Sənət adamlarından yenilik uman ədalətsiz xalq...

Sənət adamlarından yenilik uman ədalətsiz xalq...

Hazırda oxunan: Sənət adamlarından yenilik uman ədalətsiz xalq...

120762
Məşhur alman şairi, dramaturqu, teatr rejissoru Bertolt Brextin “Qalileyin həyatı”x9d adlı dram əsərində köməkçisi Qalileyə deyir ki, “vay o ölkənin halına ki, onun qəhrəmanı yoxdur”x9d. Qaliley isə cavab verir: “vay o ölkənin halına ki, onun qəhrəmana ehtiyacı var”x9d.

Amma qəhrəmanlar qəfildən yetişmir. Onları zaman və xidmət etdikləri xalq yetişdirir. Biz Qalileyin köməkçisinin vay oxuduğu ölkə deyilik. Amma Qalileyin vay oxuduğu ölkənin özüyük. Çünki bu gün bizim bütün sahələrdə qəhrəmana ehtiyacımız var.

Ötən əsrin əvvəllərində Azərbaycanın İncəsənət sahəsində böyük bir qəhrəmanı yetişmişdi. O, Azərbaycan teatrının banilərindən biri sayılan, peşəkar aktyor və rejissor məktəbinin təməlini qoyan Hüseyn Ərəblinski idi. Amma nə yazıq ki, bu qəhrəmanı təkcə zaman yetişdirmişdi. Xalq isə məhv elədi. Əlbəttə, günahkar təkcə xalq deyildi. O dövr tarixini yaxşı bilənlər təsdiqləyər ki, Hüseyn Ərəblinski kimi nəhəngin məhvinə xalqın əlində bayraq etdiyi dəyərlərlə yanaşı, hakim təbəqələrin mənfəətxorluğu, Hacı Zeynalabidin Tağıyevin tamah və nifrət hissi də səbəb olmuşdu.

Fransız şair, dramaturq, aktyor, rejissor, avanqard teatrın yaradıcısı olan Antonin Artaudun yaşamına baxdıqda bizim qəhrəmanımız Ərəblinskinin yaşamına bir gözünlə gülürsən, bir gözünlə ağlayırsan. Antonin Artaud artıq ənənəvi, romantik teatr standartlarından bezib tamaşaçıya əsl katarsiz yaşatmaq, tamaşaçının təkcə duyğularına deyil, həm də şüuruna xitab edib yeri gəldikdə hirsləndirmək, yeri gəldikdə ürəyini bulandırmaq üçün avanqard teatrın əsasını qoymuşdu.

Bizim Hüseyn Ərəblinski isə həmin illərdə ümumiyyətlə bir teatr yaratmağın, xalqa teatrın nə olduğunu göstərməyin dərdində idi. Bu böyük fərq iki nəhəngin şəxsi həyatında yer alır.

Antonin Artaud yeni ideyalar, fərqli yaradıcılıq nümunələri, dövrü üçün misli görünməyən səpkidə tamaşalar düşünməkdən tez-tez psixoloji sarsıntılar keçirir, psixiatriya klinikalarına yatırılırdı. Bu səbəbdən yüksək dərəcədə psixatrop maddələr qəbul edirdi və elə bu psixatrop maddələrin təsirindən bir gün əlində ayaqqabısını tutmuş halda ölü tapıldı. Bu ölümün intihar olduğu ya da bilməyərəkdən baş verdiyi hələ tarixə məlum deyil.

Amma bizim qəhrəmanımızı qohumları, xidmət etdiyi xalqı, dövrün məmurları və milyonçusu “bığını qırxan, arvad paltarı geyinən”x9d deyə-deyə xəstə etmişdi. Elə bu səbəbdən də bir gün dayısı oğlu güllələyib öldürdü. Bu qətlin sifarişli, yoxsa sırf qohumluq məsələsi olduğu da hələ mübahisəli məsələdir.

Elə düşünməyin ki, bunlar ötən əsrdə yaşanmış, artıq tarixin dərinliklərinə gömülməkdə olan hadisələrdir. Bu hadisələrin oxşarı, bəzi hallarda eynisi elə bu gün də davam edir.

Bu gün qərbin sənət adamlarının dərdi yeni teatr ideyaları fikirləşmək, fərqli sənət nümunələri yaratmaq olduğu halda, şərqin, xüsusən də Azərbaycanın sənət adamlarının dərdi bir qarın çörək pulu tapmaq, tamaşa oynamaq üçün Ərəblinski kimi illərlə bir teatr səhnəsi axtarmaq, güc-bəla məskunlaşdığı kiçik teatr binasının sökülüşünə ağlamaq, tənə-töhmətdən, qınaqdan yaxa qurtarmaqdır. Bu maddi və mənəvi sıxıntıların içində olan yaradıcı insan hansı yeni, fərqli sənət nümunəsi yarada bilər ki?

Elə buna görə də illərdir Stanislavski prinsiplərindən başqa heç nə öyrənə bilməyən, dünya teatrlarını izləmək, orda ekprimentlər aparmaq üçün heç adicə yol pulu tapmayan, başı çörək pulu qazanmaq dərdinə qarışmış bu zavallı sənət adamlarından yenilik, fərqlilik, maraqlılıq uman xalq böyük ədalətsizlik etmiş olur.

Bütün bunların bir gün müsbətə doğru dəyişəcəyinə ümid edənlər üçün bir nümunə gətirim: Henrik İbsenin “Per Günt”x9d adlı əsərinin qəhrəmanı “həyat varsa, ümid də vardır”x9d deyəndə, məşhur tənqidçi Valter Benjamin cavab vermişdi ki, “əgər əlimizdə ümid deyə bir şey qalıbsa, bu ümidsizlik deməkdir”x9d.

Orxan Bahadırsoy
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO