Dünyanın TƏDBİRLƏR PAYTAXTI – Bakı minlərlə qonağın qatılacağı Şəhərlər Forumuna ev sahibliyi EDƏCƏK

Dünyanın TƏDBİRLƏR PAYTAXTI – Bakı minlərlə qonağın qatılacağı Şəhərlər Forumuna ev sahibliyi EDƏCƏK

Hazırda oxunan: Dünyanın TƏDBİRLƏR PAYTAXTI – Bakı minlərlə qonağın qatılacağı Şəhərlər Forumuna ev sahibliyi EDƏCƏK

166988

Son illərdə Azərbaycan dünya səviyyəli, nüfuzlu tədbirlərin mütəmadi olaraq keçirildiyi ölkələrdən birinə çevrilib. Xüsusilə də, Bakı şəhərinin dünyanın tədbir paytaxtlarından birinə çevrildiyini qeyd etsək, heç də mübaliğə etmiş olmarıq. 

Çünki Bakının son bir neçə ildə BMT, Qoşulmama Hərəkatı, UNESCO kimi beynəlxalq təşkilatların nüfuzlu tədbirlərinə uğurla ev sahibliyi etməsi bunun əyani sübutudur. Azərbaycan beynəlxalq tədbirləri uğurla təşkilatçılıq etdikcə, Bakı daha böyük, nüfuzlu tədbirlərin keçirildiyi məkana çevrilir.

Dünyanın gözü yenidən Bakıda...

Məlum olduğu kimi, BMT-nin nüfuzlu Ümumdünya Şəhərlər Forumu Azərbaycanda keçiriləcək. Belə ki, Keniyada keçirilən Birləşmiş Millətlər Təşkilatının İnsan Məskənləri Proqramı (BMT -Habitat) İcraiyyə Şurasının 3-cü sessiyasında 13-cü Ümumdünya Şəhər Forumunun (WUF13) 2026-cı ildə Bakıda keçiriləcəyi açıqlanıb.


Məlumat üçün qeyd edək ki, BMT-nin 2001-ci ildə qəbul edilmiş qətnaməsinə əsasən, bu Forum iki ildən bir dünyanın şəhərsalma sahəsində ən nüfuzlu və təcrübəli şəhərlərindən birində keçirilir. 

Urbanizasiya ilə bağlı ən böyük platforma 

Xüsusilə qeyd etməliyik ki, Ümumdünya Şəhərlər Forumu dünya səviyyəsində keçirilən ən nüfuzlu tədbirlərdən biridir. Əvvəlki Forumlara qatılan ölkə və nümayəndə sayına nəzər salmaq tədbirin əhəmiyyətini görmək üçün yetərlidir.


2021-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhəri nüfuzlu foruma ev sahibliyi edib. Foruma 169 ölkədən 13 min insan qatılıb, beynəlxalq şəhərsalma təcrübəsi mövzusunda fikir mübadiləsi aparıblar.

2022-ci ildə Polşanın Katovitse şəhərində keçirilən 12-ci Ümumdünya Şəhərlər Forumu isə iştirakçı sayına görə Əbu-Dabini belə geridə qoymağı bacarıb. Belə ki, 12-ci Foruma nə az, nə çox 155 ölkədən 17 mindən çox nümayəndə qatılıb. Tədbirdə hökumətləri, vətəndaş cəmiyyəti və icmaları, akademik dairələr və özəl sektoru təmsil edən 700 məruzəçi çıxış edib. Yəni, söhbət hər hansı sıradan tədbirdən yox, urbanizasiya və şəhər inkişafının öyrənilməsi üçün ən böyük platformadan gedir.

Forumun keçirilməsi üçün Bakının seçilməsi təsadüfi deyil

Bakının beynəlxalq tədbirlərə ev sahibliyi etmək bacarığı ilə yanaşı Azərbaycanın şəhərsalma təcrübəsi də bu qərarın verilməsində mühüm rol oynayıb. Çünki Azərbaycanda hazırda dünya şəhərsalma praktikasında bənzərinə rast gəlinməyən quruculuq işləri həyata keçirilir. 30 illik işğal dönəmində yerlə-yeksan edilmiş, daşı-daş üstündə qalmamış Livan böyüklüyündə ərazidə sıfırdan yeni yaşayış məntəqələri inşa edilir. Azərbaycan ağıllı kəndlər, müasir şəhərlər salır.


Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Zirvə görüşündə çıxışı zamanı səsləndirdiyi fikirləri yada salaq:

“Hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Biz sıfırdan yeni şəhərlər və kəndlər inşa edirik”.

Üstəlik, 2022-ci ilin iyun ayında BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Maimunah Mohd Şərif işğaldan azad edilmiş əraziləri ziyarət edən BMT Agentliyinin ilk rəhbəri olu. Şərif ermənilərin dağıtdığı şəhər və kəndlərimizdə hansı böyüklükdə meqa layihələrin həyata keçirildiyinə və yenidənqurma işlərinə şəxsən şahidlik edib. 

Azərbaycan öz təcrübəsini dünya ilə bölüşəcək

Bakıda keçiriləcək Ümumdünya Şəhər Forumu Cənubi Qafqazda ən böyük tədbirlərdən birinə çevriləcək. Forum çərçivəsində həm Azərbaycandan, həm də xarici ölkələrdən maraqlı tərəflər - dövlət rəsmiləri, QHT-lər, bu sahədə çalışan mütəxəssis və ekspertlər, özəl sektorun nümayəndələri bir araya gələcəklər. Əvvəlki Forumlarda iştirak edən ölkə və nümayəndələrin sayını nəzərə alsaq, Bakıda keçiriləcək tədbirə 20 minə yaxın şəxsin qatılacağını təxmin etmək olar.


Foruma gələn qonaqlar yəqin ki, Bakıdakı müzakirələrlə kifayətlənməyəcəklər. Çünki 2026-cı ilə qədər Qarabağ və Şərqi Zəngəzura 140 minə yaxın keçmiş məcburi köçkünün qayıdışı planlaşdırılır. Bu isə o deməkdir ki, Forum keçirilən zamana qədər işğaldan azad edilmiş ərazilərdə böyük infrastruktur layihələri həyata keçiriləcək. 

Tədbirdə iştirak edəcək qonaqlar da Azərbaycanın şəhərsalma sahəsində tarixi uğuruna şahid ola biləcəklər. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO