Cəlilabad rayonunda itkin düşən Uzuntəpə kənd sakini, 2006-cı il təvəllüdlü Nəsib Nəsimi oğlu Quliyev haqqında yeni detallar məlum olub.
Bizim.Media-nın Cənub bürosu xəbər verir ki, Quliyev 27 apreldə yaşadığı ünvanı tərk edib və bundan sonra ondan hər hansı məlumat almaq mümkün olmayıb.
MÖVZU İLƏ BAĞLI:
Cəlilabadda 18 yaşlı oğlan itkin düşdü - FOTO
Bundan sonra Nəsibin rəsmi qəyyumu, babası İbrahim İbrahimov yerli polis idarəsinə bu barədə məlumat verib.
Qeyd edək ki, Nəsibin valideynləri ayrılıblar. Anası hazırda Türkiyədə ailə həyatı qurub. Ata isə sözügedən kənddə yaşayır. Babasının yanında yaşayan Nəsibi sonuncu dəfə səliqəli geyimdə evdən çıxan zaman görüblər. Yeniyetmənin qonşuları da onu müsbət xarakterizə ediblər.
Oğlunun fasilələrlə onun da yanında qaldığını deyən Nəsibin atası isə onu sonuncu dəfə yanvar ayında gördüyünü bildirib.
Nəsib Quliyevin əlamətləri bunlardır: Boyu 173 sm, gözləri qonur rəngdədir. Evdən çıxan zaman əynində göy rəngli cins şalvar, qara idman ayaqqabısı, qara gödəkçə olub. Onun barəsində məlumatı olanlardan Cəlilabad Rayon Polis Şöbəsinə 055-248-17-33 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu