7 aydır ki, vaksinasiya prosesinə start verilib. Amma bu müddətdə peyvəndlə bağlı neqativ hallara da az yol verilməyib. Demək olar ki, hər gün rüşvətlə peyvənd pasportu alanlar və bu səbəbdən məsuliyyətə cəlb olunanlarla bağlı xəbərlər alırıq. Tibb işçisinə müəyyən ödəniş müqabilində peyvənd sertifikatı alanlar guya həmin "prosesdə” iştirak edir, lakin bədənə hər hansı pereparat daxil edilmir.
Bəllidir ki, rüşvət almaq kimi rüşvət vermək də cinayətdir və baş vermiş sözügedən halla bağlı hər iki tərəf məsuliyyət daşıyır.
MÖVZU İLƏ BAĞLI:
Koronavirus sonsuzluğa səbəb olur? – Alimlərdən YENİ İDDİA
Amma əgər şəxs səhvini anlayıbsa və faktiki peyvənd olunmaq istəyirsə, hansı addımı atmalıdır? Adı peyvənd olunmuşlar siyahısında qeydiyyata alınan vətəndaşın bu prosesdə həqiqi iştirakı necə həyata keçməlidir?
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq həkim Aydın Əliyev Bizim.Media-ya açıqlamasında deyib ki, rüşvətlə “peyvənd olunanlar” səhvlərini başa düşüb vaksinasiya prosesinə qatılmaq istəsələr, onlar üçün mütləq şərait yaradılmalıdır:
“Bu, çox vacib və aktual məsələdir. Vətəndaş səhv etdiyi hərəkəti anlayıb və peyvənd olunmağa gedibsə, onlara heç bir maneə yaratmaq lazım deyil. İndi əsas məqsədimiz pandemiyanı məhdudlaşdırmaqdır.
Hətta elan etmək lazımdır ki, yalançı pasport alanlar cəzalandırılmayacaq, gəlib yenidən normal vaksin olunsunlar. Pandemiya bitəndən sonra qalan şeylər araşdırılar”.
Həkim hesab edir ki, Nazirlər Kabineti yanında Operativ Qərargah rüşvətlə “peyvənd alanlar”ın vaksinasiya prosesinə qatılmaları üçün şans və qərar verməlidir:
“Pandemiya ilə bağlı hər şey Operativ Qərargahın nəzarəti altındadır. Yaxşı olar ki, bu qurum yalançı pasport alanlara yenidən şərait yaratsın”.
Alçina Amilqızı, Bizim.Media