Avqustun 16 - da Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 90 ili tamam olur. Moderator.az avqust ayını Bəxtiyar ayı elan edib və Bəxtiyarsevərlərin yazılarını, xatirə və düşüncələrini məmnuniyyətlə saytda oxuculara təqdim edir.
İndi də Azərbaycanın canlı ensiklopediyası hesab olunan qocaman professor, Cümhuriyyət dövrümüzün yorulmaz tədqiqatçısı Şirməmməd Hüseynovun Bəxtiyar Vahabzadə ilə bağlı "Hürriyyət" qəzetinə müsahibəsini təqdim edirik:
- Şirməmməd müəllim, Bəxtiyar Vahabzadə bu millət üçün kim olub? Biz onu yetərincə tanıya bildikmi?
- Cənubi Afrikada okeanın dibindən elə nadir almazlar tapıblar ki, bəşəriyyət hələ onlardan böyüyünü tapmayıb. O almazları təbiət yaradıb. Amma onu tapanlar əslində heç özləri də bilməyib ki, tapdıqlarının nə qədər qiyməti ola bilər. Yəni o almazın qiymətini onu tapanlar yox, onun təbiətini bilənlər müəyyənləşdirirlər. Vaxtilə belə bir maraqlı hadisə olub. Ən nadir bir brilyant Hindistana gətirilib və bir hind zabiti həmin brilyantı gətirən adamdan alıb. Həmin brilyantı Avropaya aparıb baha qiymətə satmaq üçün onu baldırını əməliyyat etdirib ora yerləşdirməklə ölkədən çıxarmağa müvəffəq olub. Deməyim odur ki, hər millətin də bu cür almazları, brilyantları var və çoxları onun doğru - dürüst qiymətini bilmir. Allah yaratdığı hər millətə və onun fərdlərinə müəyyən istedad və qabiliyyət verir. Amma bəzən o toplumların içərisindən dediyim bu cür almazlar, brilyantlar da yaradıb. Min illər boyu tanıdığmız, adını eşitdiyimiz peyğəmbərlər ki, var, hansı ki, milyardlarla adam onlara səcdə edir, onlar da qeyd etdiyim həmin o brilyantlardır, yəni nadir beyin sahibləridir. Hər bir insan çəkisinin 1 - 1,5 faizini beyin təşkil edir. Ən ağır çəkili beyin iki kilo olub. Ən dahi adamların beyinlərini də çıxarıb saxlayırlar. İllər boyu alimlər tədqiqat aparırlar ki, dahilərin beyinlərinin digər insan beyinlərindən fərqi nədədir. Hətta Rocers Speys adlı amerikan alimi bu məsələyə görə Nobel mükafatı alıb. Bilirsiniz nəyə görə? Fikirləşiblər ki, insanlıq dövlət yaratmaq işini hardan kəşf edib? Dövlətin 3 ayağı var - qanunverici, icraedici və məhkəmə nəzarəti. Görəsən bunu hardan tapıblar? Həmin Rocers Speys kəşf edib ki, Ulu Yaradan hər bir insanın beynində bunun hər üçünü də yaradıb. Məsələn, tutaq ki, bədən su istəyir. Bu qanundur, İcra aparatı həmin suyu təmin edir və sən içirsən.
- Bəs o zaman məhkəmə nədir?
- Məhkəmə ağıl, zəkadır. Səni həddini aşmağa qoymur. Yəni ürəyin yanır, amma sənə deyir ki, bu qədər içməlisən, artığı ziyan edə bilər. Bu bir ilahi nəzarətdir. Yəni dövlət hər insanın beyninə Allahın hədiyyə etdiyi bu 3 prinsip əsasında yaranıb- qanunverən, icra edən, nəzarət edən. Tutaq ki, sən yolu keçmək istəyirsən və maşın gəlir. Qanun deyir ki, sən özünü qorumalısan. Icraçı da odur ki, sən gələn maşının sürətini ölçürsən görüm mən keçənədək o gəlib çatarmı? Nəzarət də odur zəka səni səhv etməyə qoymasın, maşının altına düşməyəsən. Kim ki, düşür, deməli nəzarət zəifdir. Dövlətdə də belədir. Nəzarət zəif olan kimi aləm qarışır. Bəzən millət də o cür nadir talantlar yaradır, amma öz dövründə onun qiymətini bilmirlər. Bəxtiyarı da Allah bu millətə hədiyyə kimi göndərib, amma biz hələ günü bu gün də nəyi qazanıb nəyi sonadək itirdiyimizi bilmirik. Bilirsiniz, əslində biz iki Bəxtiyar tanıyırıq. Biri məişətdən bizə tanış olan Bəxtiyardı, bir də şair, mütəfəkir Bəxtiyar var. Bəxtiyar öz ailəsində sadəcə atadır və davranışı da digər ataların davranışından fərqlənmir. Amma elə ki, gecə yarıdan keçir və ailə - uşaq yatandan sonra o biri otağa keçib yazmağa başlayanda bambaşqa Bəxtiyar olur.
- Bəxtiyar deyirdi ki, qatlayıb dizinin altına qoyar, alim Bəxtiyarı şair Bəxtiyar.
- Təbii ki, onda şairlik təkcə alimliyə deyil, hər şeyə qalib gəlir. Orda o ayrı aləmdir. Çünki bayaq dediyimiz kimi o yazmağa başlayanda beyninin şairlik istedadı olan hissəsi hərəkətə keçərək heyrətamiz fəlsəfə fışqırır. Bəxtiyarın şeiriyyatı bəzən adi sözlərlə izaholunmazdır. Adama elə gəlir ki, onun sözlərində ilahi bir ovsun, yüz il, min il sonraya hesablanmış mesaj var. Mən Azərbaycanın gəlib - getmiş şairlərinin şeiriyyətini aşağılamaq istəmirəm, yəni almazın da karatı olduğu kimi şeirlərin də karatı olur məncə. Məsələn, bir var nadir şair olasan, bir var sadəcə yaxşı şair olasan. İkinci minilliyin sonunda - 2 mininci illərin əvvəlində Amerikada, Avropada jurnalistlər belə bir sorğu keçirdilər ki, ikinci minilliyin ən böyük ixtirası və ixtiraçısı kimdir? Rəyi soruşulanların 82 faizi minilliyin ən böyük kəşfinin kitab nəşri, ən böyük ixtiraçısının da Quttenberq olduğunu dedilər. Yəni əsrlərlə insanlar əliylə yazırdılar, amma maşınla yazmaq elmin qarşısını açdı, fanatizm səddini dağıtdı. Bayaq da dedim dahilər öz zəmanəsində dərk edilməyib heç zaman. Bu təkcə Bəxtiyarla bağlı gerçəklik deyil ki. Məsələn, Belinski olmasaydı Puşkini kim tanıyırdı ki. Gərək dahinin özünün də araşdıran, onun dünyasındakı hər şeyi üzə çıxarıb təhlil edən bir adam, bir tənqidçi ola. Amma bu tənqidçinin intellektual bazası, fəlsəfi düşüncəsi Bəxtiyarın yarısı qədər ola ki, onu aça bilə.
- Bəs Bəxtiyarın Belinskisi nə vaxt zühur edəcək, 100 il sonramı?
- Onu demək çətindir. Amma bəzən təhlil bir yana, təhrif olunmuş məlumatlar da narahatçılıq yaradır və camaatı çaşdırır. İTV - də Flora Xəlilzadə var, Bəxtiyarın oğlu İsfəndiyarla oturur və atası haqqında müsahibə aparırlar. İsfəndiyar nə desə yaxşıdır? Deyir ki, “Gülüstan”x9d poemasından sonra atamı partiyadan, universitetdən çıxardılar. Mən də dedim ki, İsfəndiyar Vahabzadə, millətə yanlış informasiya vermə. Sənin atanı nə partiyadan, nə də universitetdən çıxarıblar. Həmin vaxt universitetin filologiya fakultəsinin partiya təşkilat katibi mən idim. Özü də vaxtilə yazmışdı ki, mənə partiya töhməti verdilər. O haqq dünyada, biz nahaq, o da yalandı.
-Bəxtiyar da yalan yazarmış...
- Onu yazan məişət Bəxtiyarıdır, şair Bəxtiyar belə şey yazmazdı.
- Doğrudanmı o boyda “Gülüstan”x9da görə onu incitmədilər?
- Bu məsələdə hələ də camaatımızın bilmədiyi məqamlar var. 1999 - cu ildə Həsən Həsənov Bəxtiyarın “İstiqlal”x9d kitabını buraxdırdı. Bəxtiyar o kitabda 6 poemasının adını çəkir ki, bunların mövzusunu mənə Şirməmməd Hüseynov verib. Bu barədə bir qədər sonra danışacam. Nizami dövründə nə qədər şair - yazıçı olub, onlardan birinin adı qalıbmı? 870 ildir Nizami babamız bizimlə bir yerdədir. Tarix bax budur. Niyə qızıl qiymətlidir? Bütün metalların canını oksigen alır. Amma qızıla girişə bilmir. Ona görə də Səməd Vurğun deyirdi ki,
Qızılı udsa da qara torpaqlar
Yenə qiymətini özündə saxlar.
İnsan metallar içərisində ona görə qızılı meyar seçib ki, heç bir şey onun təbiətini dəyişə bilmir.
- Bəxtiyar da bu millətin qızılı və brilyantıdır...
- Bunun zamana ehtiyacı var ki, zaman Bəxtiyarı saxlaya biləcək, ya yox.
- Bəxtiyarın Şəkidəki o balaca büstünü ziyarətə getdinizmi bu dəfə?
- Hər dəfə gələndə birinci ora gedirəm.
- O büstü mən də ziyarət elədim. Mənə elə gəldi Bəxtiyar az qala dil açıb demək istəyirdi ki, mən boyda kişiyə bu büst yaraşırmı heç? Yəqin o Sizə də oxşar gileyi edib...
- Burda bir şey də var. Bilirsiniz necədir? Bəxtiyarın Məmməd Əmin Rəsulzadəyə həsr etdiyi bir şeiri var. Onun 1990 - cı ildə yazıldığı deyilir. Amma həmin şeir bizim dövrümüzdə yazılıb. Bilirsiniz niyə? Tarixi elə qoyub ki, kimsə özünə götürməsin. Bəxtiyar yazırdı ki,
Bu torpağın özü boyda
Bu torpağa məhəbbətlə doluydun.
Bu torpağın yolunda da can qoydun
Borclu ikən Vətən sənə, xalq sənə,
Hər şey döndü tərsinə...
Qoymurlar ki, biz də verək
bu torpaqda bir məzarlıq yer sənə...
Şeirin dalı da var. Deyir ki, amma kimə heykəllər ucaldırıq. O adamlar ki, məzara gömülməlidir, onlara heykəl qoyuruq.
- Bu millət, bu Vətən Bəxtiyara sağlığında qiymət verdimi?
- Bilirsən nə təhərdi? İstedad çox böyük olanda onu yaradan elə yaradır ki, tarixin bütün keşməkeşlərindən qoruyur. Əgər yerin altında almazın formalaşmasına mane olan qüvvələr Yaradan tərəfindən dəf olunmasaydı, o dönüb brilyant olmazdı. İstedadı yaradanda onu qorumaq vərdişini də yaradır. Bax Bəxtiyarı da qoruyan ilahi qüvvə var. Ikincisi də onu onilliklər boyu yaxından tanıyan bir dostu kimi deyirəm ki, Bəxtiyarın özü də ən böyük diplomat idi...
- Yəni özünü qorumağı bacarırdı...
- Ay sağ ol. Yanına da elə adamları yığımışdı ki, az - çox Bəxtiyarın istedadını qananlar idi. Məsələn, tarixçilərdən Süleyman Əliyarov, Mahmud İsmayılov, Ziya Bünyadov idi. Dəqiq elmlər sahəsində Xudu Məmmədov, Azad Mirzəcanzadə idi. Məsələn, birlikdə gedərdik Mirzəcanzadənin kabinetinə. Saatlarla onunla elmi yeniliklərlə bağlı söhbət edərdik. Demək istəyirəm ki, onun ətrafında belə adamlar vardı. Amma indi başqa bir məqama da fikir verin. Şəkiyə gəlirdi, istəyirdi ki, beyni bir az istirahət eləsin. Bu zaman o başına kimləri yığırdı? Lotuları. Sən tanımarsan, amma adını çəkən kimi şəkililər tanıyır, Əhmədiyyəni, Kazım doktoru, daha kimləri, yəni Şəkinin lətifə uzmanlarını, yaxud əhlikef adamlarını. Mən bəzən o məclislərdə oturmaqdan imtina edirdim, oturmurdum onlarla. Deyirdim sən bu avaraların söhbətlərinə nəyə qulaq asırsan? Deyirdi indi “atkluçatsa”x9d olmuşam, o biri Bəxtiyara enerji yığıram. Yəni Bəxtiyarda belə şeylər vardı. Özünü də müdafiə etməyi bacarırdı, onu da müdafiə edənlər çox idi. İndi gəlirəm bayaq dediyin “Gülüstan”x9d poemasına. Mənə deyirdi ki, mənə bir dayaq ver, nə deyirsən yazım. Yəni tutacaq yer ver ki, mənə ilişə bilməsinlər. Mən də verdim. 1958 - ci ildə “Azərbaycan Kommunist Partiyasının tarixi”x9d kitabı çıxdı. Bizim tarixçilər ilk dəfə olaraq sözün həqiqi mənasında isbat elədilər ki, Bakı bu millətin özünün yetişdiridiyi şəhərdir. Stalinsə deyirdi ki, yuxarıdan qurulub, Bakı Azərbaycanın içindən çıxmayıb. Yəni bu millət formalaşmayıb, kapitalizm mərhələsini keçməyib, feodal patriarxal ölkəsidir, biz qurmuşuq bunu. Amma o kitab çıxanda Moskvada narahat olmağa başladılar. Tökülüşb gəldilər Azərbaycana. Məqalələr çap edərək bizi ifşa etməyə balşadılar. Hətta ermənilər axtarıb ortaya çıxarmışdılar ki, o kitabda Nərimanovun adı 260, Şaumyanın adı isə 210 dəfə çəkilir. SSRİ KP MK-nın şöbə müdiri Svastin və bütün müttəfiq respublikaların partiya tarixi arxivlərinin direktorları gəlmişdi. İstəyirdilər bizə sübut eləsinlər ki, boyunuzdan yuxarı tullanmısınız. Yəni siz kimsiniz ki, olsa - olsa Sov İKP MK-nın bir təşkilatısınız. Deyirdilər siz hardan çıxardınız ki, vaxtilə müstəqil partiyanız olub? Deyim ki, bütün bunları da Şıxəli Qurbanov təşkil etdmişdi. Stalin 56 - cı ildə ifşa olundu, Beriya həbsə atıldı, Bağırov getdi və camaatda qorxu xofu xeyli azaldı. Amma məngənə öz işindəydi və insanları, ideyaları əzməkdə, üyütməkdə idi. Görmədinizmi Şeyx Şamil məsələsinə görə yazıq Heydər Hüseynovun başına nə oyun gətirdilər? Nədi-nədi yazmışdı ki, Şeyx Şamil xalq qəhrəmanıdır və onun savaşı milli qzadlıq hərəkatıdır. Stalinsə vaxtilə böyük rus xalqının sağlığına dedi ki, kim rusun əleyhinə çıxırsa sovet ittifaqının düşmənidir. Şeyx Şamil də Rusiyanın əleyhinə çıxdığı üçün o qəhrəman ola bilməz. Yəni bircə sağlıqla münasibət 180 dərəcə dəyişdi. Həmin dediyim kitabın də 59 - cu ilin noyabrında müzakirəsi oldu. Şıxəli Qurbanov mənə dedi ki, bunlar bizi ifşa etmək üçün fürsət axtarırlar. Sən cavanların nümayəndəsi kimi çıxış edə bilərsənmi? Dedi ki, bu kitabı yazanlar indi cürət edib danışmayacaqlar. Amma sən danışa bilərsən. Bunu da nəyə görə deyirdi? Mən 54 - cü ildə Moskvada müdafiə etmişdim, 4 il orada oxuyub qayıtmışdım, odlu - alovlu vaxtlarım idi. Stalinin ifşasıyla əlaqədar universitetin partiya konfransı oldu. Birinci katib İmam Mustafayev universitetə gəlmişdi. Stalini və Bağırovu ifşa edirdilər. Halbuki bunu bir neçə il əvvəl heç kəs yuxusunda görə bilməzdi. Hətta Stalin öləndə milyonlarla insan oturub zülüm - zülüm ağlayırdı. Çünki şəxsiyyətə pərəstiş narkotik kimi bir şeydir. Məmməd Əmin deyirdi ki, şəxsiyyətə pərəstiş ictimai şüurun xərçəngidir. Sən indi görürsən ki, Şimali Koreyada nə oyun çıxarırlar?
- Ora baxanda bizə şükür...
- Bax onları o qədər inandırıblar ki...
- Beynini yeyərək manqurdlaşdırıblar da...
- Bəli. Bu xəstəlik dünyada yayılıb. Özü də bu xəstəlik Şərqdə kök salıb. Məmməd Əmin niyə prezident respublikası deyil, cümhuriyyət respublikası yaratdı? Məmməd Əmin yazırdı ki, biz min illər boyu şəxsiyyətə pərəstişlə böyümüşük, padşahlara, sultanlara, xanlara, bəylərə baş əymişik. Demişik ki, bir Allah var, bir peyğəmbər, bir padşah var. İndi də əgər biz prezident respublikası yaratsaq, o prezident bir neçə ildən sonra öz yerlilərini, öz dost - aşnasını başına yığacaq, adı olacaq prezident, özü olacaq sultan. Özü də bu zaman heç yerdə işlənməyən bir ifadə də dilə gətirib - seçkili monarxiya yaranacaq. Necə ki, Nazarbayev 5 - ci dəfə seçildi, Qəddafi 42 il idi ki, guya hər 5 ildən bir seçilirdi.
- Qayıdaq SSRİ - də Stalindən sonrakı dönəmin azadlıq havasından yaranan “Gülüstan”x9da.
- Ona gəlirəm indi. Həmin iclasda mənim çıxışım oldu. Cəmil Həsənlinin “Azərbaycanda milli məsələ 1954-59-cu illər”x9d kitabında mən deyənlərin hamısı var. Mən çıxış edərək dedim ki, burda bir məsələ qoyulub, amma müzakirəyə çıxarılan bu kitab ona görə yaxşı kiktabdır ki, biz burda öz tariximizi yazmışıq. Amma bu vaxta qədər bizim tariximizi bizi bilməyənlər, heç əlifbamızı belə oxuya bilməyənlər yazıb. Biz nə qəbahət etmişik ki, sadəcə özümüz öz tariximizi yazmışıq. Mən qəsdən Məmməd Əminin o sözünü çəkmədim ki, vaxtilə deyirdilər türklər tarix yaradandırlar, amma tarix yaza bilmirlər. Deyirdi ona görə də türklərin qəhrəmanlığını türk tarixini yazanlar vəhşilik, işğalçılıq kimi, öz işğalçılıqlarını isə qəhrəmanlıq salnamsəi kimi yazıblar. Ona görə də bu gün də Avropada türklərin obrazı cəngavər, vuran, dağıdan, yıxan bir quldur kimi qalmaqdadır. Bu çıxışım şok effekti yaratdı. Svastin Mərkəzi Komitəyə hesabatında yazırdı ki, vızıvaet udivlenie naqlıye vıstupleniye molodoqo prepodavatelya universiteta Şirmammeda Quseynova. Niyə belə yazmışdı? Çünki mən çıxışımda qara məni basınca mən qaranı basım prinsipiylə dedim ki, ki, Azərbaycan niyə İrana və ya Rusiyaya birləşməlidir, niyə Azərbaycan müstəqil dövlət olmasın ki? Dedim ki, məsələnin bu cür qoyuluşu düzgün deyil. Siz niyə bu millətin müstəqil dövlət qurmaq ideyasını əlindən alırsınız? Niyə gərək biz hökmən harasa birləşək, niyə müstəqil olmayaq? Hətta bir az qabaqdangəlmişlik edib kitab yazanları da tənqid etdim ki, niyə məsələni bu cür qoymayıblar ki, Azərbaycanın cənubu ilə şimalı birləşməsin, niyə müstəqil olmaq haqqına sahib olamayaq? Bax bu ovqat artıq “Gülüstan”x9dın yazılmasını şərtləndirirdi. 1963 - cü ildə Gülüstan müqaviləsi imzalanmasının 150 illiyi idi. Bəxtiyar da indi dediyim bu söhbətlərin də içindəydi. Bir gün söhbət edirdik, qayıtdı ki, mən “Gülüstan”x9d poemasını yazmaq qərarına gəlmişəm. Mən məsələni belə qoymaq istəyirəm ki, bizi parçalayıblar və müstəqilliyimizi əlimizdən alıblar. Burda bir haşiyəyə də çıxım. Məmməd Əmin deyirdi ki, nə təhər oldu İslam-Türk aləmində cümhuriyyət məhz Şimali Azərbaycanda yarandı? Yəni rus Azərbaycanında. Səbəbini də deyir. Deyir ki, bizim ruslarla bir millət kimi tarixən ortaq olan heç nəyimiz olmayıb. Nə dilimiz, nə dinimiz, nə adət - ənənəmiz, nə məişətimiz, nə əxlaqımız ”“ yəni bizi bir - birimizə yaxınlaşdıran heç nə yoxdur. Rus da ona görə bizi işğal edir ki, var - yoxumuzu talayıb aparsın. Milli simamızla işi isə yoxdur. Daha doğrusu, milli simamızı da udmuşdu, amma əridə bilmirdi. Yəni islam dini, milli ruh güclü idi, tarixin özü də hətta ruslardan güclü idi. Türklər 15 imperiya yaradanda hələ rusların dövləti yox idi. Məmməd Əmin də deyirdi ki, biz həmin nəsildənik. Ona görə də cümhuriyyətin yarandığnı deyir. Deyirdi ki, ən dəhşətlisi İrandır. Məişətimiz, dinimiz, musiqimiz, şeirimiz, ədəbiyyatımız eynidir, bizi farslardan ayıran bircə şeyimiz var, o da dilimiz. Fars da onu əlimizdən alıb. Yəni o dili əlimizdən almaqla millətimizi əlimizdən alır. Mən Moskvadan bax Məmməd Əminin bu cür qiymətli əsərlərinin hamısını köçürüb gətirmişdim. Bəs Məmməd Əminin 5 cildini hardan buraxmışam? Bax bunların hamısını indi sənə söhbət eləyən kimi saatlarla Bəxtiyara da etmişəm. Danışardıq, söhbətləşərdik, sonra qayıdardı ki, daha nə var, nə yox?
- “Gülüstan”x9d üçün sanballı mənbə üçün hazırlıq görürmüş...
- Hələ dalına qulaq as. Bütün bunlardan sonra qayıtdı ki, mənə bir tutacaq ver. Dedim ki, bax ən etibarlı tutacaq budur, deyim, sən də eşit. 1901 - ci ildə Lenin “İskra”x9d qəzetini buraxıb. 1901 - ci ildə gürcülər hazırlaşırdılar ki, Gürcüstanın Rusiya tərəfindən işğalının 100 illiyini bayram etsinlər. Lenin də “İskra”x9d qəzetində yazırdı ki, “Stoletiye ruskoqo ştıka v Qruzii”x9d. Lenin deyirdi ki, siz nəyi bayram edirsiniz, sürgünün və işğalın bayramını qeyd edərlərmi? Bunu sovet dövlətinin banisi Leniun yazırdı. Bunu çıxarıb verdim ki, bundan böyük tutacaqmı istəyirsən? Dedim bax Lenin deyir ki, rusların Gürcüstanı işğalının yüz illiyidir. Bizdə də rus ştıkının 150 illiyidir.
- Dövlətin banisinin sözlərindən böyük silah olarmı heç?
- Qurtardı getdi. “İskra”x9ddakı həmin məqalənin kopyasın çıxarıb verdim Bəxtiyara, dedim kim səni çağırsa ki, bu nədir yazmısan? Heç nə demə, elə bunu göstərsən susacaqlar. Ona daha bir tutacaq da verdim. Lenin Rusiyanı xalqlar həbsxanası adlandırırdı. Elə isə tarixdə öz xoşuyla həbsxanaya girən olubmu bu vaxtadək? Yəni biz könülü gedib girmişik rus boyunduruğuna?
- Sən demə, “Gülüstan”x9dın mövzusun elə bu Lenin gorbagor veribmiş ki...
-Bunu bu günədək təhlil edib ortalığa çıxaranlar yoxdur...
Ardı var...































































































