Xaçmazda müəllimin bank kartlarından pul oğurlandı, adına KREDİT götürüldü – ŞİKAYƏT 

Hazırda oxunan: Xaçmazda müəllimin bank kartlarından pul oğurlandı, adına KREDİT götürüldü – ŞİKAYƏT 

184556

Azərbaycanda məktəb müəllimi dələduzluğun qurbanı olub. Söhbət Xaçmaz rayon sakini Aygün Sadiq qızı Əliyevadan gedir.

Bizim.Media-ya müraciət edən xanım 3 bank kartında olan pullarının çəkildiyini, üstəlik adına 5 min manat məbləğində kredit pul götürüldüyünü iddia edir. Şikayətçinin bildirdiyinə görə baş verənlərin fərqinə varmadan dələduzun toruna düşüb və fərdi məlumatlarını da qarşı tərəflə bölüşüb. İş-işdən keçəndən sonra isə gec olub...

Qadın qeyd edib ki, mütəmadi olaraq yazışdığı dayısı qızından “İnsagram” sosial platformasında ismarıc alıb. Yazışmağa başlayıb. Sən demə onunla yazışan qohumunun profili hansısa dələduz tərəfindən ələ keçirilib.

Bundan xəbərsiz olan Aygün Əliyeva dələduzun hiyləsinə aldanaraq bütün fərdi məlumatlarını ona ötürüb:

“Arada danışırdıq. Bu dəfə də hal-əhval tutdu, uşaqları soruşdu, filan... Bildirdi ki, Soliton Mağazalar Şəbəkəsinin 32-ci ildönümüdür, bu münasibətlə 500 manat uduş olacaq, kartını at, sən də fürsətdən yararlan və qazan. Tamkartımda 1500 manat, Azərbaycan Beynəlxalq Bankından olan əməkhaqqı kartımda 482 manat, Rabitəbank kartımda isə 200 manat var idi. Bəsarətim bağlandı, fərdi məlumatları, hətta şəxsiyyət vəsiqəmin FİN kodunu verdim. Nə biləydim ki, dayım qızının profili oğurlanıb və mənə yazan dələduzdur.

Sonra öyrəndim ki, bu dələduz adıma Azərbaycan Beynəlxalq Bankından onlayn şəkildə 5 min manat məbləğində kredit də götürüb. Maraqlısı isə odur ki, kredit əməliyyatı gecə saat 2-də, iştirakım və mənlə videogörüntü olunmadan aparılıb. Bir sözlə, 7 min manatdan çox ziyana düşmüşəm. Ən pisi də odur ki, götürülən kredit borcu adımadır. Nəyisə, artıq anlayanda gec idi. Dayım qızı ilə görüşdük, hadisəni ona danışanda təəccübləndi. Yoldaşı polis şöbəsinə və proqramistlərə müraciət etdi. Hazırda onun profilinin necə oğurlanması araşdırılır”.

Aygün Əliyeva qeyd edib ki, baş verənlərlə bağlı Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasına, Mərkəzi Banka, Azərbaycan Beynəlxalq Bankına və hüquq mühafizə orqanlarına rəsmi müraciətlər edib:

“Azərbaycan Beynəlxalq Bankın Xaçmazdakı filailıında oldum. Baş verənləri danışdım. Həqiqətən də, onlayn şəkildə adıma 5 min manat məbləğində kredit götürüldüyü təsdiqləndi. Əlavə olaraq Xaçmaz rayon Polis Bölməsində izahat yazdım”, - deyə şikayətçi əlavə edib.

Şikayətçinin adına onlayn şəkildə 5 min manat götürülməsinə aydınlıq gətirilməsi üçün Azərbaycan Beynəlxalq Bankına müraciət etdik. Bankın mətbuat katibi Yadigar Cəfərli Bizim.Media-ya açıqlamasında Aygün Əliyevanın adına kredit verildiyini təsdiqləyib.

Bildirib ki, dəfələrlə vətəndaşlara fərdi məlumatlarının başqa şəxslərlə paylaşmaması tövsiyə olunub:

“Bütün dünyada vətəndaşlara banklar tərəfindən onlayn kredit verilir və bizim bank da öz müştərilərinə bu formanı təklif edir. Amma biz mütəmadi olaraq vətəndaşlara çağırışlar edirik ki, bank müştəriləri fərdi məlumatları ilə maksimum ehtiyatlı davranmalı, bu məlumatları heç bir halda başqa şəxslərə verməməlidirlər. Müştəri fərdi məlumatlarını, telefonuna gəlmiş təhlükəsizlik kodunu öz istəyi ilə başqa şəxslərə ötürəndə onun hesabındakı vəsaitlər, maliyyə əməliyyatları üçün ciddi risk yaranır”.

Bank mütəxəssisi Əkrəm Həsənovun sözlərinə görə isə istənilən bank müştəriyə onlayn kredit versə belə, vətəndaşın kredit müqaviləsini imzalanması üçün banka yaxınlaşması tələb olunur:“

Vətəndaş müqaviləyə imza atmasa, ona kredit verilə bilməz. Maaş kartı ilə belə onlayn kredit verilərsə, vətəndaşla videogörüntü tələb olunur. Üstəlik Beynəlxalq Bankın daxili nizamnaməsi də budur ki, kredit verdiyi müştəri ilə videogörüntü edir. Hətta müştərinin imzası belə gərək olmaya bilər, amma Beynəlxalq Bank videogörüntüsüz kredit verə bilməz. O zaman kimsə əlinə keçmiş şəxsiyyət vəsiqəsi ilə ora müraciət edər.

Qaldı ki, şikayətçi xanımın adına kredit götürülməsi məsələsinə, o zaman Beynəlxalq Bank krediti verən şəxslə etdiyi videogörüntünü ortaya çıxarsın. Onu da deyim ki, banklar öz işçilərinə verilən kreditlərə görə bonus verirlər. Hətta ola bilir ki, həmin bank işçisi heç kimlə sövdələşmir, sadəcə pul qazanmaq üçün daxili qaydaları pozur”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə də müraciət etdik. DİN-in Quba Regional Qrupundan Bizim.Media-ya məsələnin araşdırıldığı bildirilib.

Mövzunu diqqətdə saxlayacağıq...

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO