Varis xəbəri olmadan mirasdan kənarlaşdırıla bilərmi? – Hüquqi İZAH

Varis xəbəri olmadan mirasdan kənarlaşdırıla bilərmi? – Hüquqi İZAH

Hazırda oxunan: Varis xəbəri olmadan mirasdan kənarlaşdırıla bilərmi? – Hüquqi İZAH

616774

Miras ailə üzvləri arasında ən çox mübahisə yaradan və nifaq salan məsələlərdən biridir. Doğmalar arasında əmlak problemləri, narazılıqlar illərlə düzəlməyən münasibətlərə və yorucu hüquqi prosedurlara gətirib çıxara bilir. Bəzən isə varislərdən birinin xəbəri olmadan mirasdan kənarlaşdırılması ilə bağlı məqamlar da olur.

Bəs qanunvericiliyə görə bir şəxsi onun məlumatı olmadan miras hüququndan məhrum etmək mümkündürmü?

Hüquqşünas Vüsal Fərzəliyevin Bizim.Media-ya verdiyi məlumata görə, ümumiyyətlə, varisin xəbəri olmadan onun miras hüququnu qanuni şəkildə aradan qaldırmaq mümkün deyil, amma vəziyyətdən asılı olaraq bəzi istisnalar var.

“Miras qoyan şəxs, deyək ki, ata sağlığında vəsiyyətnamə tərtib edib və orada hansısa varisi mirasdan çıxarıb, ancaq həmin varis bu barədə məlumatlandırılmayıb. Ola bilər ki, ölkədə olmayıb, yaxud valideynləri ilə küsülü olub. Varis bunu atası dünyasını dəyişdikdən və miras açıldıqdan sonra öyrənir. Bu zaman varis vaxtında məlumatlandırılmadığı üçün məhkəməyə müraciət edə bilər.
 

Bundan başqa, varis etibarsız yaxud nankor övlad hesab edilərsə, ata-anaya vaxtında qayğı göstərməyib, ehtiyacları olanda müalicə etdirməyib v s. mirasdan kənarlaşdırıla bilər. Ancaq bu adətən məhkəmə qaydasında həll olunur.


Belə halda həmin şəxs prosesdə iştirak etmək, öz mövqeyini bildirmək və qərardan şikayət vermək hüququna malikdir. Onun xəbəri olmadan yekun hüquqi nəticə vermək prinsipcə mümkün deyil”.

Hüquqşünas onu da diqqətə çatdırdı ki, təcrübədə bəzən belə hallar da yaşanır: digər varislər notariat prosesində hansısa varisin mövcudluğunu gizlədirlər. Lakin bu, həmin şəxsin hüququnu qanuni olaraq aradan qaldırmır. Sonradan varis öz hüququnun pozulduğunu müəyyən edərsə, notariat sənədlərinə və ya miras bölgüsünə qarşı məhkəmədə iddia qaldıra bilər.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO