Moderator.az-a açıqlama verən hüquqşünas Namizəd Səfərov Azərbaycanda siyasi məhbus problemi və bu problemin həlli yollarına aydınlıq gətirib:
“Çox qəribə bir dövrdə yaşayırıq. Insanları törətmədikləri cinayətə görə ittiham edirlər, onları həbsə salırlar, bir il, il yarım guya istintaq aparırlar və sonra da məhkum edirlər. Aradan bir qədər vaxt keçdikdən sonra isə guya humanist bir addım atırlar və əfv verib onları həbsdən azad edirlər. Bu qəribə proses on illərdir ki, davam edir. 20 ildir ki, insanlar etmədikləri cinayətə görə məhkum edilirlər. Onları 2-3 il həbsxanada saxladıqdan sonra əfv edirlər”.
N.Səfərovun sözlərinə görə, hakimiyyət bununla eyni zamanda bir neçə məqsədə çatmağı hədəfələyir. Ekspertin qənaətincə bu addımları ilə cəmiyyəti qorxutmağa, azadfikirliliyin qarşısını almağa çalışan mövcud rejim, həm də Qərb qarşısında siyasi divident əldə etməyə cəhd edir. Bütövlükdə baş verənləri qeyri-insani hal kimi dəyərləndirən hüquqşünas bu cür addımların yolverilməz olduğunu vurğuladı:
“Hakimiyyət sanki bununla özünə siyasi divident qazanır. Guya bununla göstərir ki, Avropa İnsan Hüquqları Məhkəməsi qarşısında siyasi məhbus hesab edilən şəxsləri azad etdik. Günahsız insanları həbs etməklə onların gözünü qorxudurlar. Onları cəmiyyətdə öz fikirlərini azad şəkildə ifadə etməkdən çəkindirməyə çalışırlar. Hesab edirəm ki, baş verənlər olduqca qeyri-insani bir hərəkətdir. Hansı ki, Azərbaycanda bu cür hallar baş alıb gedir. Baş verənləri qeyri-insani hərəkət kimi qiymətləndirir və şiddətlə qınayıram. Düşünürəm ki, problemin həlli üçün vətəndaşlarla qanun çərçivəsində davranmaq yetərlidir”.
Seymur Əliyev




































































































