Sənin zülfün kimi gündüzüm qara...

Sənin zülfün kimi gündüzüm qara...

Hazırda oxunan: Sənin zülfün kimi gündüzüm qara...

152495


ADIN ÇAT-ÇAT ETDİ DODAQLARIMI

Yanında günahım olmadığından,
Sən məni heç zaman əfv eləməzsən.
Məni öldürərsən min əzab ilə,
məni birdəfəlik məhv eləməzsən.

Adın çat-çat etdi dodaqlarımı,
həsrətin qurutdu budaqlarımı.
Götür bu payızın yarpaqlarını
səp mənim ömrümə, səhv eləməzsən.

Allah bəndəsiyəm, mələk deyiləm,
Sənə nəfəs qədər gərək deyiləm.
Sinəndə döyünən ürək deyiləm,
mən ölüb gedərəm, off eləməzsən.

SƏNİN ZÜLFÜN KİMİ GÜNDÜZÜM QARA

Min ildi süzgəcdən keçirməkdəyəm,
min ildi bu baxtın suyu durulmur.
Yanvarı, fevralı qara qar verir,
çiçəyi açılmır, mayı durulmur.

Ömrün ilməsidi qaçıb sökülən,
səbrin qalasıdı uçub tökülən.
Suyunu gözümdən çəkib tökürəm,
canımda qazdığım quyu durulmur.

Sənin zülfün kimi gündüzüm qara,
ürəyim sinəmdə çəkilir dara.
Min ildi bürünüb ayrılıqlara,
bu ömrün bir yarpaq Göyü durulmur.


ALLAH, BU ADAMIN AYAÄžI YOXDU...

Allah, bu adamın ayağı yoxdu,
ötən günlərini haqlaya bilsin.
Və bir gözəl günün əlindən tutub
yanında ömürlük saxlaya bilsin.

Oturub içini yeyir bu adam,
bu günə "Min şükür!" deyir bu adam.
Bir qapı yiyəsi deyil bu adam,
onu aça bilsin, bağlaya bilsin.

Yağsız çıraq kimi sönür dözümü,
xəzan yarpağına dönür dözümü.
Öldür bu adamı, amma gözünü
sağ saxla, özünü ağlaya bilsin.

Yavər Həsən
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO