Moderator.az xəbər verir
ki, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Baş direktoru Frensis Qarrinin Azərbaycana
rəsmi səfəri başlanıb. 14 may 2014-cü il tarixində ali qonaq Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Müəllif Hüquqları Agentliyinin rəhbərliyi
və kollektivi ilə birgə əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin
məzarını ziyarət etmiş, ulu öndərin məzarı önünə əklil qoyub. Qonaq görkəmli
oftolmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını da ziyarət edib.
Sonra Şəhidlər xiyabanında
vətənin azadlığı uğrunda canından keçmiş şəhidlərin məzarı ziyarət edildi, əbədi
məşəl önünə əklil qoyularaq şəhidlərin ruhu yad edilib.
Səfər çərçivəsində bu gün
Azərbaycan Respublikası Hökuməti ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında
əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanacaq. Azərbaycan Respublikasının
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Xarici İşlər
Nazirliyi və Müəllif Hüquqları Agentliyi rəhbərliyi ilə görüşəcək ali qonağın
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında
“Müasir iqtisadiyyatda əqli mülkiyyət” mövzusunda məruzə ilə çıxış edəcəyi
planlaşdırılır.
Məlumat üçün bildirək ki,
bir neçə gün öncə Təşkilatın ikinci dəfə Baş direktoru seçiləndən sonra Frensis
Qarri ilk səfərini Azərbaycana edir.
Azərbaycan Respublikası BMT-nin ixtisaslaşdırılmış hökumətlərarası beynəlxalq
təşkilatı olan Ümumdünya Əqli Mülkiyyət Təşkilatına (ÜƏMT)
1995-ci ildə üzv olmuşdur. Bu müddət ərzində ölkəmiz ÜƏMT-nin Bern İttifaqı, Budapeşt Sazişi, Haaqa Sazişi, Lokarno Sazişi, Madrid Sazişi (Nişanlar), Madrid Protokolu, Nayrobi Sazişi, Nis Sazişi, Paris Konvensiyası, Patent Əməkdaşlığı Sazişi, Fonoqramlar Konvensiyası, Roma Konvensiyası, Strasburq Sazişi, UPOV Konvensiyası, ÜƏMT Konvensiyası, ÜƏMT Əməkdaşlıq Sazişi, ÜƏMT-nin İfalar və Fonoqramlar Sazişinə qoşulmuşdur. 2006-cı il martın 3-də Bakı şəhərində
Azərbaycan Respublikası Hökuməti və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında
əqli mülkiyyət sahəsində “Əməkdaşlıq Proqramı” imzalanıb.































































































