Nizami Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən F.Cəfərovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Bizim.Media xəbər verir ki, hakim İlham Kərimlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndinə əsasən F.Cəfərovun Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş materialı üzrə cinayət təqibinə və işin icraatına xitam verilib, onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib.
İttihama görə, hadisə 27 aprel 2024-cü il tarixdə saat 16:42 radələrində Bakı şəhərinin Nizami rayonu ərazisində, Rüstəm Rüstəmov küçəsində baş verib.
Belə ki, F.Cəfərov istifadəsində olan “Kia Rio” markalı avtomobillə hərəkətdə olarkən qarşısında gedən “Honda” markalı maşının sürücüsü, zərərçəkmiş Ə.Quliyevin qəfil əyləc tətbiq etməsindən narazı qalıb.
Bundan sonra o, avtomobilini Ə.Quliyevin idarə etdiyi nəqliyyat vasitəsinin sol tərəfinə yaxınlaşdıraraq ona siqnal verib. Hadisənin davamında tərəflər arasında söz mübahisəsi yaranıb. Ə.Quliyev siqnal verilməsinin səbəbi ilə bağlı iradını bildirdikdən sonra F.Cəfərov aqressiv davranış nümayiş etdirib.
Cinayət işinin materiallarında göstərilir ki, F.Cəfərov heç bir əsaslı səbəb olmadan ictimai yerdə özünü qarşı tərəfdən üstün tutaraq, cəmiyyət tərəfindən qəbul edilmiş davranış qaydalarına məhəl qoymayıb, ətrafda olan şəxslərin narahatlığına səbəb olan hərəkətlər edib. O, əvvəlcə Ə.Quliyevin ünvanına nalayiq ifadələr işlədib, daha sonra isə fiziki zor tətbiq edərək ona hücum edib. Təqsirləndirilən şəxs qəsdən yumruqla onun sol gözaltı nahiyəsinə bir dəfə zərbə endirib. Nəticədə zərərçəkmiş şəxsə sol gözaltı və almacıq nahiyəsini əhatə edən hematoma şəklində bədən xəsarəti yetirilib.
Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, həmin xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan və sağlamlığa yüngül zərər vurma kimi qiymətləndirilən xəsarətlər kateqoriyasına aid edilib.
Toplanmış sübutlar əsasında F.Cəfərova Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıq hörmətsizlik ifadə edən qərəzli hərəkətlərlə müşayiət olunan xuliqanlıq əməlini törətmək ittihamı elan olunub. (Pravda.az)
Bizim.Media






































































































