Soyuq müharibənin YUVASI - “Böyük yeddilik” nə məqsədlə toplaşıb?

Hazırda oxunan: Soyuq müharibənin YUVASI - “Böyük yeddilik” nə məqsədlə toplaşıb?

24450

“Böyük yeddilik” adlandırılan G7 sammiti iyun ayının 11-də start götürüb. Böyük Britaniyanın ev sahibliyi etdiyi və 13 iyuna qədər davam edəcək sammit Uelsin Cornvall şəhərciyində keçirilir. Son aylarda dünya sisayətində əsas müzakirə mövzularından biri olan sammitdə bir sıra önəmli məsələlərin müzakirə olunacağı qeyd olunurdu.

Bir çox analitik G7 zirvəsinin artıq standart regional tədbirləri xatırlatdığını, ölkə liderləri arasında müxtəlif diplomatik əlaqələrin və ikitərəfli münasibətlərin yaradılması məqsədi daşıdığını qeyd edir. Təhlilçilər Böyük Biritaniyanın ev sahibliyi etdiyi sammitdən də ciddi nəticələr gözləməyin tərəfdarı deyil. Lakin ABŞ-ın və xüsusilə Bayden administrasiyasının sammitlə bağlı mövqeyi ciddi məsələlərdən xəbər verir.

“Büyük yeddilik” əslində nədir?

“Böyük yeddiliyə” daxil olan dövlətlər hazırda dünyada bütün sərvətin 64%-ni əllərində saxlayan əsas iqtisadi aktorlardır. Ən önəmli maliyyə birjaları və qlobal bazar böyük ölçüdə məhz bu dövlətlər tərəfindən idarə olunur. Lakin dünya miqyasında 64%-li iqtisadi güc “Böyük yeddilik” ölkələrinin təkqütblü dünya modeli yaratması üçün kifayət deyil. Rusiya kimi siyasi aktor və Çin kimi iqtisadi aktorların kənarda qalması “Böyük yeddiliyin” təsir sahəsini bir qədər azaldır.

Çin və Rusiyanın təmsil olunmaması “Böyük yeddiliyi” formalaşdıran dəyərləri müəyyən etməyə imkan verir. İlk öncə qeyd edək ki, “Böyük yeddilik” ölkələri adlandırılan dövlətlər - Almaniya, Amerika Birləşmiş Ştatları, İngiltərə, Fransa, İtaliya, Yaponiya və Kanada dünya siyasətin “Qərb” anlayışını təmsil edirlər. 

Xüsusilə Soyuq müharibə dövründə ABŞ-ın satellitinə çevrilmiş İtaliya, Yaponiya, Kanada və Avstraliyanın siyasi kursu bu gün də böyük ölçüdə ABŞ-ın mövqeyi əsasında şəkillənir. Hər nə qədər müstəqil siyasi xəttə və regional maraqlara sahib olsalar da, bu dövlətlər digər Avropa ölkələri kimi “Qərb” siyasi kimliyinin bir parçasıdır. Bu siyasi kimliyin iqtisadi və hərbi sütunlarından ən önəmlisi məhz ABŞ-dır. 

Lakin bu gün “Böyük yeddiliyin” fəaliyyəti nəzərə çarpacaq qədər zəifdir. Çünki son 20 ildə ABŞ-ın qlobal nüfuzu əsaslı ölçüdə zəifləyib və digər dövlətlər daha müstəqil, ABŞ-la birbaşa hesablaşmaq ehtiyacı hiss etməyən aktorla çevriliblər.

ABŞ “Büyük yeddilik”-dən nə istəyir?

Donald Trampın prezidentliyi dövründə ABŞ üçün G7 Sammitləri ciddi əhəmiyyət kəsb etmirdi. Tramp ABŞ-ın dünya hegemoniyasına can atmaqdansa, öz problemlərinə fokuslanmalı olduğunu, gərəksiz əlavə xərclərin azaıldılmasını təklif edirdi. İqtisadi olaraq ABŞ-ın daha da gücləndirilməsini qarşısına məqsəd qoyan Tramp tək önəmli hədəfin Çinlə iqtisadi rəqabət olduğunun fərqində idi. Bu yolda Avropa, eyni zamanda ABŞ-ın digər müttəfiqləri sadəcə ABŞ üçün ayaqbağı idi.

Lakin Co Baydenin ABŞ-ın dünyadakı roluna dair baxışları olduqca fərqlidir. Soyuq müharibə təfəkkürünün davamçılarından olan Bayden ABŞ-ın dünya hegemoniyasının yenidən bərpasında maraqlıdır. Onun fikrincə, ABŞ hələ də dünyanın ən güclü iqtisadiyyatdır və ən böyük hərbi qüvvəsidir.

Bu üstünlüklər təbii olaraq digər aktorları da onunla hesablaşmağa məcbur etməli, dünyanın istənilən nöqtəsindəki problemlər ABŞ-ın maraqları daxilində həll edilməlidir.

Lakin XXI əsrin ilk 20 ilində tədricən dəyişən reallıqlar Baydenin prezident olduğu yarım il ərzində dəyişəcək səviyyədə deyil. Son 20 ildə dünya siyasətində Fransa, Almaniya, Avstraliya kimi dövlətlər azad aktorlara və çoxqütblü dünya güclərinə çevriliblər. Bu çoxqütblü dünya isə ən çox ABŞ-ın qlobal maraqları üçün zərərlidir. Çünki dünya hegemonluğuna iddialı ABŞ Almaniyanın Rusiya ilə, Çinin də Avropa ilə iqtisadi münasibətlərinin olmasını istəmir.

Bu baxımdan G7 sammiti ABŞ-ın özünə müttəfiq hesab etdiyi dövlətlərlə birgə əməkdaşlıq baxımından qiymətləndirilməlidir. Sammitin əsas müzakirə mövzularının Çin və pandemiya ilə mübarizə olması da sammitin məhz ABŞ-ın maraqları çərçivəsində baş tutduğunu ortaya qoyur. 

Görünən odur ki, Bayden administrasiyası çoxqütblü dünya nizamını yenidən iki qütblü dünyaya çevirməyə çalışır.

Sammitdə iştirak edəcək dövlətlərin bu məsələdə ABŞ hansı səviyyədə dəstəkləyəcəyini isə demək çətindir. Çünki ABŞ-la razılaşmaq yenidən XX əsrin sonlarından olduğu kimi ABŞ-ın satelliti olmaq təhlükəsini daşıyır.

Araz Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO