Keçmiş müdafiə nazirinin sələfi Zakir Həsənovun
təyinatına Moderator.az saytına verdiyi müsahibəsində münasibət bildirərkən o
dövrün proseslərinə yenidən işıq salınması ortalığı bulandırdı və qarşılıqlı
ittihamlar saytımızın son 15 günlük gündəmini məşğul edən mövzulardan birinə
çevrildi. Odur ki, bəzi iddialara, ittihamlara aydınlıq gətirmək üçün keçmiş
daxili işlə naziri İsgəndər Həmidovla danışmaq zərurəti yaranmışdı.
Fürsətdən istifadə edərək ona gündəmin digər aktual mövzuları ətrafında da sual
ünvanladıq.
-Rəhim Qazıyevin Surət Hüseynovun gizli toplantıda
Etibar Məmmədovun baş nazirliyə namizədliyini irəli sürdüyü məşhur 92-ci ilin 5
noyabr görüşündə iştirak etmisinizmi? Doğrudanmı Surət Hüseynov təklif edib ki,
siz Etibar Məmmədova baş nazirlik verin, əl-ələ verək Qarabağ məsələsini
birdəfəlik həll edək?
Birincisi, noyabrın 5-ədək artıq Surət Hüseynova
iki vəzifə birdən verilmişdi və o Milli Qəhrəman adına layiq görülmüş korpus
komandiri idi. Doğrudan da artıq Surət Hüseynov böyük nüfuz sahibinə çevrilmişdi.
Odur ki, onun təklifi ilə Rəhim Qazıyevin göstərişi əsasında Hərbi Dəniz
Donanmasının Mərdəkandakı bağ evinə yığışdıq. Dəqiq xatırlamıram, ancaq səhv
etmirəmsə mən, İsa bəy, Pənah bəy, Rəhim Qazıyev və Surət Hüseynov həmin
görüşdə olub.
-Bəs Rəhim Qazıyev Etibar Məmmədovun, Şadman
Hüseynovun, Tahir Əliyevin də həmin görüşdə olduğunu iddia edir.
-Məncə başqa adam yox idi. Elə ki, Surət Hüseynov
Etibar Məmmədovun namizədliyini irəli sürdü, biz gördük ki, burda əsas niyyət
heç də Qarabağ problemini birdəfəlik həll etmək yox, vəzifə davası aparmaqdır.
Doğrusu, həmin gün mənim rəhbərlik edəcəyim başqa bir əməliyyat var idi, ona
görə də daxili işlər naziri kimi kabinetimdə olmağım lazım idi, ona görə də
həmin məşhur görüşün sonrakı məcrasını oturub gözləmək imkanım olmadığından çox
tez çıxdım.
-Surət Hüseynovun təklifi Sizi qane etmədiyindən
görüşü yarımçıq tərk etdiniz?
-Yox, mənim üçün əslində heç fərqi də yox idi. Mən
daxili işlər naziri idim, hər dəqiqə iş başında olmaq lazım idi və ona görə də
belə deyək ki, üzrlü səbəbdən sonadək otura bilmədim. Ancaq görünür elə düz
etmişəm ki, nə danışıldığını gözləmədən çıxmışam. Çünki sonralar İsa bəy dedi
ki, çox düz edib getdin, elə ən ağıllı adam sən imişsən.
-Tahir Əliyev də həmin görüşdə olmayıb?
-Məncə olmayıb. Keçmiş gündü, dəqiq deyə bilmərəm,
ancaq məncə o yox idi.
-İsgəndər Həmidovun istefa məsələsinin hansı Rusiya
rəsmisinin dilindən səslənməsi barədə də birmənalı fikir yoxdur. Rəhim Qazıyev
iddia edir ki, onun iştirak etdiyi heç bir görüşdə Rusiya müdafiə naziri Pavel
Qraçov İsgəndər Həmidovun istefa məsələsini qoymayıb. Cümşüd Nuriyevsə iddia
edir ki, Qraçov deyil, o vaxt Rusiyanın Azərbaycandakı səfiri Valter Şoniya
rəsmi Moskvanın bu istəyini dilə gətirib ki, İsgəndər Həmidov istefaya
göndərilsin, o zaman Rusiya Kəlbəcərin geri qaytarılmasına razılıq verəcək...
-Mən Cümşüd Nuriyevin bir müddət öncə mətbuatdakı
müsahibəsini özüm oxumuşam ki, Qraçov bu təklifi bir neçə dəfə səsləndirib.
-Amma indi Valter Şoniyanın adını çəkir...
-Bilirsiniz, hətta mənim özümə də kimsə bunu
desəydi istefa verməzdim, nəinki Qraçov, lap Yeltsin tələb etsəydi belə. Ancaq
söhbət mənim doğma rayonumdan getdiyinə görə dinə bilmədim. Amma bu o demək
deyil ki, başqa rayonun taleyindən də söhbət getsə analoji addımı atmazdım. Mən
nəinki Kəlbəcərin və ya başqa rayonun, hansısa bir kəndin qaytarılmasında seçim
qarşısında qalsaydım, tərəddüd etmədən nazir kürsüsünü verərdim.
-Rəhim Qazıyev iddia edir ki, 93-cü ilin 4-5
aprelində, Kəlbəcərin işğalından bir neçə gün sonra o, Pənah Hüseyn və Abbas
Abbasov Qraçovun kabinetində razılaşıblar ki, aprelin 20-də Gəncədəki 23-cü
hərbi hava-desant diviziyasının komandanının köməyi ilə Kəlbəcərin geri
alınması əməliyyatına rus qoşunları lazımi köməkliyi göstərsin. Rəhim Qazıyev
elə bir razılaşmanı sonradan Azərbaycan tərəfinin pozduğunu iddia edir. Sizin
belə bir razılaşmanın hər hansı konturlarından məlumatınız olubmu?
-Mən başa düşə bilmirəm. Ya həmin adamlar
bilərəkdən tarixi təhrif edirlər, ya da yaddaşları pozulub. Gəncədəki 23-cü
diviziya 92-ci ilin sonlarında Gəncədən köçüb getmişdi. Mən belə bir
razılaşmanın mövcudluğundan və ya kimlərinsə günahı üzündən pozulmasından
xəbərsizəm, belə bir şeyi də cəfəngiyat hesab edirəm.
-Hərəkat yoldaşlarınızdan biri də Qurban
Məmmədovdur ki, o üçüncü məhbəs həyatı dövrünü yaşayır.
-Mən bir dəfə də Qurbanın həbsinə kəskin etirazımı
bildirmişəm. Bu gün də deyirəm ki, mənə görə Qurban həbsdədirsə, deməli,
Azərbaycanın vicdanı məhbəsdədir. Mən hər zaman Qurbana Azərbaycanda haqq səsin
carçısı, qoruyucusu kimi baxmışam və onun ikrahdoğurucu ittihamlarla dəmir
barmaqlıqlar arasına salınmasını mən Azərbaycanda ədalətin, haqq səsin,
vicdanın və ləyaqətin buxovlanması kimi başa düşürəm. Eynilə Pərviz Həşimlinin
də uydurma ittihamlarla həbsi adamda ikrah hissi doğurur. Tanınmış bir
jurnalistə qarşı Bin Ladenin cangüdəni kimi davranılması, ona qarşı ağlasığmaz
zorakılıq, amansızlıq sərgilənməsi bu həbsi həyata keçirənlərin, onu
sifariş verənlərin gücünü deyil, acizliyini göstərir. Qurbana və Pərvizə də
deyirəm ki, darıxmasınlar, ya onları ordan çıxaracağıq, ya da onların yanına
gələcəyik
-Daha bir hərəkat yoldaşınız-Müsavat başqanı İsa
Qəmbər də obrazlı desək, yol üstədir. O partiya başqanlığından getmək istəsə də
gedə bilmir. İsgəndər bəy kimi 25 illik hərəkat yoldaşının qoltuğunda varis
görür?
-Nə gizlədim, mən də İsa bəyin getməsini
istəməyənlərdənəm. Başım xeyli vaxtdı yaxın qohumumun yas mərasiminə
qarışdığından çoxdandı İsa bəyi görmürəm. Mən də onunla ilk fürsətdəcə görüşüb
fikirlərimi bildirəcəm ki, hələ getmək vaxtı deyil. Amma bu heç də o demək
deyil ki, onun davamçıları yoxdur. Bu partiyada başqanlığa layiq kifayət qədər adam
var.
-Üzvü olduğunuz Milli Şuradakı həmsədrlik
söz-söhbəti qurumda ikitirəlik yaradıb. İsgəndər Həmidovun mövqeyi necədir?
Mən həmsədrliyin tamamilə əleyhinəyəm. Çünki bu
institut keçilmiş və özünü doğrultmayan yoldur. Amma mən də hesab edirəm ki, bu
qurumun tərkibinə əl gəzdirilməli və kabab iyinə gələnləri deyil, mücadilə
aparmaq istəyində olanları birləşdirmək lazımdır. Məncə Milli Şura bundan
sonra da xeyli iş görəcək və sonda istəyinə nail olacaq. Qısa zamanda bu qurum
nəyə qadir olduğunu göstərdi.
-Yeni müdafiə naziri təyin olundu. Amma az qala
ölkənin bütün hərbi ekspertləri və ehtiyatda olan zabit korpusu Baş
Qərargah rəisi Nəcməddin Sadıqovun da istefa verməli olduğunu bildirir, əks
halda orduda hər şeyin köhnə hamam, köhnə tas olacağını iddia edirlər...
-Mən hərbi ekspertlərin açıqlamalarından və
mətbuatdakı müzakirələrdən məlumatlıyam. Ancaq deyəsən, o qədər unutqan olmuşuq
ki, yaxın tariximiz belə yadımızdan çıxmağa başlayıb. Xatırladım ki, birinci
Qarabağ savaşında iki ən uğurlu hərbi əməliyyatımız olub, Biri Ağdərədə, o biri
Goranboy ətrafında, onların hər ikisinə Nəcməddin Sadıqov rəhbərlik edib. Mən
Nəcməddin Sadıqovu 21 ildir görmürəm, heç ömrümün sonunadək də onu görmək
arzusunda da deyiləm. Ancaq mənim tanıdığım Nəcməddin bacarıqlı, peşəkar
hərbçi, Jukov kimi bir cəngavər idi. Ancaq nə yazıq ki, indiki iqtidara
qoşulandan sonra hərbçi Nəcməddin dönüb oldu alverçi Nəcməddin.
-Vasyakı da yaxından tanımısınız, çiyin-çiyinə
döyüşmüsünüz. Onun yenidən Bakıya gətirilib Müdafiə Nazirliyində yüksək vəzifə
verilməsi nə anlama gəlir? Olmaya üfüqdə ikinci Qarabağ savaşı görünməyə
başlayır?
-Niyə təkcə Vasyakın adını çəkirik? Onunla bərabər
Komarov, Mudryak kimi rəşadət gösərmiş insanları xatırlamalıyıq. Mudryakın
həyat yoldaşı azərbaycanlı idi və Qarabağda can qoydu bu adam, bir müddət öncə
də vəfat edib. Komarov həm Tərtərdə, həm Goranboyda artilleriya komandiri
idi, bu istiqamətdəki uğurlarımızda onun da böyük əməyi olub. Vasyak da
milliyətcə belarusdur və kifayət qədər peşəkar, hərbi biliyə malik, döyüş
şəraitini və əməliyyat planını zərgər dəqiqliklə işləməyi bacaran qiymətli
hərbçidir. Xatırladım ki, onlar vaxtilə bu torpaqlar uğrunda rəşadətlə
döyüşsələr də sonradan hamısı bizimkilərin başının alverə qarışdığını görərək
burdan baş götürüb getmişdilər. Əgər bu hakimiyyət birinci Qarabağ savaşında
mətanət göstərmiş həmin hərbçiləri bura ikinci Qarabağ savaşına görə gətiribsə,
alqışlanmalıdır, yox əgər alverə, ordudaxili intriqalarda alət kimi istifadə
etmək üçün gətiriblərsə onlar elə gəldikləri kimi yenə də çıxıb
gedəcəklər.
-Birinci Qarabağ savaşında Sizinlə çiyin-çiyinə
döyüşmüş, sonradan bəlli səbəblərdən baş götürüb Rusiyaya qaçmış 10 minlərlə
döyüşçü bu gün həmin ölkədə məhrumiyyətlərə düçar edilib. Hər halda onların
başına gələnlərdən məlumatlısınız.
-Ordakı soydaşlarımıza göstərilən amansızlıq və
bizim hakimiyyətin buna ögey münasibəti adama çox yer eləyir. Heç bir millətin
başına açılmayan oyun Rusiyada azərbaycanlıların başına gətirilir. Tək Orxan
Zeynalov məsələsi deyil ki. İllərdi buna oxşar olaylar demək olar ki, hər
gün yaşanıb, amma səsin çıxaran olmayıb.
-Siz də daxili işlər naziri olmusunuz. Heç nə
vaxtsa kabinetinizə ağır cinayət törətmiş şəxsi gətiriblərmi?
-Axı buna nə ehtiyac var? Nazir həmin cinayətkarın
sifətinə baxmalıdırmı? Bunun üçün qanun və cəza var. Tam məsuliyyətlə deyirəm
ki, nazir işlədiyim dövr nə qədər qanlı-qadalı olsa və cinayətkarlar bizə
rahatlıq verməsə də heç vaxt heç bir cinayətkarı kabinetimə gətirtməmişəm.
Orxan Zeynalovu Rusiya daxili işlər nazirinin kabinetinə gətirib alçaltmaq da
sadəcə “pokazuxa” idi və bununla bütün azərbaycanlıları alçaltmaq istədilər və
buna nail oldular. Bununla biz azərbaycanlılara qarşı nə qədər patoloji nifrət
bəslədiklərini çılpaqlığıyla ortaya qoydular.






























































































