İqtisadçı ekspert, millət vəkili Vahid Əhmədov Moderator.az-a açıqlamasında ölkədəki işsizliyin səviyyəsinin aşağı salınması və özəlləşdirilmiş bir çox müəssisənin qapısından qara qıfılların asılması probleminə toxunub, çıxış yollarını göstərib:
“Özəlləşdirmə haqqında qanun qəbul olunanda də biz bu məsələni qaldırmışdıq. Qanunda göstərilirdi ki, müəyyən müddət həmin müəssisə öz profilini dəyişməməlidir. Amma çox təəssüflər olsun ki, qanuna riayət olunmadı. Nəticədə özəlləşdirilən müəssələr əldən-ələ keçdi və dağıdıldı, yaxud müəyyən başqa məqsədlər üçün istifadə edildi. Bu gün də bu hal davam edir. Misal üçün, Qubada 3 emal müəssisəsi var. Onlardan yalnız biri işləyir, o da tam gücü ilə yox. Amma ikisinin alınanadan ağzı bağlanıb qoyulub bir kənara. İqtisadiyyat və Sənaye Nazirliyi, eyni zamanda Əmlak Komitəsi bunlara nəzarət etməlidir. Yəni əgər Əmlak Komitəsi bu müəssisəni özəlləşdiribsə, sahibkardan soruşmalıdır ki, əgər işlətməyəcəkdinsə o müəssisəni niyə özəlləşdirirdin? Ona deyilməlidir ki, işlətmirsənsə o zaman biz təkrar özəlləşdirməyə çıxarırırq. Bütün bunların hamısı qanunda öz əksini tapıb. Çox təəssüf ki, qanuna əməl olunmur. Ona görə də regionlarda işsizlik daha qabarıq nəzərə çarpır. İşsizlik bölgələr üçün çox ciddi problemdir. Mən bu yaxınlarda iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevlə bu barədə xeyli söhbət etmişəm. Ona da təklif etdim ki, nəinki hər rayonda, hər kənddə çalışıb bir iş yeri,heç olmasa 20-30 nəfərin işləyə biləcəyi bir balaca müəssisə açmaq lazımdır. Məsələn, birində xalça sexi açmaq olar, o birində şirə vəya meyvə emalı sexi, bir başqasında qənnadı sexi və ya toxuculuq müəssisəsi. Yəni regionun profilinə uyğun olaraq kəndlərdə iş yerləri açılmasına çox ciddi ehtiyac var. Nazir də dedi ki, hökumət bunun üzərində işləyir, amma mən hesab edirəm ki, bir az gecikmişik."



































































































