“Öz əhdini pozmuş, ləkələnmiş bir ruhani artıq cəmiyyətinə mənəvi qida verə bilməz.”
Bizim.Media xəbər verir ki, bu sözləri Ermənistan baş nazirinin aparat rəhbərinin müavini Taron Çaxoyan sosial şəbəkə hesabında yazıb.
“Əgər subay qalmağa and içmiş bir keşiş öz əhdindən imtina edə bilirsə, onda bir polis əməkdaşı rüşvət ala, icma rəhbəri dövlət vəsaitini mənimsəyə, nazir korrupsiya sazişi bağlaya, ölkə başçısı isə cırıq köynəklə qızıl mədəninə sahib ola bilər.
Kim mənəvi dəyərlərimizi ləkələyirsə, o, ruhani lider ola bilməz. Əks halda, yenə də eyni mənzərə ilə qarşılaşacağıq. Cırıq köynəkdə olan biri ölkənin başçısı olur və qızıl mədəninə sahiblənir”, – deyə Paşinyan administrasiyasının nümayəndəsi yazıb.
Xatırladaq ki, Ermənistanda baş nazir Nikol Paşinyanla Ermənistan Apostol Kilsəsi arasında kəskin qarşıdurma davam edir. Bu qarşıdurmanın əsas səbəbi arxiyepiskop Baqrat Qalstyanın hökumət başçısına qarşı səsləndirdiyi sərt tənqidlər və onun Paşinyanın mənəvi və şəxsi keyfiyyətlərini mütəmadi olaraq sual altına almasıdır.
Bizim.Media