Kinodan getdikdən təxminən yeddi il sonra İen Somerhalder Hollivuddan ayrılmaq qərarını niyə verdiyini ilk dəfə açıq şəkildə danışıb.
Bizim.Media xəbər verir ki, "Vampir gündəlikləri" serialının ulduzunun sözlərinə görə, buna səbəb kino sənayesinə qarşı dərin məyusluq olub.
"Haley on the Go" podkastında 47 yaşlı aktyor etiraf edib ki, onun üçün dönüş nöqtəsi təkcə rol almadığı, həm də prodüseri olduğu "V Wars" serialı üzərində işləmək olub.
"Mən "V Wars"u çəkmək istəyirdim, çünki ilk dəfə vampir yox, alim rolunu oynayırdım. Biz layihə üzərində demək olar ki, bir il işlədik, lakin nəticədə serial elə bir hala düşdü ki, ona baxmaq qeyri-mümkün idi", – deyə Somerhalder bildirib.
Aktyor nəticədən o qədər narazı qalıb ki, hətta studiyaya aldığı qonorarı geri qaytarmağı təklif edib.
"Mən dedim: "Adımın bu layihə ilə hallanmasını istəmirəm. Sizə pulunuzu, milyonlarla dolları qaytaracağam". Onlar sadəcə nə danışdığımı anlamırdılar", – deyə o xatırlayır.
Somerhalderin sözlərinə görə, "Netflix" ona və komandasına serial üzərində yaradıcı nəzarəti verməyə razılaşıb, lakin əlavə maliyyə ayırmaqdan imtina edib. O zaman aktyor prodüser Ceyms Qibb ilə birlikdə materialın bir hissəsini yenidən çəkmək üçün müstəqil şəkildə 6 milyon dollardan çox vəsait toplayıb.
"Biz cəmi altı gün ərzində təxminən on saatlıq yeni səhnələr çəkdik. Mən imkanlarımın hüdudunda işləyirdim və nəticədə xəstəxanaya düşdüm", – deyə o etiraf edib.
Premyeradan sonra serialın uğurlu startına baxmayaraq, "V Wars" tezliklə bağlandı. Aktyorun iddia etdiyinə görə, buna səbəb rəhbərlik daxilindəki münaqişələr olub.
"Mənə dedilər ki, serial bağlanmamalı idi, amma onu geri qaytarmaq artıq mümkün deyil, çünki bu, təhlükəli bir presedent yaradardı", – deyə Somerhalder bildirib.
Məhz həmin vaxt o, həyatını birdəfəlik dəyişmək qərarına gəlib.
"Güzgüdə özümə baxdım və həyat yoldaşıma dedim: "Mənim 40 yaşım var. Həyatımın iki ilini sərf etmək, bir il pulsuz işləmək və başqalarının hesabına özlərini təsdiq edən insanların qərarlarından asılı olmaq istəmirəm". Mən sadəcə getdim. Bununla da hər şey bitdi", – deyə aktyor bəyan edib.
Bu gün İen Somerhalder həyat yoldaşı Nikki Rid ilə birlikdə Kaliforniyadakı fermasında yaşayır, özünün ekoloji və biznes layihələri ilə məşğul olur və demək olar ki, ekranlarda görünmür.
Bizim.Media

































































































