“Azərbaycanda, əsasən də Şuşada XX əsrin əvvəllərinə qədər papaq baş geyimi olmaqla yanaşı, həm də cəsarət, ləyaqət və şərəf rəmzi hesab olunurdu. Hətta bir kişinin papağının oğurlanması onun sahibinə qarşı düşmən hücumu kimi qiymətləndirilirdi. Keçmiş zamanlarda kişilər istənilən halda papağı başlarından çıxarmırdılar. Çünki ictimai yerlərdə baş geyimi olmadan görünmək rüsvayçılıq kimi dəyərləndirilirdi”.
Bizim.Media xəbər verir ki, bu fikirlər tarixçi alim, professor Zaur Əliyevin araşdırmasında qeyd olunub.
Alim bolşeviklərin Azərbaycanda papağı qadağan etmək üçün gördüyü tədbirlərlə bağlı tarixi faktları açıqlayıb:
“Bolşeviklər Azərbaycanı işğal edəndən sonra bütün dəyərlər ilə yanaşı papaq məsələsinə də əl atdılar. Xüsusilə, bu işdə Əliheydər Qarayev (Azərbaycan SSR xalq ədliyyə və əmək komissarı – red.) canfəşanlıq edirdi. O, bolşeviklərin etimadını qazanmaq üçün milli papaq qoyanlara qarşı mübarizə aparmağa başlayır və eyni zamanda ölkədə hər kəsin mədəni inqilabçı obrazında, furajkada gəzməsini tələb edirdi. Onun Moskvaya və ölkədə bütün yerli komissarlara yazdığı məktubda qeyd edilirdi:
"Papaqlar barədə məsələ. Bilirsiniz, elə olur ki, bəzi yoldaşlar qəzalara gələrkən, rus olduqlarına dair şübhə doğurmamaq üçün papaq qoyurlar. Papaq da saqqal kimi, türk rəmzidir. Biz partiyanın bütün üzvlərinə israrla tövsiyə etməliyik ki, onların arasında iş aparsınlar ki, özləri papağı çıxarsınlar və heç olmasa furajka (şapka) geyinsinlər. Bu sizə xırda bir şey kimi görünə bilər, amma siz furajka geyinəndə, kütlə sizin arxanızca gələcək..."
Hətta Ruhulla Axundov (1924-1926-cı illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi – red.) da papağa qarşı aqressivlik göstərir və buna qarşı təbliğat aparırdı. Ruhulla Axundov papaq taxanları ictimai yerlərə buraxmırdı. O, papaq taxanları sovet düşməni adlandırırdı. “Rədd olsun papaq!” şüarını da o, yaratmışdı.
Papağa qarşı mübarizə də düşünülməmiş, zorakı vasitələrlə aparılırdı.
1929-cu ildə sözügedən məsələ Kommunist partiyasının qurultayında müzakirə olunur. Sonda Azərbaycanda yeni qadağanın qəbuluna qərar verilir: Başına milli papaq qoyan fəhlə və kəndlilər klublara, qiraətxanalara ("qırmızı guşələrə") buraxılmayacaq.
Partiya və komsomol iclaslarında başında papaq oturanlara xəbərdarlıq edilir, papağını çıxarmayanlar zaldan xaric olunurdu.Dövlət idarələrində çalışan yerli məmurlara papaq qoymaq tamamilə qadağan edilirdi; onlar mütləq avropasayağı geyimə və furajkaya keçməli idilər.
Azərbaycanda zorla “papaqatdı” mərasimləri keçirilir, gənclər təntənəli şəkildə papaqlarını yerə atır və yerinə onlara dövlət tərəfindən gətirilmiş furajkalar paylanırdı.
Azərbaycandakı bu prosesə ən böyük təkanlardan biri qonşu Türkiyədə Mustafa Kamal Atatürkün reallaşdırdığı "Şapka Kanunu" (25 noyabr 1925) oldu. Osmanlı fəsini və ənənəvi papaqları qadağan edib Avropa şlyapasını məcburi edən bu islahat, Azərbaycan bolşevikləri üçün göydəndüşmə bəhanə yaratdı.
Onlar mətbuatda yazırdılar:
"Baxın, burjuaziya Türkiyəsi belə papağı, fəsi atıb mədəni geyimə keçir, bəs bizim kəndlilər niyə hələ də bu köhnəliyi daşıyır?"
Bolşeviklər milli papağı tamamilə yox edə bilməyəcəklərini anlayanda, alternativ variantlara əl atdılar. 1920-ci illərin ortalarında bəzi kənd rayonlarında yerli komsomolçular üçün "Qırmızı papaqlar" təsis edildi. Bu, ənənəvi quzu dərisindən tikilən papaqların formasına bənzəyirdi, lakin rəngi və üzərindəki sovet rəmzləri fərqli idi. Lakin bu ideya da kütləviləşmədi...
Bizim.Media

































































































