliyi itirmə təhlükəsi ilə üz-üzə qoymuşdu. Məhz xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev qısa zaman kəsiyində ölkədə ictimai-siyasi sabitliyi bərpa etdi, idarəetmə sistemini yenidən qurdu və Azərbaycanı müstəqil dövlətçilik yoluna çıxardı.


Milli Məclisin deputatı, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxışında 15 İyun gününü müasir Azərbaycan dövlətinin əsasının qoyulduğu tarixi dönüş nöqtəsi kimi dəyərləndirib. Deputat vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra ordu quruculuğu, xarici siyasət, iqtisadi islahatlar istiqamətində, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə atılan qətiyyətli addımlar Azərbaycanın gələcək inkişafının və beynəlxalq nüfuzunun möhkəmləndirilməsinin təməlini təşkil edib. Deputat Yeni Azərbaycan Partiyasının yaradılmasının və Heydər Əliyevin partiyaya rəhbərlik etməsinin ölkədə siyasi sabitliyin və həmrəyliyin qarantına çevrildiyini bildirib.

Tədbirdə çıxış edən Milli Qəhrəman Çingiz Qurbanovun atası Salman Qurbanov, Vətən müharibəsi qazisi İlkin Abuyev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qusar rayon filialının sədri Canəli Hörmətov 44 günlük Vətən müharibəsinin şanlı Zəfər salnaməsindən, bu Qələbəni şərtləndirən güclü ordu quruculuğu siyasətindən və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müdrik dövlət idarəçiliyindən bəhs ediblər.
 

Natiqlər həm də o illərin canlı şahidi olaraq xatirələrini bölüşüb, Heydər Əliyevin müəyyənləşdirdiyi “güclü dövlət, güclü ordu” konsepsiyasının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıblar. Qeyd edilib ki, məhz bu uzaqgörən siyasətin nəticəsində işğala son qoyularaq tarixi ədalət bərpa olundu. Şəhidlərimizin qanı yerdə qalmadı, torpaqlarımızın azadlığı təmin edildi.


15 İyun-Milli Qurtuluş Gününün müasir dövlətçilik tariximizdə əhəmiyyəti haqqında məlumat verən Qusar Peşə Liseyinin direktoru Xatirə Nağıbəyova qeyd edib ki, rəhbərlik etdiyi peşə liseyində təhsil alan tələbələrə milli-mənəvi dəyərlərimizin, Azərbaycan dövlətçiliyi tarixinin və Ümummilli Lider Heydər Əliyevin zəngin ideoloji irsinin öyrədilməsinə xüsusi diqqət yetirilir.

Tədbirdə çıxış edən Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov tədbir iştirakçılarını salamlayaraq 15 İyun – Milli Qurtuluş Günü münasibətilə təbriklərini çatdırıb. Rayon rəhbəri bildirib ki, bu əlamətdar gün Azərbaycan xalqının tarixində dönüş nöqtəsi olub. Ölkə 1993-cü ildə vətəndaş müharibəsi və parçalanma təhlükəsi ilə üz-üzə qaldığı bir vaxtda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev dövlətçiliyimizi məhv olmaqdan xilas etdi, sabitliyi və milli birliyi təmin etdi.
 

Rayon rəhbəri qeyd edib ki, Heydər Əliyevin əsasını qoyduğu güclü dövlət, güclü ordu strategiyası bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Məhz bu uzaqgörən siyasətin nəticəsində 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanıldı, ərazi bütövlüyümüz bərpa olundu. Sahir Məmmədxanov xüsusi vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri, infrastruktur layihələri, həmin ərazilərin dünyaya tanıdılması istiqamətində atılan addımlar dövlət başçısının milli maraqlara əsaslanan siyasətinin bariz təzahürüdür.


Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirakı ilə seçilən bir qrup şəxs mükafatlandırılıb, partiya sıralarına yeni qəbul edilmiş gənclərə üzvlük vəsiqələri təqdim olunub.









































Aytəkin Alxaslı,Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO