“Xronika Qafqaza” Telegram kanalına Ermənistanda keçiriləcək növbəti parlament seçkilərinə genişmiqyaslı siyasi müdaxilə planlarını ifşa edən eksklüziv sənədlər paketi daxil olub. Məlumata görə, bu konfidensial sızmanın mənbəyi Rusiya xüsusi xidmət orqanlarının fəaliyyətdə olan əməkdaşının uğurla haker hücumuna məruz qalmış mobil telefonu olub.
Bizim.Media zəbər verir ki, sənədlər silsiləsində Rusiya xüsusi bölmələrinin strategiyaları bütün detalları ilə təsvir edilib: bura təbliğat metodlarından və mövcud hakimiyyətə qarşı koordinasiyalı hücumlardan tutmuş, risk və imkanların dərin analitikasına qədər geniş məlumatlar daxildir. Bu ssenarilərin əsas məqsədi Nikol Paşinyanın hakimiyyətdən kənarlaşdırılması üçün kompleks tədbirlərin reallaşdırılmasıdır. Bundan əlavə, ələ keçirilən materiallarda ölkədəki bir neçə müxalif partiyanın gizli maliyyələşdirilməsi, koordinasiyası və idarə olunması üzrə addım-addım təlimat yer alıb.
Telefonun sındırılmasının əsas sübutu kimi məktuba "Apple" şirkəti tərəfindən həmin dövlət qulluqçusunun hesabına göndərilmiş təcili xəbərdarlıq bildirişi əlavə olunub.
Sənədə əsasən, bu, dövlət məmurunun telefonuna edilən artıq üçüncü haker hücumu cəhdi olub. "Apple" korporasiyası vurğulayır ki, bu cür hücumlar təkbaşına fəaliyyət göstərən hakerlərin və ya sıravi kibercinayətkarların imkanı xaricindədir. Söhbət hazırlanması və tək-tək tətbiqi milyonlarla dollara başa gələn, bir qayda olaraq isə xarici hökumətlər və xüsusi xidmət orqanları tərəfindən maliyyələşdirilən ultra-mürəkkəb kommersiya casus proqram təminatından gedir.
Beş konstitusiya ssenarisi və parlament seçkiləri
Ələ keçirilən materiallar kifayət qədər spesifik başlıqlı analitik qeydlə başlayır: “Erməni “Şaxta babası” yalançı Robin Quda qarşı”. Bu ön sözdə mətnin müəllifi ölkədə hakimiyyət dəyişikliyinin beş mümkün konstitusion-siyasi ssenarisini modelləşdirir və onların reallaşma ehtimalını qiymətləndirir.
Diqqətçəkən məqam odur ki, sənəd müəllifləri ilk dörd variantı az ehtimallı və ya tamamilə qeyri-real adlandırırlar.
Belə ki, güc strukturlarının Nikol Paşinyana yüksək loyallığı, hakim “Mülki Müqavilə” fraksiyasında parçalanmanın olmaması və onun komandasında panikanın yaşanmaması səbəbindən “hakimiyyətdaxili çevriliş” (1998-ci il nümunəsində) və ya baş nazirin impiçmenti prosedurunun reallaşma ehtimalı “sıfır” olaraq qiymətləndirilir.
Xüsusi xidmət orqanlarının analitikləri baş nazirin könüllü istefası və ya irimiqyaslı küçə etirazlarının təzyiqi ilə getməsi ssenarilərini də az ehtimallı hesab edirlər və qeyd edirlər ki, bunun üçün kəskin fors-major vəziyyət – məsələn, kilsəyə fiziki hücum və ya yeni ərazi itkiləri lazımdır.
Nəticədə, hakimiyyətin sərt və ya vaxtından əvvəl tranziti variantlarından imtina edən sənəd müəllifi belə qənaətə gəlir ki, planların reallaşdırılması üçün yeganə işlək və ən perspektivli ssenari 7 iyun tarixinə təyin edilmiş parlament seçkiləridir. Seçki ssenarisini həyata keçirmək üçün sənəd müəllifləri erməni elektoratını şərti olaraq üç seqmentə – qara, ağ və qırmızı rənglərə bölürlər.
Erməni elektoratının xəritəsi: Qara, ağ və qırmızı seqmentlər
“Qara” sektora eks-prezidentlər Robert Koçaryan və Serj Sarkisyanın rəhbərlik etdiyi ənənəvi parlament müxalifətinin tərəfdarları aid edilir – bu təbəqə cəmi 15% olaraq qiymətləndirilir. Təxminən bir o qədər, yəni daha 15% isə “ağ” sektora – Nikol Paşinyanın və qərbpərəst qüvvələrin tərəfdarlarının özəyinə verilir.
Rusiya siyasi texnoloqları üçün əsas kəşf və hədəf isə cəmiyyətin təxminən 70%-ni təşkil edən nəhəng “qırmızı” meydan olur. Analizə əsasən, bu insanlar Paşinyanın getməsini istəyirlər, lakin əvvəlki “qara” hakimiyyətin qayıtmasını qətiyyən arzulamırlar; onların əsas tələbləri iqtisadiyyat, sosial ədalət və təhlükəsizlik müstəvisindədir.
Bu həlledici 70 faizlik sektoru ələ keçirmək üçün Moskva iri iş adamı Samvel Karapetyanın fiquruna mərc edir. Sənədlərdə o, Gürcüstanı “münaqişəsiz şəkildə siyasi kursunu dəyişməyə” sövq edən gürcü milyarderi ilə müqayisə edilərək açıq şəkildə “erməni İvanişvilisi” adlandırılır.
Plana əsasən, Karapetyanın yeni partiyası keçmişin və ya indiki hakimiyyətin simaları olmadan, siyasi nəsillərin dəyişməsini hədəfləyən “üçüncü qüvvə” kimi təqdim edilməlidir. Bu qüvvənin proqramı xüsusi olaraq “qırmızı” çoxluğun tələblərinə uyğunlaşdırılır: sosial vəziyyətin yaxşılaşdırılması, biznes investisiyaları, Ermənistan-Diaspor əlaqələrinin bərpası və müəlliflər üçün ən mühüm bənd olan Rusiya Federasiyası ilə münasibətlərin strateji olaraq yenidən qurulması.
"Nə etməli?": "Dördlük" ittifaqının yaradılması taktiki gedişləri
Sənədlərin “Nə etməli?” başlıqlı bölməsində müəlliflər detallı taktikaya keçirlər. Siyasi texnoloqların əsas tövsiyəsi pərakəndə fəaliyyətdən imtina etmək və maksimum konsolidasiyaya nail olmaqdır:
“...müxalifət meydanı vahid böyük ittifaqda birləşməli və beləliklə, 2026-cı il seçkilərində “divara qarşı divar” prinsipi ilə iştirak etməlidir. Necə ki, Gürcüstanda 2012-ci il parlament seçkilərində Saakaşvilinin partiyası milyarder İvanişvilinin rəhbərlik etdiyi vahid müxalifətə rüsvayçı şəkildə uduzmuşdu”.
Bu zaman Samvel Karapetyan “partiyalarüstü” mövqe tutmalı, “mübarizə aparan müxalif qüvvələri barışdıran” fiqur kimi çıxış etməlidir. Bu ittifaqı bir arada tutmaq üçün ona digər fraksiya liderlərinə “gələcək post-paşinyan hakimiyyətində hər birinin öz yeri olacağını” vəd etmək təklif olunur.
Bu birliyə cəmiyyətdə müqəddəs bir çəki qazandırmaq üçün strateqlər dini kartdan istifadə etməyi məsləhət görürlər: seçicilərə dünyəvi və dini liderlərin güclü birliyini nümayiş etdirmək üçün Karapetyanın imicini “həbsdə olan arxiyepiskop Mikael” ilə ittifaq vasitəsilə gücləndirmək irəli sürülür.
Regionlarda infrastrukturun qurulmasına xüsusi diqqət yetirilir. Əməliyyat direktivinə əsasən, Samvel Karapetyanın baza partiyası güclü regional şəbəkəyə malik olmalıdır:
“...Ermənistan Respublikasının paytaxtında, İrəvanın bütün inzibati rayonlarında, bütün şəhərlərdə, iriləşdirilmiş icmalarda və böyük kəndlərdə təxminən 100 özək qurulmalıdır”. Lakin Rusiya analitikləri hakimiyyət tərəfindən müqavimət risklərini də qiymətləndirir və proqnozlaşdırırlar ki, “Nikol Paşinyan Samvel Karapetyanı uzun müddət həbsdə saxlamağa çalışacaq” və qeydiyyat prosesində əngəllər törədəcək.
Bu “ən pis ssenari” reallaşacağı təqdirdə, Moskvada B planı hazırlanıb – bu, “Ana Ermənistan” bloku simasında ikinci dərəcəli, “mülayim-kütləvi partiyanın” dövriyyəyə buraxılmasıdır. Bu partiyanın strukturu daha lokal və yığcam hesablanıb: kuratorlar ona yalnız İrəvanın 12 inzibati rayonunda və respublikanın 10 əsas rayon mərkəzində özəklər açmağı tapşırırlar.
Karapetyandan başqa, Rusiya xüsusi xidmət orqanları bu böyük ittifaqa Qaqik Tsarukyanın rəhbərlik etdiyi “Çiçəklənən Ermənistan” Partiyasını da daxil etmək niyyətindədir. Lakin siyasi texnoloqlar qeyd edirlər ki, Tsarukyan Karapetyanın meydana çıxması fonunda öz sosial populizmi ilə səs qazana bilməyəcək, lakin onun iştirakı koalisiyaya “əlavə dəyər” gətirə bilər. Kuratorlar oliqarxla iş üzrə ayrıca təlimatlar yazırlar:
“Karapetyanla müqayisədə Tsarukyanın maliyyə imkanları cəmiyyət üçün o qədər də böyük görünməyəcək, lakin hər şey edilməlidir ki, sonuncu qısqanclıq nümayiş etdirməsin və siyasi baxımdan diqqətdən kənarda qaldığını hiss etməsin”.
Bu oliqarxik birliyi cəmiyyətin gözündə leqallaşdırmaq üçün plan parallel olaraq, guya müstəqil olan bir “Vətəndaş Platforması”nın yaradılmasını nəzərdə tutur.
Bura hüquq müdafiəçilərini, politoloqları, jurnalistləri və bitərəf xadimləri cəlb etmək təklif olunur. Bu strukturun rəsmi funksiyası “kilsənin, konstitusion hüquqların və siyasi məhbusların müdafiəsi” olmalıdır. “Partiyasız mübarizə” bəyan edən və ümummilli birliyə çağıran bu platforma Kilsənin və Karapetyanın strukturlarının mesajlarını ötürmək üçün nəzərdə tutulub ki, “onun növbəti addımları cəmiyyət tərəfindən məhz bu mərkəzlərin maraqlarını təmsil edən hərəkətlər kimi qəbul edilsin”.
Bölmənin sonunda müəlliflər yekun olaraq qeyd edirlər ki, hər dörd qüvvənin – Karapetyanın partiyası, “Ana Ermənistan” bloku, “Çiçəklənən Ermənistan” və “Vətəndaş Platforması”nın arxasında ciddi əmək bölgüsünü təmin edən “vahid siyasi idarəetmə” dayanmalıdır.
İlk sınaq: Eçmiədzin seçkiləri və köhnə qvardiyanın daxili çəkişmələri
Yaradılan ittifaqın həyat qabiliyyətini yoxlamaq və baş məşq etmək üçün kuratorlar ölkənin dini mərkəzində yerli seçki kampaniyası planlaşdırıblar. Sənədlərdə bu mərhələ “Eçmiədzində seçkilər: müxalifət üçün 1-ci imtahan” adlandırılır. Analitiklər Vaqarşapatı (Eçmiədzin) həlledici nöqtə adlandıraraq bəyan edirlər ki, bu seçkilər “Ermənistanın dini paytaxtının azad edilməsi prosesinə çevrilməlidir”.
Bununla belə, qapalı təlimatlarda gözlənilməz bir uğursuzluq ssenarisində əsas favoriti zərbə altında qoymamaq üçün Karapetyanın əsas partiyasını hələlik prosesə qoşmamaq məsləhət görülür. Bunun əvəzinə sınaq prosesinə artıq təcrübədən keçmiş ehtiyat qüvvə atılır. Mətndə qeyd edildiyi kimi, “Eçmiədzindəki seçkilərdə İrəvan və Gümrüdə yerli seçkilərdə uğurlu təcrübəsi olan ‘Ana Ermənistan’ partiyası iştirak etməlidir”. Hakimiyyətin reaksiyasını və elektoratın səfərbərlik potensialını məhz bu partiya üzərində test etmək planlaşdırılır.
Analitik qeyddə “ənənəvi” müxalifət düşərgəsindəki vəziyyətin təhlili də yer alıb. Rusiya strateqləri “köhnə qvardiya” arasında dərin daxili parçalanmanı qeyd edirlər: “...Robert Koçaryanın (o cümlədən ‘Daşnakstutyun’) və Serj Sarkisyanın komandalarına gəlincə, hazırda onlar Nikol Paşinyandan daha çox bir-biri ilə böyük həvəslə mübarizə aparırlar. Ermənistandakı daxili mübarizə, təəssüf ki, hazırda xarici mübarizədən daha amansız xarakter alıb”.
Sızdırılan məlumatlara görə, kuratorlar əsas destruktiv element kimi Serj Sarkisyanı görürlər.
O, Robert Koçaryanı oyundan çıxarmağa və “qara” elektorat meydanında öz kürəkəni Mikael Minasyanı Arman Tatoyan və Ruben Mxitaryan kimi texniki fiqurlar vasitəsilə irəli çəkməyə çalışır. Kuratorların eks-prezidentlərlə bağlı planı ondan ibarətdir ki, küçə aktivliyi və yeni koalisiyanın (“dördlük”) uğurları Koçaryan və Sarkisyanı kəskin seçim qarşısında qoyana qədər gözlənilsin – onlar ya Karapetyanın liderliyini qəbul edib geniş koalisiyaya daxil olmalı, ya da birdəfəlik “siyasi meydandan kənarda” qalmalıdırlar.
“Seçkilər-2026” başlıqlı yekun bölmə təqdim olunan strategiyaya yekun vurur: kampaniyanın həlledici elementi birbaşa təşkilati toqquşma, yəni “piramida piramidaya qarşı” sxemi olmalıdır.
Planların əlavələrində isə mərkəzləşdirilmiş təbliğat narrativlərinin yayılması üçün nəzərdə tutulmuş loyallığı ilə seçilən ictimai rəy liderlərinin (İRL), ixtisaslaşmış platformaların və konkret media resurslarının siyahısı yer alıb.
Bizim.Media































































































