Bu həftə Azərbaycan nə ilə diqqət mərkəzinə düşdü? – Bir tədbirdən 5 CİDDİ MÜDDƏA

Bu həftə Azərbaycan nə ilə diqqət mərkəzinə düşdü? – Bir tədbirdən 5 CİDDİ MÜDDƏA

Hazırda oxunan: Bu həftə Azərbaycan nə ilə diqqət mərkəzinə düşdü? – Bir tədbirdən 5 CİDDİ MÜDDƏA

77641

“Bizim Barel”də ölkədə və dünyada neft-qaz ətrafında baş verən hadisələri İlham Şabanın təqdimatında diqqətinizə çatdırırıq.

Azərbaycan yayın ilk gününün gəlişi ilə enerji həftəsini yaşayır. Yəqin buna görədir ki, ilk dəfə Bakı Enerji Həftəsi keçirilir. Bundan əvvəllər də Bakıda mütəmadi neftə və qaza dair tədbirlər keçirilib. Amma bu dəfə fərqlilik təkcə dəyişən adda deyil, həmçinin enerjimizə olan marağın ab-havasında da duyulurdu.
 

MÖVZU İLƏ BAĞLI:

Neftin qiyməti sürətlə düşəcək? – Ekspert AÇIQLADI


Bakı Enerji Həftəsi özündə üç enerji tədbirini birləşdirən çoxşahəli bir meydançaya çevrilmişdi. Buraya 27-ci Beynəlxalq Xəzər neft-qaz sərgisi, 10-cu Xəzər Beynəlxalq energetika və bərpa olunan enerji sərgisi və nəhayət 27-ci Bakı Enerji Forumu daxildi. Sonuncu hər il keçirilən Beynəlxalq Xəzər neft-qaz konfransının davamçısı rolunda çıxış edən tədbir idi. 

Qeyd edim ki, iyunun 1-dən başlayan Bakı Enerji Həftəsi şənbə günü işini yekunlaşdıracaq. Və əvvəlki illərə bənzəməyən cəhət odur ki, bağlanış mərasimi Şuşada olacaq. 
Cümə axşamı Baki Enerji Forumunda çıxışı zamanı energetika naziri Pərviz Şahbazov bəyan edib ki, Azərbaycanın enerji sisteminin dinamikasını dəyişəcək transformativ proseslər baş verir, enerji tariximizdə tamamilə fərqli, yeni bir səhifə açılır. Nazirin sözlərinə görə, iyunun 4-də bərpaolunan enerji mənbələri hesabına Azərbaycanda iri tutumlu elektrik stansiyalarının tikintisinə dair yeni müqavilə reallaşacaq. 

Düzdür, nazir hansı şirkətlə müqavilənin imzalanmasını açıqlamasa da, amma elə həmin gün buna aydınlığı “bp-Azərbaycan” şirkətinin prezidenti Qəri Cons konfransda çıxış edərkən aydınlıq gətirdi.

Məlum oldu ki, söhbət uzun müddət Azərbaycan energetika nazirliyi ilə aparılan danışıqların yekunu olaraq bp-nin Cəbrayıldakı günəş elektrik layihəsindən gedir. Və burada layihəni gerçəkləşdirən təkcə Azərbaycan neftinin və qazının ən böyük hissəsini çıxaran bp şirkəti olmayacaq. O, bu layihəni tərəfdaşı ilə həyata keçirəcək. 

Onun anonsunu isə Azərbaycan Prezidenti Bakı Enerji Həftəsinin açılış mərasimində etdiyi çıxışında vurğulamışdı. “Mən çox məmnunam ki, BP bərpaolunan enerji sahəsinə maraq göstərir. Hazırda SOCAR və BP azad olunmuş Cəbrayıl rayonunda 200 meqavatdan artıq gücə malik elektrik enerjisi stansiyasının inşasını müzakirə edir və ümidvaram ki, tezliklə yaxşı nəticələr olacaq”, deyə İlham Əliyev bəyan etmişdi. Və nəticələr həqiqətən Azərbaycanı qaneedici şəkildədir.

Düzdür bizləri qane etməyən məsələlər də var və bunları da elə yüksək tribunadan Azərbaycan Prezidenti dilə gətirdi.

Diplomatik tərzdə ifadə edilən çıxışdan onu anlamaq mümkündür ki, Avropa bir tərəfdən özünün qaz ehtiyacı artıdığını vurğulayır, digər tərəfdən Azərbaycanın qaz potensialından yararlanmaqda marağını ifadə edir, amma işə gələndə sanki bu istəkləri onunla əvəzlənir ki, “Siz malınızı gətirin qapımın ağzına, sonra tərəfləri qane edəcək tərzdə sövdələşərik” mesajı verilir. Yəni bizdən “bizim xərclərimiz hesabına” yararlanmaq arzusunda olanlar var.

Baydenin məktubu. Və belə bir vəziyyətdə ABŞ prezidenti Co Baydenin Bakı Enerji Həftəsi iştirakçılarına ünvanladığı məktuba diqqət yetirməmək olmaz.

Onun məktubunu tədbir iştirakçılarına çatdıran ABŞ dövlət katibi müavinin enerji diplomatiyası üzrə müşaviri Laura Loxman bildirib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin stabilləşməsində həlledici rol oynayır.
Enerji təhlükəsizliyi ilə bağlı məqsədə çatmaq üçün Azərbaycanın rolu və əhəmiyyəti bu məktubda ciddi şəkildə Baydenin öz dilindən səsləndirilir. Bayden qeyd edib ki, Azərbaycan həm də regionda və bütün dünyada bazarların stabilləşməsi üçün trans-Xəzər əməkdaşlığının nəhəng potensialının reallaşdırılması üçün vacib əhəmiyyət daşıyır.

Trans-Xəzər əməkdaşlığının əsas qayəsi Orta Asiyadan enerji resurslarının Xəzər və Azərbaycan üzərindən Avropaya çatdırılmasıdır. Bu məsələdə də Azərbaycanın dəstəyinə ehtiyac duyulduğu hiss ediləndir. Bunlar isə kompleks şəkildə Azərbaycanın nüfuzunun regionda hələ xeyli artacağına bir işarədir.

Azərbaycan Prezidentinin mesajları. İlham Əliyev Bakı Enerji Həftəsinin açılışı zamanı ölkəmizin enerji siyasəti ilə bağlı bir sıra açıqlamalar verib:

- Rəsmi Bakı Xəzər dənizini əməkdaşlıq və sərmayələr məkanı kimi görmək istəyir; 

- Azərbaycanın karbohidrogenlərinə olan tələbat heç zaman görünmədiyi kimi böyükdür;

- Avropa qitəsində təbii sərvətlərimizlə bağlı fəaliyyətimizin genişləndirilməsi həm bizim, həm tərəfdaşlarımız üçün zəruridir;

- Avropada müxtəlif səbəblərə görə çətinliklərlə üzləşən ölkələri əlzvə enerji resursları ilə dəstəkləməyə çalışırıq;

Və nəhayət, Azərbaycanın qonşuların və uzaq bazarlardakı istehlakçıların enerji təminatında oynadığı rola görə İlham Əliyev Birləşmiş Ştatlar və Birləşmiş Krallığın hökumətlərinə minnətdarlıq ifadə edilib. Səbəbi isə ondan ibarətdir ki, “bu hökumətlər enerji siyasətimizin və fəaliyyətimizin bütün mərhələlərində bizə hər zaman böyük dəstək veriblər”, deyə Azərbaycan prezidenti bəyan edib.  

Dünya bazarı. Həftə ərzində neft qiymətləri qlobal bazarlarda yenidən kəskin dəyişkənlik nümayiş etdirdi.

Belə ki, Brent markalı neftin ən bahalı partiyası 125,08 dollara satılsa da, ən ucuz təklif 112,52 dollar qiyməti ilə yadda qaldı. Bazardakı təlatümlərə rəvac verən amillər isə məzmunca diametral fərqli olan bəyanatlar idi. 

Bir tərəfdən Avropa İttifaqı nəhayət ki, Rusiyaya qarşı elan etdiyi 6-cı sanksiya paketinə nefti daxil edə bildi, düzdür bu müəyyən istisnalarla oldu. Aİ ona hazırlaşır ki, cari ilin sonuna qədər Rusiyadan idxal etdiyi neft həcmlərini 90% azalda biləcək.

Digər tərəfdən Rusiya bunun Avropaya qarşı işləyəcəyinə dair açıqlamalar verir. Səudiyyə Rusiya neftinin istiehsal və ixrac həcmlərinin azalacağı təqdirdə bazara daha çox neft çıxaracığını açıqlayır.

Elə OPEC+ çərçivəsində bu həftə qəbul edilən qərara görə, iyuldan başlayaraq gündəlik neft hasilatı gözlənildiyi kimi 432 min barel deyil, 648 min barel artırılacaq. Amma bu heç də neftin həftə sonu qiymətlərinin azalmasına gətirib çıxartmadı.

Çünki Beynəlxalq Enerji Agentliyinin (IEA) rəhbəri Fatih Birol enerji bazarında baş verənləri şərh edərkən bildirib ki, ilin ortasında vəziyyət daha da pisləşəcək və bu böhrandan çıxmaq 70-80-ci illərdə yaşanan kəskin qiymət artımlarından daha ağrılı və daha uzun müddətdə baş verəcək.

Əlbətt ki, bu qədər mürəkkəb və ziddiyyətli informasiyalar fonunda neft gah aşağı meyllənir, gah da hərbi təyyarənin trayektoriyasına bənzər formada üzü yuxarı qalxır.  

Azərbaycana olan maraq. Bunu görmək üçün Azərbaycan Energetika nazirinin Bakı Enerji Həftəsi günlərində ölkəmizlə enerji sahəsində əməkdaşlıq etmək arzusunda olan ölkələrin hökumət üzvləri ilə görüşlərinə diqqət yetirmək kifayətdir. 

Rumıniyanın energetika naziri Virgil Daniel Popesku Pərviz Şahbazova Azərbaycandan nəinki qaz, hətta neft də almaq istəyini çatdırıb. Bu ölkə Azərbaycandan Qara dənizin dibi ilə elektrik enerjisini idxal etməkdə də maraqlı olduğunu açıqlayıb. 
İtaliyanın ekoloji keçid məsələləri üzrə nazir müavini Vannia Qava isə Azərbaycandan bu il nəinki uzunmüddətli müqavilələr üzrə qaz alacaqlarını, o cümlədən qısamüddətli, yəni spot bazar qiymətləri ilə qaz almaqda da maraqlı olduqğunu açıqlayıb.

Görüş zamanı bildirilib ki, 2022-ci ildə Azərbaycan qazının İtaliyaya ixracı 9,5 milyard kubmetr proqnozlaşdırılır, ötən il isə bu həcm 6,8 mlrd kubmetr təşkil etmişdi.

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə nazir Pərviz Şahbazovun  görüşündə Azərbaycandan qaz tədarükü məsələləri müzakirə edilib. Macarıstan tərəfinin iddiasına görə, onlar kiçik həcmdə də olsa, artıq 2023-cü ilin sonunda Azərbaycandan qaz almağa ümid edirlər. 

Bolqarıstanın energetika naziri Aleksandr Nikolov isə Pərviz Şahbazovu məlumatlandırıb ki, TAP-ın birləşdirici kəməri olan IGB  sentyabrın əvvəlində kommersiya istismarına hazır olacaq və bununla da Azərbaycan qazının bu kəmərlə nəqlinin iki ölkə arasında enerji əməkdaşlığının inkişafına təkan verəcəyi bildirilib.  

Serbiya baş nazirinin müavini – energetika və mədənçilik sənayesi naziri Zorana Mixayloviç həmkarı Pərviz Şahbazovla “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlığa dair” Saziş imzalayıblar. 

Qazaxıstanın energetika naziri Bolat Akçulakov Pərviz Şahbazovla görüşdə ölkəsinin enerji daşıyıcılarının Azərbaycan üzərindən tranzitlə dünya bazarına nəqli imkanlarının genişləndirilməsi məsələsinə toxunub və mayeləşdirilmiş təbii qazın da Xəzər dənizi vasitəsilə Azərbaycana çatdırılması müzakirə edilib. 

İndi görürsünüzmü, bir tədbir çərçivəsində Azərbaycan nə qədər onunla əməkdaşlıq etmək istəyən ölkələrlə təmas yaradır. Sərgi-konfransların ən mühüm əhəmiyyəti də elə bundan ibarətdir. Bu çox yaxşı bir müstəvidir ki, maraqları kəsişdirə bilir, ünsiyyət qurulur, danışıqlara yol açır, sonrakı mərhələlər üçün bir zəmin hazırlayır. 

SOCAR dəyişəcək. Bakı Enerji Həftəsində diqqətimi çəkən bir məqam da oldu. Bu da ölkəmizin Dövlət Neft Şirkətinin yeni rəhbərinin ilk dəfə geniş auditoriya qarşısında çıxışı idi. Onun çıxışı yığcam və konkret xarici sərmayəçilərə yönəlik məsələlərin işıqlandırılmasına həsr edilmişdi. 

SOCAR-ın prezidenti vəzifəsini icra edən Rövşən Nəcəfin çıxışında Azərbaycan ənənəvi enerji ölkəsi olsa da, enerji keçidi məsələlərinə böyük diqqət yetirdiyini açıqlayıb. SOCAR-ın 2035-ci ilə qədər olan Korporativ Strategiyasından bəhs edən R.Nəcəf bildirib ki, Dövlət Neft Şirkəti olaraq yalnız neft-qaz layihələrinə deyil, həmçinin bərpa olunan enerji mənbələri, quruda və dənizdə külək enerjisi layihələri və digər aşağı emissiyalı sahələrdə potensial bazar imkanlarını nəzərdən keçiririk.

Yəni SOCAR-ın bundan sonra hansı istiqamətdə inkişaf etməsi və necə dəyişməsinin konturları artıq açıqlandı. İndi qalır milli neft şirkətimizin gəlirliyinin artırılması məsələlərinə nail omaq. Və elə etmək ki, azalan neft həcmlərimiz fonunda o gəlirliyi kompensasiya edəcək sahələr SOCAR-ın investisiya portfelində ildən ilə çoxalsın.  

Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO