Paşinyanın Zəngəzurda dəfn olunan XƏYALLARI – TƏHLİL 

Hazırda oxunan: Paşinyanın Zəngəzurda dəfn olunan XƏYALLARI – TƏHLİL 

173468

Ermənistanın Baş naziri Nikol Paşinyan yenə öz ampluasındadır. O, yenə də sərsəmləmələrinə davam edir. Amma onun dediklərini heç yalan dedektoru da qəbul etmir. O da qaldı ki, Azərbaycan cəmiyyəti qəbul etsin. 

Axı, Paşinyanın leksikonundakı iki söz birləşməsindən biri “sülhə hazırıq” ifadəsidir…  
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan: “Ermənistanla Azərbaycan arasında davamlı sülhü istəməyən qüvvələr var”


Rəsmi İrəvan sülhdən çox uzaqdadır. 

Məsələn, erməni baş nazir deyir ki, Ermənistan Azərbaycanla Naxçıvan arasında quru əlaqəsini təmin etməyə hazırdır.

Halbuki, 3 ildən artıqdır ki, Zəngəzur dəhlizinin açılması rəsmi İrəvanın günahı ucbatından ləngiyir. Ermənistan nə qədər desə ki, biz kommunikasiyaları açmağa hazırıq, bunun heç bir iqtisadi əsası yoxdur. 

Danışıqlar getdiyi 3 il müddətində rəsmi İrəvan Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən 44 kilometrlik hissəsinin heç texniki əsaslandırmasını belə hazırlamayıb. Hələ maliyyə mənbəyi barədə danışmırıq. Yəni Paşinyan höküməti ancaq danışır. Real işə gələndə isə ortada heç nə yoxdur. 

Azərbaycan Ermənistanı 3 il gözlədi. 

Lakin bu 3 ildə Ermənistan irəliyə doğru heç bir addım atmadı. Əksinə, bu layihənin ləngidilməsi üçün ən müxtəlif vasitələrdən istifadə edildi. Məsələn, Paşinyan höküməti vaxtın çox böyük hissəsini Zəngəzur adının sinonimini axtarmaqla keçirdi. Bu dəhlizə Zəngəzurdan başqa müxtəlif adlar təklif etdilər. Sonda isə bir qərara gələ bilmədilər. 

Bununla paralel digər təxribatçı addımlar atıldı. Əvvəlcə Zəngəzur dəhlizinin keçməli olduğu ərazidə İranın konsulluğunu açmaq üçün xeyli vaxt apardılar. Daha sonra isə Naxçıvandan Türkiyəyə və İrəvana yön alacaq dəmir yolunun yaxınlığında Metallurgiya zavodunun inşasını ortaya atdılar.

Beləcə, Ermənistan düz 3 ili boşa vermiş oldu. 

Təbii ki, Azərbaycan Ermənistanın məsuliyyətsiz və təxribatçı hərəkətlərinin sonunun gəlməsini gözləyən deyildi. Və ötən ilin payızında Azərbaycan İranla dəhlizin yeni variantı üzrə razılığa gəldi. Artıq Ağbənddən Naxçıvana gedəcək yeni avtomobil və dəmir yolunun inşasına başlanılıb. Hesablamalara görə, ən geci gələn ilin sonuna qədər bu dəhliz istifadəyə veriləcək. 

Azərbaycanın bu addımı təbii ki, həm Ermənistanın, həm də ermənilərin Qərbdəki havadarlarının “kürkünə birə saldı”. Məhz Azərbaycan-İran razılaşmasından sonra Ermənistan təşvişə düşdü. Və bir-birinin ardınca bəyanatlar verildi ki, Naxçıvanla Azərbaycan arasında kommunikasiyanı İranın bu əlaqəni təmin etdiyi şərtlərlə təmin etməyə hazırdır. 

Amma bu tip bəyanatlar heç nəyi dəyişdirmədi. Çünki Ermənistan yenə əvvəlki kimi iş görmür, sadəcə bəyanat verir. 

Azərbaycan konkret iş görür. 

Təsadüfi deyil ki, ötən 3 ildə Azərbaycan Horadiz-Ağbənd istiqamətində həm dəmir, həm də avtomobil yolunun inşası istiqamətində böyük işlər aparıb. Beynəlxalq standartlar səviyyəsində qurulan dəhlizdə tikinti işlərinin artıq 70 faizi görülüb. Yaxın bir ildə də qalan işlər tamamlanacaq. 

Bütün bunların müqabilində isə Ermənistan nə Mehri ərazisində, nə də Naxçıvan-İrəvan istiqamətində dəmir və avtomobil yolunun yenidənqurulması istiqamətində heç bir addım atmayıb. Təbii ki, zamanla ayaqlaşan Azərbaycan Ermənistanın astagəl davranışlarını gözləməyəcəkdi. Ona görə də artıq Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçməsi Azərbaycan üçün ikinci dərəcəli məsələdir. 

Azərbaycan buna ən yaxşı halda alternativ variant kimi baxır. Məhz bu səbəbə görə Azərbaycan bəyan etdi ki, Ermənistan ərazisindən keçəcək Zəngəzur dəhlizi üzərində hər hansı bir gömrük-keçid məntəqəsinin yaradılmasıyla razılaşmayacaq. Halbuki, 3 il qabaq reallıq və şərtlər fərqli idi. 

Yəni, ötən hər gün Azərbaycanın lehinə, Ermənistanınsa əleyhinə işləyir. 

Bu gedişlə Ermənistan daha bir qlobal layihədən kənarda qalacaq. Bu isə Ermənistan üçün böyük iqtisadi-siyasi itkidir. Ona görə də Paşinyanın ötən şənbə günü söylədiyi absurd sözlər heç bir maraq və əhəmiyyət kəsb etmir. Ermənistan Zəngəzur dəhlizinin bir parçası olmaq istəyirsə, ilk növbədə tələsməli, boş danışıqlardan real işə keçməlidir. 

Ən əsası isə Azərbaycanın diktə etdiyi şərtlərlə razılaşmalıdır. Əks təqdirdə Ermənistan daha bir tarixi şansı qaçırmış olacaq.

Surxay Atakşiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO