Əbülfəz Elçibəylə son görüşüm ölümündən 2 ay əvvəl olub. Həmin gün söhbətimiz 5 saat davam etdi. Bu 5 saat ərzində çox şeyləri müzakirə etdik. Azərbaycan xalqı və onun gələcəyi həmişə Elçibəyi narahat edib. Bu görüş tamamilə fərqli idi. Çünki bu görüşdə Əbülfəz Elçibəy ilk dəfə olaraq çox şey barəsində etiraf etdi” ”“ bu fikirləri Azərbaycan Respublikasının keçmiş təhsil naziri, filologiya elmləri doktoru Firudin Cəlilov deyib.
F.Cəlilov qeyd edib ki, ilk dəfə Elçibəy bir çox şeylərdə səhv etdiyi üçün peşmanlıq çəkdiyini bildirdi. “Əsas peşmanlığı vəzifəyə gətirdiyi insanlarla bağlı idi. Onların səhlənkarlığı və bacarıqsızlığı Əbülfəz Elçibəyin hakimiyyətdən getməsinə və taleyinin bu cür olmasına səbəb oldu. Həmin illərdə bir çox nazirlərdən narazı olduğum üçün mən Elçibəylə danışmırdım. Sonralar başa düşdüm ki, Əbülfəz Elçibəy özü mənimlə vidalaşırmış”.
Keçmiş nazir onu da əlavə edib ki, bugünkü Azərbaycan demək olar ki Elçibəyin uğurudu. “Əbülfəz Elçibəyi tələbəlik illərindən tanıyıram. Ancaq bu gün onun 75 illiyi dövlət səviyyəsində qeyd olunmur və onun xatirəsinə lazımı hörmət qoyulmur. Elçibəyin Azərbaycanla bağlı həyata keçirtmək istədiyi çox planları vardı. Təəssüf ki, həyatdan çox tez getdi. Mən bu gün buna çox sevinirəm ki, Azərbaycan xalqı Elçibəyi unutmayıb və son dərəcə çox sevir. Bu məni çox sevindirir”. (simsar.az)































































































