Mövsümi meyvələrin qiyməti niyə ucuzlaşmır? - SƏBƏB

Hazırda oxunan: Mövsümi meyvələrin qiyməti niyə ucuzlaşmır? - SƏBƏB

78586

Bəzi meyvələrin mövsümü başa çatmaq üzrə olsa da qiymətlər “əl yandırır”. Nəinki, paytaxtda eləcə də digər iri şəhərlərdə mövsümi meyvələr istehlakçıya ötən ilin eyni dövrü ilə müqayisədə ən azı 2 dəfə baha qiymətə təqdim olunur. Apardığımız ilkin araşdırmalara görə bu ilin mart-aprel və hətta may ayının sərt keçməsi meyvəçiliyə öz mənfi təsirini göstərib.

Yağışlı-küləkli havalar həm məhsuldarlığı aşağı salıb, həm də meyvələrin yetişməsini gecikdirib.

Xaçmaz rayonundan olan fermer İmaməddin Tahirov bu il gilasın ən azı 10 gün gec yetişdiyini bildirdi. “Bu da bazarda müəyyən ajiotaj yaradıb. Şimal zonasında gilas indi-indi yetişir. Yəqin ki, gilasın qiyməti yaxın günlərdə bir qədər düşəcək. Amma bu il məhsul qıtlığı var”.

Qeyd edək ki, hazırda pərakəndə satış məntəqələrində gilasın bir kiloqramı 5-8 manat arasında dəyişir.

Albalının bir kiloqramı isə 3-5 manata təqdim edilir. Mövsümü başa çatmaqda olan çiyələyin bir kiloqramı 3.5 manatdan başlayır. Çiyələyin ən çox yetişdirildiyi Cəlilabad bölgəsindəki fermerlər deyir ki, “məhsuldarlıq bu il pis deyil. Lakin, bu il istər Rusiyaya, istərsə də Körfəz ölkələrinə ötən illə müqayisədə daha çox məhsul göndəririk. Hazırda sahələrdə kifayət qədər çiyələk var. Lakin, işçi qüvvəsinin az olduğundan hər gün istədiyimiz qədər məhsul toplaya bilmirik. Həm işçi qüvvəsinin azlığı, həm də ixracın artması daxili bazarda qiymət artımına səbəb olub”.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan kənd təsərrüfatı üzrə ekspert Akif Nəsirli isə mövsümi məhsulların baha olmasını belə izah edir ki, “birinci səbəb odur ki, son bir ildə istehlak bazarında bütün məhsulların qiyməti əsaslı şəkildə qalxıb.
 

MÖVZU İLƏ BAĞLI:

GMO-lu məhsulları necə ayırd etmək olar? – Ekspert YOLUNU GÖSTƏRDİ  


Təbii ki, kənd təsərrüfatı məhsulları da ötən illə müqayisədə ən azı 2 dəfə baha qiymətə satılır. İkincisi isə aqrar sektorda xərclər artıb. İstər gübrələrin, istər texnikanın, istərsə də işçi qüvvəsinin qiyməti yüksəlib. Ona görə də meyvələrin qiymətində kəskin bahalaşma var”.

Ekspert onu da əlavə etdi ki, “zəruri tədbirlər görülməsə qarşıdakı aylarda bütün kənd təsərrüfatı məhsullarının qiymətində kəskin artımla üzləşəcəyik. Aqrar sektora münasibət kökündən dəyişməlidir. Ən azı ərzaq təhlükəsizliyimiz üçün”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO