Penitensiar Xidmətin sabiq rəisi Məmməd Zeynalov bu işin təxmini ssenarisini açıqladı: “Deyilə bilər ki, sabiq nazir müxalifətyönlüdür, onu vuran da iqtidaryönlü dustaqdır”
Fevralın 14-də Bakı Apelyasiya Məhkəməsində sabiq səhiyyə naziri Əli İnsanovun işi üzrə proses davam etdiriləcək. Fevralın 7-də keçirilən prosesdə Ə.İnsanov məhkəmədə öldürülə biləcəyini bəyan edib.
Əgər sabiq nazirin həyatına hər hansı bir təhlükə olarsa, bunun məsuliyyətini kim daşıyacaq?
Penitensiar Xidmətin sabiq rəisi Məmməd Zeynalov durumu “Yeni Müsavat”a şərh edərkən bildirdi ki, dustaqların həyatına cavabdeh şəxsləri sırasında ilk olaraq saxlandıqları müəssisələrin rəisləri məsuliyyət daşıyırlar: “Birbaşa cavabdeh şəxs müəssisə rəhbərliyidir. Əgər dustaq deyirsə ki, həyatıma təhlükə var, məni öldürə bilərlər, bununla bağlı bəyanat verirsə, dərhal təhlükəsizlik tədbirləri həyata keçirilməlidir”.
“Dustağın belə bir bəyanatından sonra hansı addımlar atılmalıdır” - sualına M.Zeynalov belə cavab verdi: “Daxili qaydalara görə konkret bilinirsə ki, dustağın həyatına təhlükə kim tərəfindən olacaq, həmin şəxsi izolə edirlər və ya həyatına təhlükə olan şəxsi başqa müəssisəyə göndərirlər. Konkret deyilsə bunun qarşısını almaq üçün müxtəlif üsullar var”.
Dustağın şüşə qəfəsə salınıb səsinin kəsilməsinə gəlincə isə sabiq rəis bunu “görünməmiş hal” adlandırdı: “Bu, Azərbaycanın dünya məhkəmə praktikasına gətirdiyi üzqaraldan yenilikdir. Qanunda belə bir şey yoxdur. Bu, faktiki dustağın səsinin kəsilməsi, söz demək imkanlarından məhrum edilməsidir. Bunun adını nə qoyurlar qoysunlar, istər təhlükəsizlik olsun, istərsə də digər bir ad, bu, sadəcə biabırçılıqdır”.
Ə.İnsanovun işi üzrə keçirilən prosesdə məhkəmə zalında çoxsaylı mülki geyimli şəxslər olur. Hətta həmin şəxslərin sayı 10 nəfəri aşır. Belə məlumatlar var ki, həmin şəxslər Penitensiar Xidmətin hansısa gizli xidmətinin əməkdaşlarıdır.
Bu qurumun gizli xidməti varmı?
M.Zeynalov bu suala belə cavab verdi: “Məhkəmə prosesi açıqdır. Orada istənilən şəxs məhdudiyyətsiz iştirak edə bilər. Penitensiar Xidmətin gizli xidmət növü yoxdur. Amma Milli Təhlükəsizlik, Daxili İşlər nazirliklərində belə xidmətlər var. Bunu Penitensiar Xidmət edirsə, qanunsuzdur”.
“Əli İnsanovun həyatına qəsd olunması siyasi hakimiyyətin üzərinə məsuliyyət qoyurmu” sualına sabiq rəisin cavabı belə oldu: “50 məhbus olmasın, olsun 51. Nə dəyişəcək? Yəni belə hadisələr olur. Ola bilər ki, iqtidarı sevən məhbus müxalifətçi olan bir məhbusu vurub öldürsün. Amma bu, Azərbaycan üçün, Azərbaycan adına bir xoşagəlməz ləkə olacaq. Ortaya ata bilərlər ki, Əli İnsanov müxalifətyönlüdür, onu vuran da iqtidaryönlü dustaqdır. Hirslənib, əsəbiləşib və belə bir hadisə olub”.































































































