Rüstəm Behrudi: “Mən şeirlərimdən birində yazmışdım ki, gedək ölək, ya öldürək, birdəfəlik bitsin bu iş”x9d
Xeyli vaxtdır gözdən-könüldən iraq düşən, sanki mətbuatdan qaçmağa çalışan ünlü şair Rüstəm Behrudi nəhayət inadkarlığını yerə qoyaraq “Hürriyyət”x9d qəzetinə olduqca maraqlı müsahibə verib. Moderator.az həmin müsahibəni oxuculara təqdim edir:
Əvvəli bu linkdə: //moderator.az/index.php?xeber=82680
-Orta məktəbdə tədris
olunan ədəbiyyat kitablarına heç baxmısınızmı?
-Arada olub, bir-ikisinə baxmışam. Çox qəribədir, nədən
olduğunu bilmirəm, amma o dərsliklərdə mənim də bir-iki şeirim var.
-Doğrudan?
-Səhv etmirəmsə 10-11-ci siniflərin, bir də 5-ci
sinfin ədəbiyyat dərsliklərində mənim şeirlərim var. Özü də hansı şeirlərim? “Vətən”x9d,
nə bilim “Tanrı dağına yol gedir”x9d kimi şeirlərimi salıblar dərsliklərə. Amma yəqin
ki, bir azdan onları da çıxararlar.
-Tutaq ki, Nizami,
Füzuli, Nəsimi 500-1000 il əvvəlin şairləridir. Ancaq bu arada o dönəmlərdən
üzü bəri tanınan-tanınmayan, istedadlı-istedadsız, ortada olan-olmayan, yüzlərlə,
minlərlə şairlərimiz olub, ancaq bunların heç birini nə cəmiyyət düz əməlli
tanıyır, nə də adlarını çəkən var. Arada ötən əsrin əvvəlindən Mirzə Cəlil,
Mirzə Ələkbər Sabir, ortalarından da Səməd Vurğun, Hüseyn Cavid və bir də
müasirlərdən Anar, Elçin, Fikrət Qoca və s. var. Yəni nə vaxta qədər Azərbaycanın
orta və ali məktəblərində yalnız bu 5-10 nəfəri oxumaqla yetiniləcək? Bəs barəsində
danışdığımız, adı heç yerdə çəkilməyən yüzlərin, minlərin haqqında cəmiyyət nə
zaman məlumat alacaq və bu xalqın övladları onları nə vaxt oxuyacaq?
-Mənə elə gəlir ki, məsələnin bu yönünü çox düzgün
tutmusunuz. Doğrudan da çox haqlı bir məsələ qaldırırsınız. Mən də demirəm
ki, adını çəkdiyiniz və çəkmədiyiniz şair və yazıçılarımızı unutmalıyıq. Təbii
ki, bizim oxuduqlarımızın və oxutduqlarımızın içində Nizami də, Füzuli də, Xətai
də və s. də olmalıdır. Məsələnin bu tərəfi mütləq və vazkeçilməz bir
anlam daşıyır. Ancaq bunlar, indi sənin qaldırdığın məsələdə deyildiyi kimi, 11
il orta məktəb və 5-6 il də ali məktəb dərsliklərinin hamısını tutmamalıdır. Həqiqətən
də bunlar öz dövrlərindən 500-1000 il keçmiş adamlardır. Bunların
hamısını icmal şəklində verib şagird və tələbələri məlumatlandırmaq da olar. Və
bu icmallar o şəkildə olmalıdır ki, ardınca tələbələrin də, şagirdlərin də
onlarla maraqlanıb oxumaq həvəsi yaransın. Və mən hesab edirəm ki, indi ölkənin
olan-qalan bütün kitabxanalarında, hətta şəxsi kitabxanaların demək olar ki,
hamısında Nizamidən Səməd Vurğuna, Hüseyn Cavidə qədər olan bütün şair və
yazıçıların cild-cild kitabları var. Yəni, marağı olanların, bu istəkdə
bulunanların onları tapıb oxumaq problemi yoxdur. Mən həm də müəlliməm və
müəllim kimi nə dediyimin və niyə dediyimin yaxşı fərqindəyəm. Ancaq artıq Azərbaycan
üçün, bizim kütləvi oxucu kontingenti üçün itirilmiş sayılan, heç yerdə nə adı,
nə də kitabları olmayan yazıçı və şairlərimizin sayı-hesabı yoxdur və bu bir
millət, bir xalq üçün çox böyük itkidir. Bir müddət ötüb keçəcək və indi Azərbaycanda
bu məmləkətin cağdaş dönəminin şair və yazıçıları da ölüb gedəcəklər. Yəni bu o
deməkdir ki, bir neçə ildən sonra bizlərin də adı və yazıb- yaratdıqları
unudulub gedəcək.
-Bəs elə isə niyə
cağdaş Azərbaycan ədəbiyyatının incilərini yaradan, bütün halları ilə, yaxşı ya
pis, istiqlalımızın carçıları olan, müstəqillik dönəminin ədəbiyyatını yaradan
şair və yazıçıları millətin gələcəyinə sahib olacaq övladlarımıza tanıtmaq istəmirik?
-Mən demirəm ki, əski dönəmlərin, eləcə də sovet
dövrünün ədəbiyyat adamlarını tamam unutduraq, müəyyən mənada onlar da olsun və
yəqin ki, icmal şəklində də olsa, onlar cəmiyyətin oxuyan övladlarına
tanıdılmalıdır. Ancaq bunlardan sonra da ortada böyük bir nəsil var və Azərbaycan
ədəbiyyatının kasad bir ədəbiyyat olmadığı heç kəsə sirr deyil. Məsələn, o gün
mən cavan bir uşağın Ramiz Rövşən haqqında bir yazısını oxudum. Indi kim nə
deyir desin, amma Ramiz Rövşən son 100 ildə Azərbaycan ədəbiyyatına gələnlərin
sırasında şair adlandırıla biləcək 3-5 adamdan biridir. Cəmiyyətin istər yaşlı,
istərsə də cavan nəslinin qəbul edib-etməməsindən asılı olmayaraq, bu belədir.
-Hətta Rüstəm
Behrudinin özü qəbul eləməsə belə?
-Əlbəttə, mən ayrı cür düşünsəm belə, bu faktdır ki,
Ramiz Rövşən şairdir. Bu mövqedən çıxış edərək, mən üzümü cəmiyyətə və bu günün
təhsil ocaqlarında oxunan ədəbiyyatı yazanlara tutub soruşuram ki, niyə Ramiz
Rövşənin əsərləri bu dərsliklərdə yoxdur? Əgər bu adamın şeirlərini Azərbaycan
cəmiyyətinin oxuyan hissəsinin yüzdə əllisi əzbər bilirsə, daha nə lazımdır ki,
adamın yazdıqları həm də dərsliklərdə olsun, yaradıcılığı tədris olunsun. Bəs nə
vaxt olacaq, bəlkə gözləyirlər ki, Ramiz Rövşən də ölsün sonra onun adı ədəbiyyata
gətirilsin.
-Əgər Nizami azı 500 il
ədəbiyyatda öndə gəlibsə, o zaman tutaq ki, Rüstəm Behrudinin 500, bəlkə də
1000 il bundan sonra o səviyyədə ədəbiyyata gətirilmə ehtimalı olar, bəlkə də
daha çox...
-Ramiz Rövşənin gözəl bir şeiri var və o deyir ki, mənim
hətta ulu Füzulinin də yanında durub heykələ dönmək həvəsim yoxdur. Əgər adam
bu sözü deyirsə, demək onun şəxsi mənada dərsliklərə-filana düşmək ehtiyacı da
yoxdur. Amma bu millətin, bu xalqın və böyük anlamda dövlətin Ramiz Rövşənin
şeirlərini cağdaş nəslə məhz tədris vasitəsilə oxutmaq ehtiyacı var. Bir sözlə,
siz bu məsələni çox gözəl tutmusunuz və mən də o fikirdəyəm ki, Azərbaycanın
indi məktəblərdə oxunan ədəbiyyatı və bu ədəbiyyata münasibət qətiyyətlə dəyişməlidir.
-Sosial şəbəkələr kifayət
qədər sanballı və cağdaş zamanı özündə əks etdirən ədəbi nümunələrlə doludu, hətta
bəzən hamısını oxuyub çatdırmaq belə olmur. Sizcə, bu ədəbi nümunələrin və
onları yaradanların, həm də milli dövləti baxımdan rasional şəkildə istifadəsi
nə vaxt baş verəcək və bunun üçün nə etmək lazımdır?
-Bilirsinizmi, indiki ədəbi gəncliyin və indiki şair və
yazıçıların bədbəxtliyi nədədir? Məsələn, niyə bir zaman gəldi ki, biz
yaxşı-pis tanına bildik. Tutaq ki, o vaxt bir ölkədə cəmi üç dənə ədəbiyyat dərgisi
var idi: ”x9dAzərbaycan”x9d jurnalı, “Ulduz”x9d jurnalı, bir də “Ədəbiyyat və incəsənət”x9d
qəzeti. Bu dərgilər bütün ölkə boyu yayılırdı və orada, hətta bircə şeiri çap
olunan şairi də bütün Azərbaycan oxucusu tanıyırdı. Əslində sosial şəbəkələrin
bu qədər genişlənməsi bir tərəfdən cağdaş dünyaya qovuşmanın və texniki tərəqqinin
göstəricisidirsə, digər tərəfdən, dediyim kimi, bu gün küllən Azərbaycanda
tanıdılması lazım və vacib olan adamlar üçün əslində bədbəxtlikdir. Ona görə
ki, sosial şəbəkələr nə qədər çox yayılsa da, hələ də Azərbaycanda bundan
rasional şəkildə istifadə edənlərin sayı olduqca məhduddur. Tutaq ki,
orta və yaşlı nəsil ümumiyyətlə bu sistemi ya qəbul etmir, ya da artıq bunu
qavramaq istəyində, ya da bacarığında deyil. Bu biri yandan da, Azərbaycanın
ucqar əyalətlərində də sosial şəbəkələrə müdaxil olmaq faizi olduqca aşağı səviyyədədir.
Mən hesab edirəm ki, indinin özündə də həmin o dərgilər daha çox ədəbi gəncliyin,
cağdaş yazı-pozu adamlarının tanıtımı ilə daha çox məşğul olmalıdır. Əslində
indiki ədəbi gəncliyin özü də ya bilməyərəkdən, ya da yekəxanalıqdan dolayı bu
dərgilərə üz tutmur. Və nəticə etibarilə, ancaq “feysbuk”x9dda bu yazdı o bəyəndi,
o yazdı bu bəyəndi prosesi gedir. Beləcə də zaman keçəcək və nəticədə
bir-birindən başqa onları kimsə tanımayacaq. Yəni geniş oxucu kütlələrinə
və ictimaiyyətə tanıtım bazası yoxdu. Belə götürəndə, indi istər sosial şəbəkələrdə
olsun, istərsə də çap məhsulları şəklində ortaya çıxan o qədər “bezdarnı”x9d ədəbi
nümunələr və kitablar var ki, açığı bunları tanınmağından tanınmamağı
yaxşıdır.
-Və nəhayət, siz şairlərin
Allaha yaxın bəndələr olduğunu deyirlər, özünüz də “şairlər Allahın yerdəki xəfiyyələridi”x9d
deyirsiniz. Allahın xəfiyyəsi Rüstəm Behrudi Azərbaycanın pozulmuş ərazi
bütövlüyü haqqında nə düşünür, bu günlərdə Çinin baş nazirinin BMT-yə Dağlıq
Qarabağın müstəqilliyini de-yure tanıması haqqında müraciət etməsi xəbər
yayıldı. Yəni belə çıxır ki, biz burda istər hərbi, istər siyasi, istər
diplomatik, istərsə də fiziki anlamda atdanıb-düşməkdəykən...
-Dünya başqa qərarlar qəbul eləyir...
-Yox, sadəcə düşmən
yaxşı işləyir.
-Bütün hallarda əgər Çin baş nazir səviyyəsində məsələyə
bu cür yanaşma sərgiləyibsə, bu çox təhlükəli bir şeydir.
-Bəs sizin öz
intuisiyanız nə deyir? Azərbaycanın ərazi bütövlüyünün bərpası ümumiyyətlə
mümkün olacaqmı?
-Açığı son vaxtlar məni çox ağrıdan bəzi məsələlər
var. Mən həm
də azərbaycançılıqdan daha çox, turançı-türkçü bir adamam. Bu gün məni Türkiyənin
taleyi Qarabağın taleyindən daha çox narahat eləyir. Çünki təkcə Qarabağın yox,
Azərbaycanın öz taleyi də Türkiyədən asılıdır. Kim nə deyir-desin bu belədir və
zaman-zaman tarixi hadisələr də bunu sübut edib. Bu dəqiqə Türkiyə federallaşma
təhlükəsi ilə üz-üzədir, Türkiyənin ərazisində ikinci bir kürd dövlətinin
yaradılması təhlükəsi var. Və Türkiyənin özü sanki böyük bir məzarlığa oxşayır.
Bu boyda təhlükələrin qarşısında bir adamın səsi çıxmır. Hətta mən MHP-nin
başqanının və millət vəkillərinin çıxışlarını oxuyuram, elə bil ki, bunlar fil
qulağında yatıblar və Türkiyəni kürdlərə buraxıb getmək istəyirlər. Məni də
narahat eləyən budur. Indi Azərbaycanda keçirilən Avropa oyunlarının bir xeyri
olacaq ki, bu balaca ölkəni - cırtdan dövləti bütün dünyada tanıyacaqlar. Kim nə
deyir desin bu belədir, ancaq bu məsələdə bir belə təm-təraq və az qala məmləkətin
taleyini bu oyunlara bağlamaq kimi yanaşma hardan qaynaqlanır, onu başa düşə
bilmirəm. Təsəvvür edin ki, kütləvi halda respublikanın bütün idarə və müəssisələrində,
hətta özəl təşkilatlarında camaatın maaşlarından kəsərək, guya bu oyunlara xərcləndiyini
iddia edən xəbərlər dolaşır. Bu cür faktlarla və maaşından kəsilmiş adamlarla mən
də rastlaşmışam. Bu millətə bu şəkildə təm-təraq düzəltmək mənə elə gəlir ki,
cinayətdir, bütün hallarda hər nədisə, düzgün şey deyil. Azərbaycan hökumətinin
sərəncamında kifayət qədər pul da var, imkan da var, dövlətin bu qədər sərvətləri
var. O gün bir yerdə oxudum ki, son 20 ildə Azərbaycan hökumətinin kassasına
500 milyard dollar daxil olub. Bu, ekspertlərin və mütəxəssislərin yazısıdır.
Indi Azərbaycanın büdcəsi 20 milyard civarındadır və son 4-5 ilin büdcələrini,
bir də bu oyunlarla bağlı çəkilən izafi xərcləri də toplayanda aşağı-yuxarı 100
milyard dollardan söhbət gedir. Bəs 400 milyard pul hanı? Demək istədiyim odur
ki, Azərbaycan hökumətinin xalqı soyaraq bu tədbiri keçirməsinə ehtiyac yox
idi. Kim nə deyir-desin, mən inana bilmirəm ki, İlham Əliyev bu cür tapşırıq
verə. Ki, siz camaatın maaşından kəsin ki, biz burda belə böyük bir tədbir
keçirək. Deməli, burda başqa bir əl də işləyir ki, insanları hakimiyyətə qarşı
qaldırsın. Bütün hallarda bu oyunlar-filan hamısı keçib gedəcək. O ki, qaldı
Qarabağ məsələsinə, bunun həllinin tək bir yolu var. Tutaq ki, ermənilər
Xocalıda o boyda qətliam törətdilər və dünya buna nə dedi, nə kimi reaksiya
verdi? Əslində heç nə demədi və heç kimin səsi də çıxmadı. Azərbaycan hökuməti
özündə güc tapmalıdır və günlərin bir günü BMT-nin illərdi qəbul etdiyi 4
dənə qətnaməsini əldə rəhbər tutaraq, gedib Qarabağı almalıdır. Buna
bizim dövlətimizin iradəsi də, ordumuzun gücü də çatar. Deməli biz, əslində
oyun oynayırıq, dünya bizlə oynayır, biz də qanmadan dünya ilə. Bu yaxınlarda
“Qarabağdakı azərbaycanlı uşaqları”x9d barəsində bir yazı oxudum. Söhbət əlbəttə
ki, orda ermənilərdən olan uşaqlardan gedirdi. Bu baxımdan psixoloji durumum
xeyli pisləşmiş, əsəblərim gərilmişdi. Bu haqda çox yüksək səlahiyyət sahibi
olan bir nəfərlə söhbətim oldu. O mənə dedi ki, biz indiki gücümüzlə bir həftəyə
Qarabağı tam azad edə, bütün erməniləri də ordan qova bilərik, ordumuzun da
buna yetəcək qədər potensialı var. Amma o sonda dedi ki, əgər biz bunu etsək,
sonrası qaranlıq və təhlükəli ola bilər. Axı burada qorxulu nə ola bilər? Tutaq
ki, erməni gəldi və Xocalını dağıtdı, millətimizi o cür barbarcasına qırdı, nə
oldu ki? Bütün dünya bunun qarşısında susmadımı? Indi də sən get öz torpağını
azad elə. Bir daha deyirəm ki, bu məsələnin bircə yolu var, o da ondan ibarətdi
ki, Azərbaycanın prezidenti və bu işə məsul olan hamının, günlərin birində heç
kimə baxmadan qərar verib torpaqları azad etməsidir. Sonrası nə olacaq, onu da
görəcəyik. Yoxsa, belə çıxır ki, bundan sonra da 20-30 il gözləməliyik? Hər
halda mən belə düşünürəm. Mən o zaman Heydər Əliyevlə görüşdə də demişdim ki, əsgəri
girdiyi torpaqdan ancaq əsgər çıxara bilər. Indi də o fikrimdə qalıram və
doğrudan da bunun başqa alternativi yoxdur. Yəni bu qədər qanlar tökülmüş bir
yerdə sən sülhlə razılıq əldə eləyib, torpaqları azad eləyə bilməzsən. Bütün
dünyada belə bir şey olmayıb. Baxın, az qala yarım əsrdir ki, bütün dünya
İsrail-Fələstin problemini həll etməyə çalışır. Onları zaman-zaman bir masa ətrafına
oturtsalar da, hər iki tərəf ordan qalxan kimi öz işləri ilə məşğul olur,
İsrail öz işğalçı fəaliyyətini davam etdirir, Fələstin də bacardığı səviyyədə
buna qarşı durmağa çalışır. Deməli dünya güclərinə, beynəlxalq təşkilatlara və
güclü dövlətlərə arxayın olub biz bu problemi həll edə bilmərik. Elə indi
özünüz dediniz ki, Çinin baş naziri nə cür bəyanat verib. Əgər adətən belə
problemlərə yanaşmada çox ehtiyatlı davranan Çin dövlətindən də bu cür bəyanatlar
gəlirsə, demək dünyada çox qaranlıq işlər gedir, həm də bizim üçün çox təhlükəli
işlərdir bunlar. Belə görünür ki, biz də bütün bu proseslərin arxasında dayanan
rusa müti olub, onun nə edəcəyini gözləyirik. Amma zaman-zaman bir məsələ
onlarca, yüzlərcə dəfə sübut olunub ki, rus sənin düşmənindir. Yəni düşmənə bel
bağlayıb, sənə xeyir gətirəcək nəsə gözləmək böyük yalnışdır. Mən şeirlərimdən
birində yazmışdım ki, gedək ölək, ya öldürək, birdəfəlik bitsin bu iş. Yəni,
illər ötür və biz öz başımızın çarəsinə özümüz baxmalıyıq. Axı nə qədər təhqir
olunmaq olar? Biz indi sadəcə öz başımızın altına yastıq qoymaqla məşğuluq,
amma bunu da nə məqsədlə etdiyimizi bilmirəm.
Zülfüqar Hüseynzadə
































































































